Şirvan Peşə Liseyi 1979-cu ildə 152 saylı orta texniki peşə məktəbi olaraq şəhərdə fəaliyyət göstərən Cihazlar zavodu baza müəssisəsi kimi fəaliyyətə başlayıb. Şirvan şəhərinin Məmməd Əmin Rəsulzadə küçəsində iki mərtəbəli, dörd korpusdan ibarət olan binada uyğunlaşdırılmış şəkildə fəaliyyət göstərən liseydə Dərzi, Əməliyyatçı mühasib, Geniş profilli dəzgahçı, Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, Elektrik qaz qaynaqçısı, Radioteleviziya aparatlarının təmiri və xidməti rediomexaniki, Kompüter operatoru, Neft və qazçıxarma operatoru, Kompüter ustası ixtisasları üzrə dövlət hesabına və ödənişli əsaslarla kadrlar hazırlanır. Liseydə 2021-ci ildə 5 yeni ixtisas artırılıb ki, onlar da Dərzi, Radiomexanik, Qaynaqçı, Elektrik və Neft ixtisasıdır. Liseydə hazırda 423 şagirdin təlim-tərbiyəsi ilə 55 müəllim və 22 istehsalat təlimi ustası məşğul olur. Lisey şəhər ərazisində fəaliyyət göstərən dövlət müəssisələri ilə əməkdaşlıq edərək şagirdlərinin həmin müəssisələrdə təcrübə keçməsini təmin edir. 2020-ci ildə Şirvan Peşə Liseyini dövlət hesabına 166 nəfər, ödənişli əsaslarla isə 122 nəfər bitirmişdir.
Şirvan Peşə Liseyinin direktoru Əliheydər Əlifli 1993-cü ildə Biləsuvar rayonun Zəhmətabad kəndində dünyaya gəlib. Orta hətsili doğulduğu kənddə aldıqdan sonra Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialına qəbul olub və 2014-cü ildə ali təhsilini tarix və coğrafiyə müəllimiliyi ixtisası üzrə bitirib. Elə həmin il MİQ imtahanında iştirak edib və könüllü olaraq Yardımlı rayonnun Arvana kənd orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyətə başlayıb. 2017-ci ildə müəllimlik fəaliyyətini Biləsuvar Peşə Liseyində davam etdirib. 2019-cu ildə Biləsuvar Rayon Təhsil şöbəsində çalışıb. Bir il sonra Biləsuvar rayon İcra Hakimiyyəti yanında «Gənclərin məşvərət şurası»nın sədri təyin edilib. Daha sonra «Yeniləşən dövlətə dəstək» ictimai birliyinin Şirvan şəhər bölməsinin sədri olaraq fəaliyyət göstərib. 2021-ci ilin yanvar ayından Şirvan Peşə Liseyinin direktoru təyin olunub.
Lisey haqqında ətraflı məlumat verən Əliheydər müəllim bildirdi ki, Şirvan Peşə liseyində təhsil dövlət hesabına və ödənişli olmaqla tədris edilir. Dövlət hesabına olan peşə ixtisaslarına 9-cu siniflərdən qəbul aparılır və tədris 3 il davam edir. Ödənişli təhsildə isə yaş məhdudiyyəti nəzərə alınmır. İstənilən vətəndaş orta və aşağı yaş həddində olmasına baxmayaraq təhsil ala bilir. Ödənişli təhsil isə 1 illik nəzərdə tutulub.
Buraya Şirvan Aqro MMC-dən və müxtəlif təşkilatlardan sifarişlər də olur. Onu da qeyd edək ki, liseydə 73 ədəd kompüter dəsti vardır. Şagirdlər bu kompüterlərdən rahatlıqla istifadə edə bilirlər.
Şirvan peşə liseyində şagirdlərin seçdikləri peşəni dərindən öyrənmələri üçün hər cür şərait yaradılıb, otaqlar müxtəlif növ avadanlıqlarla təmin olunub. Şagirdlər əyani və praktiki olaraq seçdikləri peşələrin sirlərinə yiyələnməyə çalışırlar. Liseydə Neft və qazçıxarma operatoruna daha çox ehtiyac olduğundan bu sahəyə maraq da böyükdür. Hazırda bir neçə ildir ki, Şirvan şəhərində quruda neft çıxarılır. Dərslərin bir hissəsi neft çıxarılan ərazilərdə tədris olunur.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 25.04.2021 » Oxundu: 1687
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!