
"Ölkəmizdə seçkilər müasir standartlara uyğunlaşdırılmış, ədalətli, şəffaf və demokratik keçirilməsinin təminatı üçün bütün mövcud şərait yaradılmışdır. Ümumiyyətlə, seçkilər ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir. Elə ona görə də xalq hər bir seçkiyə böyük məsuliyyətlə yanaşır, mütəşəkkillik və ruh yüksəkliyi nümayiş etdirir. Hər bir seçkidə yüksək fəallığın müşahidə olunduğu 64 saylı Sabirabad ikinci Seçki Dairəsində də seçkilər demokratik, ədalətli və şəffaf qaydada aparılır. Seçicilərin öz səslərini sərbəst şəkildə vermələri üçün bütün lazımı qaydalara əməl olunur. Bu isə sonda öz müsbət nəticəsini verir. Ən əsası isə vətəndaşda necə azad, demokratik, güclü bir ölkədə yaşamasının qürurunu yaşadır. Bütün bunlar isə bizə Ulu Öndərimiz Heydər Əliyevdən miras qalıb.
Ümummilli Liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün də onun layiqli varisi – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ölkə Prezidentinin Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə verdiyi töhfələr göz önündədir. Ən əsası isə Ali Baş Komandan olaraq ordunun başı üzərində durub onu Böyük Zəfərə çatdırması və sərkərdəlik qabiliyyəti ilə 30 ildən artıq düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsi haqlı olaraq tariximizin qızıl səhifəsinə çevrildi.
Bu gün ölkəmiz müstəqil dövlət olaraq mətinliklə irəliləyir, inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun söz sahibi olan ölkəsi kimi nüfuzunu yüksəldir. Ulu Öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyevin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan onun həmişəyaşar ideyalarından ilham alaraq gələcəyə doğru inamla addımlayır".
Bu sözləri 64 saylı Sabirabad ikinci Seçki Dairəsinin sədri İlkin İmanov söylədi. O, artıq üç ildir ki, bu vəzifədə çalışır.
müəllim 5 may 1983-cü ildə Sabirabad rayonunda dünyaya gəlib. Orta təhsilini də doğulduğu rayonda başa vurub. 2004-cü ildə isə Azərbaycan Beynəlxalq Universitetini bitirib və elə həmin ildən əmək fəaliyyətinə başlayıb. O, 2008-2021-ci illərdə 63 saylı Sabirabad birinci Seçki Dairəsində işləyib. 2021-ci ilin avqust ayında isə hazırda işlədiyi 64 saylı ikinci Seçki Dairəsinə sədr təyin edilib.
Rəhbərlik etdiyi Seçki Dairəsi haqqında geniş məlumat verən İlkin müəllim bildirdi ki, burada 45 min 980 nəfər seçicisi vardır. Dairə 15 nümayəndəliyə xidmət edir. Rayonun Nizami, Çöldəllək, Şəhriyar, Xələfli, Nəsimi, Rüstəmli, Hacıbəbir, Əliləmbəyli və bir neçə kəndləri bu nümayəndəliklər sırasındadır. İlkin müəllim onu da qeyd etdi ki, seçkilər zamanı nümayəndəliyin bütün seçiciləri həmişə fəal olub və ərazidə heç vaxt qanun pozuntusu baş verməyib. "Dairəmizin seçiciləri bütün seçkilərdə həmişə nümunəvi olublar" – deyən İlkin müəllim onu da bildirdi ki, söz və səs azadlığı hər bir seçicinin mənəvi haqqıdır və müdaxilə etməyə heç kəsin ixtiyarı yoxdur.
İlkin müəllim bacarıqlı rəhbər işçi, yüksək ixtisaslı bir mütəxəssis olduğu kimi, həm də məsuliyyətli bir ailə başçısıdır. Ocağında bir oğul və bir qız övladı yetişir. Valideyn olaraq ən ümdə vəzifəmiz övladlarımızı vətənə, torpağa, xalqımıza layiqli, cəmiyyətə yararlı şəkildə boya-başa çatdırmaqdır, – deyir.
G. Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü