XX əsr Azərbaycan xalqının tarixində möhtəşəm, əlamətdar hadisələrlə zəngindir. Bunlardan biri də hər il may ayının 28-i respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.

Xalqımızın azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəsinin şanlı tarixinə qızıl hərflərlə yazılmış 28 may  1918-ci il hər bir Azərbaycan vətəndaşının qürur duyduğu, fəxarət hissi ilə andığı tarixidir. Əsrlər boyu azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı keçən əsrin əvvəllərində, yəni 1918-ci ilin 28 may günündə arzusuna yetdi. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublika dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olmaqla Şərqin ilk demokratik respublikasının özülünü qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ –  dövlətçilik tariximizdə şanlı bir hadisə oldu.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın özünüdərk, milli oyanış və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana gəldi. Azərbaycan Xalq Cümhuriyyəti həm də xalqımızın siyasi cəhətdən intellektual və mədəni səviyyəsinin, yüksək istedad və qabiliyyətinin bariz nümunəsi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində – Əlimərdan bəy Topçubaşov, Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların böyük xidmətləri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini vəhdət şəkildə birləşdirən yeni dövlətçilik nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturunın qurulması və s. kimi işlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını daha bariz şəkildə göstərdi. Lakin bütün bunlara baxmayaraq, düz 100 il bundan öncə yaradılmış müstəqil Azərbaycanın taleyinə sən demə o zaman uzunömürlülük yazılmayıbmış. Belə ki, ilk cümhuriyyətimizin yaranması tarixin dolaşıq vaxtına düşdüyü üçün müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı. Ruhən azad olan bir xalqı heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz itirilmiş haqqının – azadlığının, müstəqilliyinin və bütövlüyünün yenidən geri qaytarılmasını istədiyi üçün xalqımız nə qədər təzyiqlərə məruz qalıb torpaqlarımız işğal olunsa da tutduğu haqq yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini qazandı. Yenidən müstəqillik qazanmasına baxmayaraq, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi nəticəsində müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın təkidli çağırışı ilə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və beləliklə, Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoymaqla çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı. Azərbaycanın son 25 ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində ölkənin  ictimai-siyasi həyatında baş verən dirçəliş müasir müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı müstəqil dövlət quruculuğunun bərpasına aparan yol öz başlanğıcını əslində 1969-cu ildən-dahi rəhbərin 1-ci dəfə hakimiyyətə gəldiyi vaxtdan götürmüşdü.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Ölkə daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün həyatını öz xalqının rifah halının yüksəlməsinə bəxş edən ümummilli liderin memarı olduğu müstəqil Azərbaycan möhtərəm prezidentimiz İlham Əliyev cənablarının gərgin, yorulmaz səyləri sayəsində daha da inkişaf etdirilir ki, sələflərin ruhu hər zaman şad olsun. Məhz buna görə də 2018-ci il respublikamızda “Cümhuriyyət ili” elan olunmuş, bu istiqamətdə tədbirlər planı hazırlanaraq həyata keçirilir. Bu isə xalqımız və onun dövlət başçısının 100 illik müstəqil dövlətçilik ənənəsinə olan böyük sevginin əyani sübutudur. Yaşasın müstəqil Azərbaycan!

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Hacıqabul

Rayon Komitəsinin sədri Kifayət Əmirbəyova

Daxil olundu: 05.10.2018 » Oxundu: 1687
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!