Son zamanlar günümüzdə teatra verilən dəyər məni çox düşündürürdü. Bu mövzuyla ağlımdakı suallar məni onu araşdırmağa vadar edirdi. Bu suallardan biri də odur ki, bu gün teatrı ayaqda tutan kimdir? Teatr yalnız yaşlı kadrların sayəsində ayaqda qalır yoxsa yetişən gənc kadrlar onu ayaqda qalmasında rol oynayır?
Suallarıma cavab tapmaq üçün üz tutdum Bakı Dövlət Universitetində fəaliyyət göstərən Mədəniyyət və Yaradıcılıq Mərkəzinin Teatr Dərnəyinə. 2020-ci ildən fəaliyyət göstərən dərnək müxtəlif fakültə və ixtisaslardan olan tələbələri özündə toplayıb. Müxtəlif illərdə səhnəyə qoyulan “Qarabağ Azərbaycandır”, “Arzu və Murad”, “Yarımçıq qalmış”, “Ölülər”kimi tamaşalar universitet rəhbərliyi və tələbələr tərəfindən maraqla qarşılanmış,tamaşada rol alan tələbələrin öz istedadlarını aşkar etmələrində xüsusi rol oynamışdır.Həmçinin “Yarımçıq qalmış” tamaşası ilə “Pillə 2” festivalında iştirak edən teatr klubu diplomlar, sertifikatlar və dəyərli hədiyyələrlə təltif olunub.Bununla yanaşı,tamaşanın festival çərçivəsində nümayişi ADMİU-nun məzunu Abbasağa Əlizadə tərəfindən builki fesrivalı əlamətdar edən səbəb kimi göstərilmişdir.Gənc aktyorların fəaliyyəti bununla bitmir.Mir Cəlal Paşayevin 115 illiyi ilə bağlı “Müalicə” tamaşasını Qazax filialında nümayiş etdirirlər.Rejissor və Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Orucoğlunun bu truppanın yaradılmasında və gənclər arasında teatra həvəsin artmasında xüsusi rolu var. Tələbələrlə söhbət zamanı fərqinə vardım ki, onları bu yolda daim dəstəkləyən Vahid Orucoğlu təkcə teatr truppasını deyil, eyni zamanda böyük bir ailə yaratmışdır.
Tural Behbudov:
Beynəlxalq münasibətlər ixtisasında oxuyan Tural Behbudov sorğu zamanı bildirib ki, onun teatr sahəsində uğurunun əsas səbəbkarlarından biri də Vahid Orucoğludur. Həmçinin Tural Behbudov Xəzər Televiziyasında yayımlanan “Bu şəhərdə kimsə yoxdur” serialında rol almışdır. O bu uğurunu da Vahid Orucoğluna borclu olduğunu bildirib. “Yarımçıq qalmış” tamaşasında rol alan Tural Behbudov qeyd edib ki, truppa heyəti arasında güclü bir bağ mövcuddur. Onları teatra bağlayan səbəblərdən biri də budur. Kino yoxsa teatr sualına belə cavab verir ki,hər iki sahə insana müxtəlif hisslər yaşadır.Amma o üstünlüyü daha çox teatra verir. Kinoda oynayanda ekran qarşısında izləyicilərin hansı reaksiya verəcəklərini,hansı hisslər yaşadığını bilmək olmur, amma teatrda, səhnədə tamaşaçıyla aralarında bir bağ yarandığını, onları hiss etdiyini, hisslərinə emosiyalarına şahid olduğunu qeyd edir.
Hüseyn Cabbarlı:
Neftçi Futbol Klubunun spikeri Hüseyn Cabbarlı teatr truppası yarandığı ildən onun nəzdində aktiv fəaliyyət göstərib. O bildirib ki, Bakı Dövlət Universitetinin ən sevdiyi tərəfi Mədəniyyət Yaradıcılıq Mərkəzinin olmasıdır. H.Cabbarlı qeyd edir ki, tələbələrin çoxunun aktyor olmaq arzusu Mədəniyyət Yaradıcılıq Mərkəzi sayəsində reallaşmışdır. Onun sözlərinə görə, burada qalmasında səbəb Vahid Orucoğlunun yaratdığı mühitdir. Qeyd edək ki, H.Cabbarlı “Ölülər” tamaşasında Kefli İsgəndər obrazını canlandırmış və səhnəmizin “Kefli İsgəndər”i Anar Heybətovdan müsbət rəy almışdır. Onun üçün xüsusi yeri olan əsər isə “Yarımçıq qalmış” tamaşasıdır. Buna səbəb bəzi tamaşalarda oynadığı rolların öz xarakteri ilə uyğun gəlməsidir.
Yuxarıda qeyd etdiyimiz “Yarımçıq qalmış” tamaşasında baş rollardan biri olan “Ülviyyə” obrazını canlandıran Nərmin Zeynalova bildirdi ki, O da truppa yoldaşları ilə eyni hissləri daşıyır. “Yarımçıq qalmış” tamaşası onun üçün də xüsusi yeri olan tamaşalardan biridir. Müsahibimiz bildirib ki, uşaqlıqdan teatra marağı olub, buna görə də hər zaman özünü səhnədə rahat hiss edir.
Teatr truppası ilə yanaşı Mədəniyyət və Yaradıcılıq Mərkəzinin rəqs qrupunda da çıxış edən Mədinə Hüseynzadə bildirir ki, rəqs edəndə və tamaşada oynayarkən ortaya çıxan hiss və duyğular tamamilə fərqlidir. Müsahibimiz müşahidələrinə əsasən qeyd edib ki, tamaşa zamanı izləyiciləri hiss etməli, amma görməməlisən. Elə bil arada görünməz bir pərdə olmalıdır. M. Hüseynzadə vurğulayıb ki, baxdığı tamaşalarda səhnə ayrı bir dünyadır. Sanki onlar sizi görmür, amma siz onları görürsünüz, onlar sizi eşitmir, amma siz onları eşidirsiniz. O bildirib ki, məhz tamaşaçıların yaşadığı hissləri yaşamaq üçün teatr truppasına üzv olub və burada öz ailəsini tapıb. Müsahibimiz onu da qeyd edib ki, nitqində, səhnədə duruşunda olan qüsurlarını teatr sayəsində düzəldib. Dediyinə görə, rəqs zamanı bunların sadəcə bir hissəsini öyrənib. Məhz teatr sahəsində bacarıqları püxtələşib və tamamlanıb. M. Hüseynzadə gənclərə səslənərək bildirib ki, “Yaradıcılığa, teatra marağı olan gənclər mütləq şəkildə teatrla məşğul olmağı düşünməli və tez-tez tamaşalara getməlidirlər”. O bunun səbəbi olaraq göstərir ki, yaradıcılıqla məşğul olan insanlar digərlərindən hər zaman öndədirlər. Sadə insanların görə bilmədiklərini məhz yaradıcılıqla məşğul olan insanlar asanlıqla görür və onların həyata baxışları fərqli olur. O, ən böyük dəstəkçisi və teatr sənətinin sirrlərini ona öyrədən, tamaşaçıların onu alqışlamasına səbəb olan şəxsin Vahid müəllim olduğunu bildirib və ona təşəkkür edib. O qeyd edib ki, Vahid Orucoğlu onların yalnız müəllimi deyil, eyni zamanda dostu və sirdaşıdır.
Kimya fakültəsinin tələbəsi Selcan İbrahimova Vahid müəllimlə təsadüfi tanışlığı sayəsində teatr dərnəyinə üzv olduğunu bildirir. İlk tamaşasından sonra isə teatra sevgisi daha da artır, tamaşalara baxmaq iştirak etmək onu bu sahəyə aid olduğunu hiss etdirir. Kimya fakültəsində oxumaqdan peşman olmadığını, bu fakültə sayəsində teatra bağlandığını, aid olduğu yeri tapdığını qeyd edir.Düşünür ki,bəlkə də incəsənət üzrə təhsil alsaydı,bu qədər teatra bağlı olduğunu hiss edə bilməyəcəkdi.Rəşad Səfəroğlunun tələbəsi olan Selcan İbrahimova yolunu incəsənət üzrə davam etdirəcəyini bildirir və bu yolda əldə etdiyi təcrübə üçün isə Vahid müəllimə xüsusi təşəkkürlərini bildirir.
Şərqşünaslıq fakültəsinin tələbəsi, “Arzu və Murad”, “Ana”, “Ölülər”, “Yarımçıq qalmış” tamaşalarında rol alan Eltac Abbasov teatra qiraətdən keçərək gəldiyini bildirir.Bu yolda Eltacın da birinci dəstəkçisi Vahid müəllimdir. Eltac teatrda oynamağı teatra baxmaqdan daha üstün tutur və bunun qürurverici bir hiss olduğunu vurğulayır. Oynadığı rollardan ən sevdiyi isə “Yarımçıq qalmış” tamaşasında Fariz obrazıdır. Eltac düşünür ki, insan real həyatını roluna qatmamalıdır, lakin bəzi anlarda oynadığı obrazla öz xarakteri üst-üstə düşür və bu obraz Farizdir. Eltac öz xarakterində olan bir çox xüsusiyyəti Farizdə görür və qəlbinə ən yaxın obrazın məhz Fariz olduğunu qeyd edir.
Vahid Orucoğlu ilə söhbət isə araşdırmama xüsusi maraq qatdı.Vahid müəllim tələbələrlə söhbət zaman onlara teatrımızda hansı tamaşaları görmək istədiklərini soruşur və gözləmədiyi cavablar alır.Tələbələrin əksəriyyəti vətənsevərlik ruhu aşılayan tamaşalara,müasir dramaturgiya ilə yanaşı klassik ədəbiyyata da üstünlük verir. Vahid müəllim teatra yenilik gətirməyin tərəfdarıdır, lakin o həm də qeyd edir ki, klassikaya toxunmaq olmaz, o olduğu kimi qalmalıdır. Yuğ teatrının tamaşalarını isə xüsusi vurğulayır,qeyd edir ki, burada fərqli çalarla qurulan tamaşalar insanı düşünməyə vadar edir. Orucoğluya görə tamaşaçı bilməlidir ki, hansı teatra gedir və nə ilə rastlaşacaq, çünki hər teatrın əsərə öz yanaşması, öz xətti var. O qeyd edir ki, indiki gənclərin sosial şəbəkələrdə gördüklərini teatra gətirən dramaturqların yetişməsini istəyərdim.Vahid müəllim, “hal-hazırda teatrı ayaqda tutan köhnə nəsildir” fikrimi inkar edərək bildirir ki, incəsənət üzrə təhsil almayan, amma sənət eşqi ilə alışıb-yanan gənclərimiz kifayət qədər çoxdur. Gəncləri bu sahəyə daha çox bağlamaq üçün yeni ideologiya ilə gələn gənc rejissorları, aktyorları irəli çəkmək lazım olduğunu, teatrın reklamını artırmaq lazım olduğunu vurğulayır. Günümüzdə sosial şəbəkəyə olan böyük maraqla əlaqədar internet dünyası ilə teatrı bir araya gətirməyin vacibliyini qeyd edir.
Fikrimcə, ötən əsrlə müqayisə etsək, günümüzdə gənclərin teatra olan marağı nisbətən azalıb, bunun kökündə isə texnologiyanın inkişafın, kommunikasiya vasitələrinin artmasını görürəm. Sosial şəbəkə burulğanı gəncləri öz ağuşuna alaraq mədəniyyətdən, incəsənətdən, tariximizdən, həmçinin insanları bir-birindən uzağlaşdırır. Teatr həyatın bir parçası deyil, həyat teatrın bir parçasıdır.XIX əsrdə yaranan teatrımız heç kimin gözləmədiyi uğurlara nail oldu. Kökləri o dövrə dayanan teatr fikrimcə, bu dövrdə böyük nailiyyətlər əldə edə bilər. Axı hər şey öz əlimizdədir, əgər istəsək texnologiyanın inkişafından istifadə edərək teatra yeni bir cərəyan gətirə bilərik.
Fəxrəddin Manafov: Bizə hər kəsin hər kəslə ünsiyyət yarada biləcəyi və xüsusi diqqət tələb edən nəyinsə olduğu məkan lazımdır. Rəqəmsal yox, canlı məkan. Elə canlı məkan ki, orada danışmağın vacib deyil. Görməyin, dinləməyin, başqalarının dərdinə şərik olmağın vacibdir. Bəlkə bu məkan elə teatrdır?

Ləman İlkin

Daxil olundu: 23.04.2024 » Oxundu: 461
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!