Qazax rayonu Şamo Çobanov adına Ağköynək tam orta məktəbin direktoru Rasimə Carçıyeva 1963-cü ildə Qazax rayonunun Çaylı kəndində dünyaya gəlib. Orta təhsilini də məhz doğulduğu kənddə alıb. Hələ uşaqlıqdan müəllim olmaq arzusu ilə yaşayan Rasimə xanım orta məktəbi bitirdikdən sonra Azərbaycan Xarici Dillər İnstitutuna qəbul olub və 1987-ci ildə ali təhsilini alman və ingilis dili ixtisası üzrə başa vurub. O, elə həmin il Qərbi Azərbaycanın Krasnoselsk rayonunda pedaqoji fəaliyyətə başlayıb. Lakin bir müddət sonra məlum hadisələr səbəbi ilə təyinatını geri götürərək Qazax rayonunun Yuxarı Əskipara kəndində müəllimlik fəaliyyətini davam etdirib.

Rasimə xanım rayonun 1 saylı orta məktəbində 10 il təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Üç dəfə direktorların işə qəbulu üzrə imtahan komissiyasından keçsə də, münasib məktəblərə yer olmadığından ehtiyat kadr kimi gözləməli olub. Ailə vəziyyəti ilə əlaqədar olaraq uzaq kənd məktəblərinə gedə bilməyib. Nəhayət, bir vaxtlar həyat yoldaşının silahdaşı olmuş şəhid Şamo Çobanovun adını daşıyan məktəbə direktor təyin edilib.

Rasimə xanım həyat yoldaşı, I Qarabağ müharibəsi qazisi Çingiz Məmmədovun 1990-cı illərdə başına gəlmiş bir hadisəni söylədi. Bildirdi ki, polis işçisi olan Çingiz Məmmədov vətənpərvər bir oğul kimi torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə qoşulub. Bir dəfə erməni daşnakları onların avtobusunun qarşısını kəsərək atışmaya başlayıblar. Bu zaman böyük şücaət göstərən polis işçisi Şamo Çobanov və avtobusun sürücüsü şəhid olublar. Çingiz isə çoxsaylı güllə və qəlpə yarası alsa da, döyüşü davam etdirib. Nəhayət ermənilərin layiqli cavabını verərək onları geri oturtmağa nail olublar. Çingizi və digər yaralıları götürmək üçün hadisə yerinə helekopter gəlib və onları Bakıya – hospitala aparıb. Çingiz Məmmədovun döyüşdə göstərdiyi şücaət dövlətimiz tərəfindən yüksək dəyərləndirilib və o, "İgidliyə görə" medalı ilə təltif edilib. Müalicəsi üçün o vaxtkı Daxili işlər nazini Məhəmməd Əsədov lazımınca köməklik göstərib. Çingiz Məmmədov sonralar da Moskvada və İranda müalicə olunsa da, həkimlər onun sağlamlığını tam bərpa edə bilməyiblər. Hazırda I Qarabağ müharibəsi veteranı adını şəhərflə şərəflə daşıyır.

Çingiz və Rasimə xanımın ocağında 2 oğul övladı doğulub, boya-başa çatıb. Hər ikisi ali təhsilli mütəxəssisdir. Oğlu Abdulla Məmmədov gömrük sistemində, digər oğlu Afiq Məmmədov isə "Sokar"da çalışır.

Məktəb haqqında ətraflı məlumat verən Rasimə xanım bildirdi ki, bu təhsil ocağının 64 müəllim və 478 şagird kontingenti var. Burada təhsilin standartlara uyğun şəkildə tədris olunması üçün hər cürə şərait vardır. Buradakı geniş idman zalı şagirdlərə peşəkar idmanla ciddi məşğul olmaq imkanı yaradır. Rasimə xanım xüsusi olaraq qeyd etdi ki, bir avtobus soydaşını qoruyaraq şəhadətə yüksələn Şamo Çobanov kimi qəhrəman bir polis işçisinin adını daşıyan məktəb tədrisdə də, təlim-tərbiyədə də şəhidin adına layiq olmalıdır. Bunun üçün isə bütün pedaqoji kollektiv əlindən gələni əsirgəmir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 22.01.2022 » Oxundu: 1221
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!