Hər bir xalqın dövlətçilik tarixi təsadüfi təqvimlərin deyil, milli iradənin, intellektual süzgəcdən keçmiş strateji qərarların və tarixi varisliyin məntiqi nəticəsidir. 28 may 1918-ci ildə Şərqdə ilk dəfə demokratik və dünyəvi dövlət modelinin – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi xalqımızın azadlıq fəlsəfəsinin ən parlaq səhifələrindən biridir. Lakin dövlətçilik elminin fundamental prinsipləri və yaxın keçmişimizin praqmatik siyasi təhlili bizə sübut edir ki, müstəqilliyi sadəcə hüquqi sənədlərlə bəyan etmək kifayət deyil; onu qlobal geosiyasi təhdidlərdən qorumaq, daxili xaosu cilovlamaq, oturuşmuş institusional mexanizmlərlə sarsılmaz etmək qat-qat ağır və tarixi bir missiyadır.
Tarixi reallıqları bütün çılpaqlığı ilə təhlil etmək ziyalılığın ən ümdə vəzifəsidir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti, daxili siyasi qütbləşmə, nizami ordunun yoxluğu və dövrün nəhəng imperiyalarının asimmetrik təzyiqləri nəticəsində cəmi 23 ay yaşaya bildi. Dövlət institutlarının institusional təməllərinin zəifliyi müstəqilliyin qorunmasını qeyri-mümkün etdi və ölkə sovetləşdi.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa edəndə, tarix sanki həmin ağrılı böhran ssenarisini eynilə təkrarlayırdı. 1992–1993-cü illərdə ölkədə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarının yürütdüyü diletant, populist və daxili reallıqlardan tamamilə qopuq siyasət Azərbaycanı fiziki parçalanma və müstəqilliyini dərhal itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Müstəqillik kağız üzərində elan edilsə də, faktiki olaraq ölkədə separatizm alovlanır, iqtisadiyyat çökür, dövlət idarəçiliyi tamamilə iflic vəziyyətinə düşürdü. 1918-ci ilin geosiyasi məğlubiyyət sindromu yenidən ölkənin başı üzərini almışdı.
Məhz belə bir eksiztensial böhran anında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı bu real fəlakətdən xilas edərək milli dövlətçiliyin xilaskarına çevrildi. Ümummilli Lider sübut etdi ki, əsl müstəqillik populist şüarlarla deyil, güclü dövlət mərkəziyyətçiliyi, ordu quruculuğu və iqtisadi suverenliklə qorunur. Heydər Əliyev 1918-ci il Cümhuriyyətinin yarımçıq qalmış idealını götürərək, onu sarsılmaz azərbaycançılıq məfkurəsi ilə zənginləşdirdi və əbədi etdi. Ulu Öndərin 1998-ci ildə Cümhuriyyətin 80 illik yubileyi haqqında imzaladığı tarixi Fərman bu irsə verilən ali hüquqi və mənəvi qiymət idi. Heydər Əliyev müstəqilliyimizin vahid fəlsəfəsi haqqında deyirdi: «Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın azadlıqsevərliyi, doğma vətənə bağlılığı, milli dövlətçilik ideallarına sədaqəti barədə silinməz izlər qoymuşdur.» (Heydər Əliyev. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi haqqında Fərman (30 yanvar 1998) // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004, s. 5).
Ulu Öndərin qurduğu fundamental təməllər üzərində müasir Azərbaycanı qlobal güc mərkəzinə çevirən Prezident İlham Əliyev 1918-ci il qurucularının xəyal belə edə bilmədiyi möhtəşəm bir reallığı – mütləq suverenliyi gerçəkləşdirdi.
Dövlət başçısının təfəkküründə tarixi varislik prinsipi yalnız keçmişə ehtiram deyil, həmçinin strateji dövlət siyasətidir. Prezidentin imzası ilə 15 oktyabr 2021-ci ildə qəbul edilmiş «Müstəqillik Günü haqqında» Azərbaycan Respublikasının qanunu bu varisliyin ən mükəmməl ideoloji konsepsiyasıdır. Bu qanunla 28 May tarixinin Müstəqillik Günü olaraq elan olunması, müasir Azərbaycanın 1918-ci il müstəqillik xəttinin yeganə hüquqi və mənəvi varisi olduğunu rəsmən təsbit etdi.
Lakin cənab Prezidentin rəhbərlik etdiyi rəqəmsal və hərbi-siyasi dövrün Azərbaycanı 1918-ci il ilə müqayisə edilməyəcək dərəcədə qüdrətlidir. 1918–1920-ci illərdə Cümhuriyyət hökuməti ağır regional şərtlər və xarici təzyiqlər ucbatından Qarabağda suverenliyi tam təmin edə bilməmiş, İrəvan kimi tarixi torpağımızı isə geosiyasi məcburiyyətlər qarşısında güzəştə getməyə vadar olmuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev isə Azərbaycan xalqının çoxəsrlik məğlubiyyət və asılılıq sindromunu kökündən darmadağın etdi. 2020-ci ilin şanlı Şuşa zəfəri və 2023-cü ilin sentyabrında cəmi 23 saat ərzində həyata keçirilən lokal antiterror tədbirləri ilə Xankəndidə, Xocalıda, Ağdərədə dövlət bayrağımızın ucaldılması, 1918-ci il qurucularının yarımçıq qalmış arzularının mütləq suverenlik zirvəsidir. 1920-ci ildə qoruna bilməyən sərhədləri və müstəqilliyi, İlham Əliyev dəmir yumruqla əbədi olaraq sarsılmaz etdi.
Prezident İlham Əliyev müasir Azərbaycanın əldə etdiyi bu tarixi nailiyyəti və müstəqilliyimizin mahiyyətini öz rəsmi bəyanatında belə ifadə etmişdir: «Biz fəxr edirik ki, bugünkü müstəqil Azərbaycan dövləti o Cümhuriyyətin varisidir və onların arzularını biz həyata keçirdik... Bu gün Azərbaycan həm iqtisadi, həm siyasi, həm hərbi baxımdan dünya miqyasında müstəqil siyasət yürüdən azsaylı ölkələrdən biridir.» (İlham Əliyev. Cümhuriyyətin 100 illik yubiley mərasimindəki nitqi (25 may 2018) // İlham Əliyev. İnkişaf - bizim hədəfimizdir, 86-cı cild, Bakı, "Azərnəşr", 2020, s. 142).
Bu gün cənab Prezidentin yürütdüyü uzaqgörən diplomatiyası sayəsində Azərbaycan artıq kənar diktələrin qurbanı olan zəif ölkə deyil. Bakı Təşəbbüs qrupu vasitəsilə qlobal arenada neokolonializmə qarşı barışmaz mübarizə aparan, COP29 kimi planetar miqyaslı tədbirlərə ev sahibliyi edən, «Qərbi Azərbaycan Konsepsiyası» ilə tarixi ədaləti beynəlxalq hüquq müstəvisinə çıxaran, regionda yeni geosiyasi konfiqurasiyanı təkbaşına diktə edən müstəqil bir subyektdir.
28 May – Müstəqillik Günü bizə bir daha xatırladır ki, milli dövlətçilik ideyası populizmi, daxili çəkişmələri və diletantlığı əsla bağışlamır. 1918-ci ilin yarımçıq qalmış ağrılı dərsləri, 1993-cü ildə Heydər Əliyevin milli xilaskarlıq fəlsəfəsi ilə müasir dövlətçilik elminə çevrilmişdir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin dövlətçilik elmi özünün şanlı Zəfər və mütləq suverenlik zirvəsini yaşayır. Biz ziyalıların, elm adamlarının və ideoloji cəbhə nümayəndələrinin üzərinə düşən ən böyük vəzifə isə bu böyük tarixi varisliyi, Heydər Əliyev irsini və Müzəffər Liderimizin yürütdüyü mütləq suverenlik siyasətini həm akademik müstəvidə, həm də media tribunalarında qətiyyətlə müdafiə etmək, dövlətimizin əbədiliyinə sadiqliklə xidmət etməkdir.

Aqil Cəfərov
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi

Daxil olundu: 27.05.2026 » Oxundu: 18
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!