Deyirlər hər bir insan dünyaya müəyyən istedadı ilə birgə gəlir. Lakin təəssüflər olsun ki, Allahın ona bəxş etdiyi bu istedadı bəzən üzə çıxara bilmir və beləcə də həmin istedad batıb gedir. Dünyanın ən qiymətli daşı olan almaz da cilalanmadıqda öz gözəlliyini büruzə verə bilmir. İstedad da almaz kimi dəyərli olmaq üçün lazımı şəraitə düşüb aşkarlanmalı, cilalanıb təkilləşdirilməlidir. Bu baxımdan uşaq yaradıcılıq mərkəzlərinin istedadların aşkarlanıb üzə çıxarılmasında müstəsna xidmətləri vardır. Belə mərkəzlərdən biri də Xaçmaz Uşaq Gənclər İnkişaf Mərkəzidir.
Rayonun sayılıb-seçilən təhsil müəssisələrindən biri olan mərkəz uzun illərdir ki, fəaliyyət göstərir. Mərkəzin direktoru Gülnarə Qafarova 2001-ci ildən bu mərkəzdə çalışır. Gülnarə xanım məlumat üçün bildirdi ki, 2017-ci ildə 3 müəssisə Respublika Təhsil Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən 3 yaradıcılıq müəssisəsi, yəni, Uşaq yaradıcılıq mərkəzi, Texniki yaradıcılıq mərkəzi və Ekoloji tərbiyyə və təcrübəçilik mərkəzi birləşdirilərək Uşaq Gənclər İnkişaf Mərkəzi yaradılıb. Bu islahat daha məqsədəuyğun olduğu üçün nəticə də qənaətbəxş hesab edilir. Hazırda burada 920-dən artıq şagird yaradıcı işlə məşğul olur. Mərkəzdə çalışan 45 müəllim və dərnək rəhbəri onlara seçdikləri sahələrin sirlərini dərindən mənimsəməkdə bütün qüvvə və bacarıqlarını sərf edirlər. Məhz bunun nəticəsidir ki, mərkəzin şagirdləri bir çox respublika və zona yarışlarından fəal iştirak edir və uğurlu nəticələr qazanır, birincilik əldə edirlər.
Son dövrlərin yarış qalibləri sırasında dərnək rəhbərləri Səbinə Daşdəmirova və Səma Bayramova olan Dinara Bayramlı və Emin Daşdəmirovun adını çəkmək yerinə düşərdi. Ümumiyyətlə, mərkəzdə istedadı ilə xüsusi fərqlənən, gələcəyə daha böyük inam yaradan şagirdlər çoxdur. Bu şagirdlərin əl işləri müxtəlif yarış və sərgilərdə nümayiş olunur. Şagirdlərin ən yaxşı əl işləri Ulu Öndər Heydər Əliyevin doğum günündə, anım mərasimində, "Alovlu Qafqaz" və "Dostluq körpüsü" müsabiqələrində nümayiş etdirilib və lazımlı yerlərə layiq görülmüşlər. Həmçinin Xaçmaz Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş sərgidə şagirdlərin əl işlərinin nümayiş etdirilməsi və uğurlu nəticələr əldə edilməsi də yaddaqalan tədbirlərdən biridir.
Gülnarə xanım mərkəzin istedadlı şagirdləri haqqında danışaraq deyir: "Ümumiyyətlə, mərkəzimizdə istedadlı uşaqlar toplaşıb. Onların istedadını daha da təkmilləşdirmək isə bizim, daha dəqiq desəm, dərnək rəhbərlərinin işidir. Biz ilk növbədə uşaqda özünəinam hissi aşılamalıyıq. Çünki şagirdin özünə qarşı inam hissi olmayanda ruhdan düşür, maraq dairəsi azalır. Bu isə yaradıcılığına çox pis təsir edir. Amma güvənc hissi yüksək olan uşaqlarda inadkarlıq da güclü olur və o, ən gözəl nəticəni ortaya qoyanacan əzmkarlıqla çalışır. Bu isə gözəl nəticə deməkdir.
Mərkəzimizin bütün uşaqları istedadlıdırlar. Lakin bütün sahələrdə olduğu kimi bizim mərkəzimizdə də rəqabət hissi, sağlam mübarizə aparmaq və daha yaxşı olmağa can atmaq istəyi üstünlük təşkil edir. Şagirdlərimizin istedadını inkişaf etdirməklə yanaşı, onların vətənpərvərlik hissini daha da artırmağı, torpağa, yurda məhəbbət hissi aşılamağı da özümüzə borc bilirik. Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi qəhrəmanlarının, həmişəyaşar şəhidlərimizin xatirəsini vaxtaşırır anır, onların igidliyinə hərs edilmiş əl işlərinin sərgisini təşkil edirik".

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 25.06.2022 » Oxundu: 736
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!