"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ilin noyabr ayında Xıl bələdiyyəsində də dəyişiklik edilib və rayonun Sirəbil, Sərçuvar, Təzəkənd və Xıl kəndlərinin bələdiyyələri birləşərək Xıl bələdiyyəsi yaradılıb. Bələdiyyənin sədri İsmayıl Şahmarovdur. O, 1961-ci ildə rayonun Sirəbil kəndində dünyaya göz açıb.Hələ orta məktəbdə oxuyarkən müəllim olmaq arzusu ilə yaşayıb. Elə buna görə də ali təhsil almaq üçün Pedaqoji Universitetə qəbul olub. Pedaqoji fəaliyyətə doğulduğu rayonda başlayan İsmayıl müəllim 31 il məktəb direktoru vəzifəsində çalışıb. Son bələdiyyə seçkilərində isə Masallı rayon Xıl bələdiyyəsinə sədr seçilib. Ümumilikdə bələdiyyə ərazisində 8 minə yaxın əhali olsa da, təkcə Xılda 6 minə yaxın əhali yaşayır. Bələdiyyə bu insanların daha rahat yaşaması, firavanlığı üçün əlindən gələni əsirgəmir. Kəndarası yolların kənarı zibildən təmizlənir, yollara qum-çınqıl döşənir, qəbiristanlıqlar alaq otlarından təmizlənir və s. Bələdiyə ərazisində yaşayan sakinlərə mövcud şəraitin imkan verdiyi dərəcədə maddi və mənəvi yardımlar göstərilir. Həmişə diqqət mərkəzində olan şəhid ailələri ilə yanaşı, aztəminatlı və imkansız ailələrə də maddi yardımlar edilir. Kənddə tək yaşayan yaşlı qadına bələdiyyə tərəfindən hər zaman nəzarət olunur və onun dərmanları, ərzaqları alınaraq evinə gətirilir. Qadının sənədləri hazırlanıb və Sosial müdafiə fonduna təqdim edilib. Artıq onun yaşayışını təmin etmək üçün ayda 200 manat verilməsi təsdiqlənib. Xılda yaşayan digər bir tək qadının çəpəri yıxılıb, həyətinin səliqəyə salınmasına ehtiyac vardır. Bu günlərdə həmin qadının həyətində təmir işləri aparmaq və çəpərini yeniləmək nəzərdə tutulub. Xıl bələdiyyəsinin sakinləri vətənpərvərliyi hər zaman yüksək qiymətləndirir, torpaq, yurd sevgisini hər şeydən uca tuturlar. Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün inşa edilmiş abidə kompleksi bu diqqət və ehtiramın bariz nümunəsidir. Bu abidənin önündə hər il anım mərasimləri keçirilir, önünə tər çiçəklər düzülür. Kənd sakinləri Xıl kəndində doğulmuş Birinci Qarabağ müharibəsi şəhidi Milli Qəhrəman Elşad Hüseynovla, 44 günlük Vətən müharibəsi şəhidi, adına Xıl kəndində küçə verilmiş Elgün Mikayıllı ilə, Sərçuvar şəhidi Səməndər İsgəndərovla, 1 Qarabağ müharibəsi şəhidi, hazırda adını daşıyan təhsil aldığı Təzəkənd orta məktəbində büstü ucaldılmış Rövşən Nəbiyev və digər şəhidlərimizlə hər zaman fəxr edib, xatirələrini əziz tutublar. Xıl bələdiyyəsi tərəfindən nəinki şəhid ailələrinə, həmçinin qazilərə və müharibə veteranlarına da hörmətlə yanaşılır, arzu və istəkləri imkan daxilində nəzərə alınır. Bu yaxınlarda ərazidə yaşayan qazilərə həyətyanı torpaq sahəsi verilib. Burada, eyni zamanda, icarəyə verilmiş torpaq sahələri də vardır. Yaxın gələcəkdə bələdiyyənin görəcəyi işlərin planında kənd yollarının asfaltlaşması vardır. Həmçinin Təzəkənd kəndində şəhid adı daşıyan küçənin 250 metrlik məsafəsinin asfaltlanması nəzərdə tutulub. İsmayıl müəllim söhbətində onu da qeyd etdi ki, bələdiyyənin DSMF-yə olan borcu tamamlanıb. Bu isə qarşıdan gələn günlərdə bələdiyyənin öz qüvvəsini tamamilə sakinlərin rahatlığı üçün onların sosial şəraitlərinin yaxşılaşmasına sərf edəcəyinə şərait yaradır.
Gülağa CƏFƏROV,
Keçmiş SSRİ və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
