Bir zamanlar fəxri adlar, orden və medallar az-az verilərdi.
1930-40-50-ci illərin kinoxronikalarında, ayrı-ayrı nəşrlərində təltiflərə layiq görülmüş insanların adları qarşısında adətən xüsusi qeyd yer alır: "Ordenli bəstəkar", "Ordenli şair", "Xalq müəllimi", "Əməkdar mühəndis"...
Təltiflər yüz ölçülüb bir biçilərək, imkan daxilində ən layiqlilərə verildiyindən, həm də o təltiflərlə şərəfləndirilənlərə müəyyən imtiyazlar qismət olduğundan, qazanılmış adlar həmin insanları cəmiyyət içində seçdirir, sanki digər həmkarları ilə müqayisədə bir boy ucaldırdı.
Bu gün təltiflər insana xüsusi üstünlüklər, imtiyazlar vermir.
Bunlar sadəcə dövlətin diqqəti, sayğısı kimi əhəmiyyətlidir və təbii ki, mənəvi sevinc də gətirir.
Solmaz Tohidi kimi həqiqi alimin, zəhmətkeş yaradıcının yüksək fəxri adla mükafatlandırılmasının isə mənası, siqləti tam fərqlidir.
Solmaz kimi bilikli, vətənpərvər, millət təəssübü çəkən, elmə qəlbən bağlı, ali peşəkar vərdişlərə sahib olan araşdırıcılarımız nə acı ki, indi barmaqla sayılacaq qədər azdır.
Solmaz, varlığıyla, inadkar axtarışılığıyla, bir-birindən qiymətli yeni-yeni əsərləriylə elm mühitimizdə sağlam ab-havanı hifz edən təklərdəndir.
Əməkdar elm xadimi tituluna əlavə çəkini, ağırlığı bu adın Solmaz xanım kimi alimlərin imzası ilə qovuşması bəxş edir.
Solmaz xanım, ənənələri yaşamalı olan köhnə məktəbin müasir təfəkkürlü təmsilçisi, klassik alimlərə xas məsuliyyətin, mötəbərliyin daşıyıcısıdır.
Və mənə qəlbən, ruhən çox yaxın, doğma olan insandır.
Ona yeni yaradıcılıq uğurları, gələcəkdə başqa uyğun titul və mükafatları da Solmaz Tohidi adı ilə şərəfləndirməyi diləyirəm!
Solmazın yazdıqları keçmiş hadisələr və şəxsiyyərlərlə bağlıdır. Lakin həmin əsərlərin hamısına solmazlıq, köhnəlməzlik xasdır.
Bu əsərlərin hamısı Vətən tarixinin unudulmamalı, yaxşı bilinməli parçalarıdır.
Könül istər ki, Solmazlar çox olsun. Amma neyləyəsən ki, Solmaz kimi adam olmaq da çətindir, Solmaz kimi alim olmaq da müşkül!
Arzumdur ki, solmazlıq hələ çox illər boyu əziz Solmazımızın elminin də, ömrünün də bəzəyi olsun!

Akademik Rafael Hüseynov

Daxil olundu: 29.11.2018 » Oxundu: 1584
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!