15 iyun təqvimi dövlətçilik tariximizə yenidən əlamətdar bir gün kimi əlavə olundu. 2021-ci ilin bu günü Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanla birgə işğaldan azad olunan tarixi yurdumuz Şuşa şəhərinə səfər etdilər. Burada hər iki nümayəndə heyəti tərəfindən ölkələrimizin gələcəyinə yönəlik son dərəcə vacib qərarlar qəbul edildi və sonda Şuşa Bəyannaməsi imzalandı. İki dost və qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanmış bu bəyannamənin siyasi və tarixi aspektlərdə müstəsna əhəmiyyəti vardır. Belə ki, əzəli-əbədi qardaşlığımızın memarları; Ümummilli Liderimiz Heydər Əliyevin vaxtilə səsləndirdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün” “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları getdikcə təsir gücünü, real əhəmiyyətini artırmaqda, Azərbaycan-Türkiyə münasibətlərində daim zirvələrə doğru çalışılmaqda, yeni arzuolunan mərhələyə qədəm qoyulmaqdadır.
Regional və beynəlxalq strateji maraqların qorunaraq sistemli fəaliyyət planlarının əsasını təşkil edəcək bu bəyannamədə, eyni zamanda bir çox qarşılıqlı əlaqələrin rolunun daha da artırılması istiqamətində yeni razılaşmalar əldə olunmuşdur.
Qardaş ölkə tərəfindən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində təkcə ölkələrarası əməkdaşlıq çərçivəsində deyil, beynəlxalq tribunalardan da mütəmadi dəstəyini əsirgənilməməsi, bütün siyasi və strateji həmlələrdə qarşılıqlı yardımlaşmanın həyata keçirilməsi, həmçinin mənəvi-mədəni dəstək xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Məhz buna görədir ki, Qafqazda sabitliyin və təhlükəsizliyin tam təmin olunmasında, möhkəmləndirilməsində, ümumi-iqtisadi, beynəlxalq nəqliyyat əlaqələrinin bərpa olunması və regionda uzunmüddətli sülhün təmin olunmasında Türkiyənin rolu çox mühümdür.
Şuşa Bəyannaməsində həmçinin ərazi bütövlüyümüz, müstəqil suveren haqlarımız, beynəlxalq aləmdə tanınmış sərhədlərimizə hörmət və ehtiram prinsipi əsas götürülərək milli maraqlarımız diqqətdə saxlanılmış, əməkdaşlıq çərçivəsində siyasi, iqtisadi, hərbi, hüquqi mexanizmlərin müəyyənləşdirilməsi istiqamətində ciddi razılaşmalar əldə olunmuşdur. Məlum olduğu kimi dayanıqlı sülhün təmin olunması mütəmadi olaraq dövlətin güc strukturlarının, xüsusən silahlı qüvvələrin ən müasir tələblərə cavab verən modern təchizatla təmin olunması, müdafiə qabiliyyətlərinin daha da inkişaf etdirilərək yüksəldilməsilə mümkündür. Bəyənnamədə bu istiqamətli qarşılıqlı razılaşmaların əldə olunması həyati önəmlərə malikdir. Təqdirəlayiq hallardan biri də bu görüşmədə əldə olan iqtisadi-ticari əlaqələrin təhlükəsizlik şəraitində və səmərəli qaydada hər iki dövlətin milli maraqları nəzərə alınmaqla lazımı mexanizmlərin işlənib hazırlanması olmuşdur. Bundan başqa bu tarixi sənəddə ölkələrimizi birləşdirən Zəngəzur dəhlizinin açılmasıyla regionun nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunması kimi son dərəcə aktual məsələlər də öz əksini tapmışdır.
Azərbaycan və Türkiyə diaspor təşkilatlarının mütəmadi olaraq qarşılıqlı yardımlaşma şəraitində daha peşəkar hala gətirilməsi, davamlı həmrəylik nümayiş etdirilməsi məqamlarının gücləndirilməsi ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə zəmin yaradacaqdır.
Ölkələrimiz arasında media istiqamətində yüksək əlaqələrin davam etdirilərək aidiyyatı qurumların informasiya, kommunikasiya və ictimai-siyasi diplomatiya əməkdaşlığının inkişaf etdirilməsi də vacib məqamlardan biridir. Bundan başqa eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox mədəni-mənəvi dəyərlərə malik olmamız belə birlik nümayişinin təminatıdır.
Türkdilli dövlətlər birliyinin, onların sıx əməkdaşlığının, tarixi, mədəni, mənəvi dəyərlərinin, ortaq abidələrimizin qorunub saxlanılması və dünya ictimaiyyətinə nümayiş etdirilməsi istiqamətində müştərək addımların atılması olduqca qürurverici amillərdəndir. Birgə Bəyannamədə həmçinin terrorçuluqla mübarizə tədbirlərinin davamlı olaraq həyata keçirilməsi, bu sahədə lazımı imkanların səfərbər olunması, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşısının alınması isiqamətində amansız və təxirəsalınmaz tədbirlərin icra mexanizmlərinin, nəzarət sisteminin formalaşdırılmasının vacibliyi əsas götürülmüşdür.
Azərbaycanın və eləcə də bütün Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində bu görüşün baş tutması çox böyük tarixi, ictimai-siyasi əhəmiyyətə malikdir. Bu görüş çərçivəsində tərəflər; Azərbaycan və Türkiyə bir daha iki dost və qardaş dövlət olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Həmçinin, strateji səviyyələrdə durmadan inkişaf etdirilən diplomatik münasibətlərimizin yüksək keyfiyyətlərlə qarşılıqlı şəkildə də məmnunluq ifadə etdiyinin şahidi olduq. Xalqlarımız arasında müştərək dəyərlərə söykənən vacib amillərin; humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində də ələ alınması saf, sağlam, səmimi, şanlı və qürurverici şərəfin əsl nişanəsidir.

Dəyanət Əskərov
Lənkəran Dövlət Universitetinin nəzdində
Sosial və Aqrar-Texnoloji Kollecin şöbə müdiri

Daxil olundu: 23.06.2021 » Oxundu: 496
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!