İlham Tahirov – 60
İnsan yaşadığı ömrün yaş sayı ilə deyil, o illəri necə yaşaması ilə onu tanıyan insanlarının qəlbində bir ömürlük yaşamaq haqqı qazanır. Bu baxımdan haqqında söhbət açdığım şəxsiyyətinə və elminə hörmət bəslədiyim, adı gələndə ilk olaraq hafizəmdə düzə düz sözü üzə deyən nadir insanlardan olan İlham müəllim canlanır. İlham müəllimlə ilk tanışlığım qiyabi də olsa, hələ tələbəlik illərində Rəhilə xanım Məhərrəmovadan (Ruhu şad olsun!) onun haqqında eşitdiyim xoş sözlərlə yaranmışdır. Hətta Rəhilə xanım magistraturada oxuduğum zaman İlham müəllimin «Dialekt leksikasında alınma sözlər» adlı monoqrafiyasını da mənə vermişdi. Bu kitabı təxminən 20 ilə yaxındır ki, şəxsi kitabxanamda qoruyub saxlayıram. İlham müəllimin həm insanlığı, həm də elmi səviyyəsi barədə yüksək fikirləri elə təxminən 20 il öncə həm müəllimim, həm də magistr işimdə elmi rəhbərim olmuş professor Mirzə Rəhimovdan da (Ruhu şad olsun!) eşitdiyim üçün onu şanslı insanlardan hesab edirəm. Çünki dünyaşöhrətli türkoloq alim Mirzə Rəhimov İlham müəllimin namizədlik dissertasiyasının opponenti olmuş olsa da, İlham müəllim Mirzə müəllimi də özünə rəhbər sayır. Bu gün İlham müəllim Mirzə Rəhimov türkoloji məktəbinin layiqli davamçısı, eyni zamanda ümumi dilçilik və germanşünaslıq sahəsində müstəqil məktəbini yaratmış, onlarla yetirməsi olan və sayılan dəyərli alimlərimizdəndir.
Dilçilik İnstitutunun aspiranturasına sənədlərimi verəndə, o zaman elmi katib olan İlham müəllimlə əyani tanış oldum. O vaxtdan indiyə qədər bir insan üçün önəmli keyfiyyətlərinin şahidi olmuşam. İlham müəllim istənilən situasiyada hər zaman öz kimliyini, mənliyini qoruyar, məsələyə qərəzsiz, doğru-düzgün yanaşmağa çalışar. İstər İnstitutun elmi şurasında sözügedən məsələ barəsində, istərsə də dissertasiya şurasında müdafiə olunan mövzu haqqında konkret faktlarla çıxış edərək öz sözünü deyir. 2008-ci ildə İlham müəllim doktorluq dissertasiyası müdafiə edərkən mövzusu ilə bağlı geniş və əhatəli çıxışı, eləcə də ona verilən çoxsaylı suallara təmkinlə, elmi şəkildə cavab verməsilə də onu tanıyan insanlara əsl müdafiənin necə olmalı olduğunu əyani şəkildə sübut etdi. Bu isə həm bir insan, həm də bir alim olaraq onun qətiyyətliliyini, prinsipiallığını, unikallığını səciyyələndirir. Öz şəxsi düşüncələrinə görə ilk baxışdan onunla razılaşmayan adamlar da sonradan İlham müəllimin doğru olduğunu anlayır, onu olduğu kimi qəbul edərək onunla hesablaşırlar. İnstitutun elmi katibi işlədiyi vaxtlarda direktorumuz akademik Ağamusa Axundov da İlham müəllimə xoş münasibət bəsləyər, dinləyərək fikrini eşidərdi. Düşünürəm ki, şəxsiyyəti ilə elmi vəhdət təşkil edən bir insan, bir alim üçün bundan böyük göstərici ola bilməz. Çünki İlham müəllim Allahın ona bəxş etdiyi ömür payını ləyaqətlə, vicdanla yaşamış və yaşamaqdadır. İyun ayının 8-də İlham müəllimin 60 yaşı tamam olur. Onu sevən, ona hörmət edən yaxın insan kimi əzizimiz, dəyərlimiz İlham müəllimi anadan olmasının 60 illiyi münasibətilə təbrik edirəm və Uca Yaradandan – Rəbbimizdən hər bir insan üçün vacib nemət olan can sağlığı, ailəsi – həyat yoldaşı, övladları, nəvələri, sevdikləri ilə bərabər sağlıqlı, xoş və mənalı ömür arzulayıram.
Aqil Cəfərov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
