Hirkan Milli Parkının direktoru Vüsal Həsənov 1981-ci ildə Lənkəran rayonunun Şuruk kəndində anadan olub. 2002-ci ildə Lənkəran Dövlət Universitetini Ekologiya ixtisası üzrə bitirib. O, 2002-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra Lənkəran rayon İcra Hakimiyyətində məsləhətçi və Şuruk kənd icra nümayəndəsi vəzifələrində çalışıb. 2021-ci ilin sonlarından Hirkan Milli Parkında direktor müavini və direktor əvəzi işləyib. Hazırda Parkın direktorudur.
Hirkan Milli Parkı ölkəmizin ən qədim qoruqlarından biridir. Bu ərazi bitki örtüyünü və heyvanlar aləmini qorumaq məqsədi ilə 1936-cı ildə qoruq elan olunub. 9 fevral 2004-cü ildə Respublika Prezidentinin müvafiq sərəncamı ilə Milli Park yaradılıb. Parkın yaradılmasında məqsəd ərazidəki təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, “Qırmızı Kitab”a daxil edilmiş flora və fauna növlərinin qorunub saxlanılması idi. Park Azərbaycanın cənubi-şərqində, Lənkəran, Astara və Lerik inzibati rayonlarının ərazisində yerləşir. Milli Park 21 mindən artıq hektar ərazidə yaradılıb. Sonradan onun ərazisi genişləndirilərək 40 min 358 hektara çatdırılıb. 2005-ci ildə bir çox heyvan növlərinin qorunub saxlanılması məqsədilə 2 mindən çox hektar ərazidə Hirkan Dövlət Yasaqlığı yaradılıb. Hazırda Lerik ərazisində yerləşən bu Yasaqlığın sahəsi 15 min 500 hektardır.
Hirkan Milli Parkına xidmət edən əməkdaşlar haqqında məlumat verən Vüsal müəllim bildirdi ki, burada 87 işçi qüvvəsi çalışır. Nümunəvi işçilərdən Əliheydər Muradovun, Əbülfət Bədəlovun, Şahgəldi Şucayevin, Əsəd Həmidovun və başqalarının adını çəkmək yerinə düşərdi.
Vüsal müəllim onu da qeyd etdi ki, Hirkan Milli Parkında 100-dən çox təbiət və mədəniyyət abidəsi vardır. Park UNESCO-nun milli irs siyahısına daxil edilib. Bu il fevralın 9-da parkın 20 illiyi keçirildi və müəssisəyə UNESCO-nun rəsmi Diplomu təqdim edildi. Həmin tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri, Ekologiya nazirinin müavini Vüqar müəllim və digər məsul şəxslər iştirak ediblər.
Qeyd etmək yerinə düşərdi ki, qoruq yaradılanda burada ilk növbədə nəsli kəsilmiş heyvanları bərpa etmək qərara alınıb. Bu səbəbdən 1985-ci ildə qoruğa Ussuri çayının ətrafında yaşayan 77 xallı maral gətirilmişdir. Hazırda Parkda bəbir, ayı, cüyür, çöl donuzu, oxlu kirpi və s. xırda heyvanlar da mövcuddur. Parkın florası da çox zəngindir. Hirkan meşələrinin hər min hektarına 32 bitki növü düşür, bu isə əraziyə Qafqazın xarakterik floraya malik 18 ərazisi arasında birinci yeri tutmağa imkan verir. Ümumiyyətlə, Azərbaycanda yayılan 435 ağac və kolun 150-si Hirkan meşələrində bitir, onlardan 36-sı isə endemikdir. Burada “Qırmızı Kitab”a daxil edilmiş Hirkan şümşadı, Hirkan ənciri, ipək akasiyası, ürəkyarpaq qızılağac, vəhşi heyvan növlərindən isə ayı, vaşaq, dağ keçisi, xallı maral, çöl donuzu, bəbir və s. qorunur.
Vüsal müəllim məlumat üçün bildirdi ki, Parkın ərazisinə icazəsiz giriş edənlər cərimələnirlər. Turist marşurutları bələdçilərin köməyi ilə həyata keçirilir. Parkda quraşdırılmış müşahidə kameralarının köməyi ilə deyə bilərik ki, burada bəbir, donuz, ayı daha çoxdur. 30 ilə yaxındır ki, bu parkın əməkdaşı olan Sahil Mikayılov ərazini daha yaxşı tanıdığı üçün kameraları hansı məkanda qurmaq işini məhz o icra edir.
Onu da qeyd edək ki, parkda Hirkan, Həftonu, Seyfidor, Osakucə, Şindan, Şuvu, Təngərud meşəbəyliyi fəaliyyət göstərir.

Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 20.03.2024 » Oxundu: 496
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!