- Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Hacıqabul rayon komitəsinin sədri İlhamə Babayeva 1968-ci ildə Şirvan şəhərində anadan olub. Orta təhsilini doğulduğu rayonda başa vurduqdan sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub və universiteti əczaçılıq ixtisası üzrə bitirib. O, ilk təyinatla Şirvan şəhərində Mərkəzi Şirvan Aptekində provizor kimi əmək fəaliyyətinə başlayıb. Aptek şəbəkələrində işləyən İlhamə xanım 2022-2024-cü illərdə Şirvan şəhər Gənclər və İdman İdarəsinin Tibbi Bədən Tərbiyəsi dispanserinin baş həkimi vəzifəsində çalışıb. 2024-cü ildə isə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Hacıqabul rayon komitəsinə sədr seçilib. İlhamə xanımın verdiyi məlumata görə hazırda komitənin 377 üzvü və 35 nəfər də QEM həmkar üzvü vardır.Onu da qeyd edək ki,İlhamə xanım 2019 cu ildən Əzzaçılar klubu ictimai Birliyinin Şirvan şəhər koordinatörüdur."Səhiyyə işçilərinin əmək hüquqlarının müdafiəsi, qorunması bizim bilavasitə borcumuzdur" – deyən sədr onu da bildirdi ki, komitə tərəfindən müəyyən yaş həddini keçmiş işçilər üçün ad günü yubileylərinin təşkili və onlara hədiyyələr verilməsi, həmçinin Tibb İşçiləri Günü, Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı və digər tədbirlərin təntənəli şəkildə keçirilməsi artıq bir ənənə şəklini alıb. Hacıqabul səhiyyəsində 1 şəhid ailəsi və 1 şəhid bacısı işləyir. Onlara həmişə diqqətlə yanaşılır və Zəfər Bayramında isə xüsusi diqqət yetirilir. Komitə tərəfindən üzvlərin sağlamlığı da daim diqqət mərkəzindədir. Hər bir komitə üzvü onlayn müraciət ilə istənilən istirahət zonalarına gedə bilirlər. Hacıqabul MRX-nın direktoru Xəqani Abbasovun rayon səhiyyəsinə göstərdiyi xüsusi diqqət də danılmazdır. Onu da qeyd edək ki, İlhamə xanım həm də dərman vasitələrinin təhlükəsizliyinə, əlavə təsirlərinə və keyiyyətinə nəzarət edən, eləcə də bu məlumatların aidiyyəti qurumlara vaxtında ötürülməsini təmin edən səlahiyyətli mütəxəssis olaraq Hacıqabul xəstəxanasında Farmakonəzarət üzrə məsul şəxs vəzifəsində çalışır. Bu isə onun öz sahəsi üzrə peşəkar mütəxəssis olmasının daha bir göstəricisidir. İlhamə xanım öz söhbətində xüsusi olaraq vurğuladı ki, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə xanım Muradova bizim səhiyyə işçilərimizə xüsusi diqqət yetirir. Ötən il Hacıqabulda Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə səhiyyə işçiləri arasında "Sağlamlığa doğru qaç" adlı qaçış yarışı keçirilməsi ən yaddaqalan tədbirlərdən biridir. Rayonun İcra başçısı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri, Mərkəzi rayon xəstəxanasının baş həkimi və digər 6 regiondan olan səhiyyə işçilərinin iştirakı ilə keçirilən bu tədbirin önəmi çox böyükdür. Elnarə xanım Muradovanın da dediyi kimi, bu cür tədbirlər təkcə idmanı deyil, həm də həmrəyliyi və sağlam həyat tərzini təşviq etməsi ilə təqdirəlayiqdir. Çünki tibb işçiləri öz sağlam həyat tərzi ilə cəmiyyətə nümunə olmalıdır. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan bu idman tədbiri tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyırdı. "Hacıqabul rayonunda səhiyyə işçilərinin hüquqlarının qorunması, sosial müdafiəsi və tədbirlərin təşkili ilə yerli Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası məşğul olur. Bu qurum mərkəzləşdirilmiş şəkildə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə tabedir. Yerli komitə rayon səviyyəsində işçilərin əmək hüquqlarını qoruyur, istirahət təşkil edir və idman yarışları kimi sosial layihələr həyata keçirir" – deyərək məlumat verir İlhamə xanım. Tanışlıq üçün onu da deyək ki, İlhamə xanım yüksək ixtisaslı bir mütəxəssis olmaqla yanaşı, həm də məsuliyyətli bir ana, nümunəvi bir ailə sahibidir. 2 övlad sahibi olan İlhamə xanımın oğlu Məhəmməd Babayev Türkiyəki İstanbul Gedik Universitetində magistirdir. Digər oğlu Əli Babayev isə Bakı Dövlət Universitetində təhsil alır. Bu, onun göstəricisidir ki, İlhamə xanım yalnız öz əməyi ilə deyil, övladlarının da yüksək ixtisaslı bir mütəxəssis olaraq cəmiyyət üçün çalışmaları ilə hər zaman xalqına, vətəninə xidməti özünə borc bilən vətənpərvər bir insandır.
Gülağa CƏFƏROV,
Keçmiş SSRİ və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Daxil olundu: 26.05.2026 » Oxundu: 273
