Lənkəran Dövlət Dram Teatrında Müstəqilliyin Bərpası gününə həsr olunmuş  "Vətənə  fəda olmuş  sevgililər ” adlı bədii kompozisiya təqdim edilib Lənkəran Dövlət Dram Teatrı və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib. Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, gənclər, gənclər təşkilatlarının nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər. Tədbirin açılışından əvvəl Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və Lənkəran Dövlət Dram Teatrının direktoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının (R.F.) Əməkdar artisti Laləzər Hüseynova şəhid ailələrinin üzvləri ilə görüşüblər. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin tarixi əhəmiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsinin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb. Şəhid ailələrinin göstərdiyi dözüm, mətanət və qürur hissi ehtiramla qeyd olunub. Lənkəran Dövlət Dram Teatrının gənc aktyorlarının və Regional Gənclər və İdman İdarəsinin könüllülərinin iştirakı ilə hazırlanan bədii kompozisiya tədbirin əsas məqamlarından biri olub. Səhnə arxasında işıq və kölgələrin yaratdığı siluetlər vasitəsilə təqdim edilən səhnələr Vətən müdafiəçilərinin sevdikləri ilə vidalaşmasını, ayrılıq anlarını və geridə qoyduqları əziz xatirələri canlandırıb. Səhnə həlli və emosional təqdimat tamaşaçılara təsirli anlar yaşadıb. Kompozisiyanın bədii məzmununda Vətən sevgisi, sədaqət, fədakarlıq və qəhrəmanlıq duyğuları ön plana çəkilib. Gənclərin ifasında təqdim olunan duyğusal vals və milli rəqs nömrələri proqramın bədii-estetik təsirini daha da artırıb. Tədbirin finalında iştirakçıların Azərbaycan bayrağı ətrafında birləşməsi milli birlik,Vətənə bağlılıq və qazanılmış Zəfərin qürurunu ifadə edən rəmzi səhnə kimi yadda qalıb.

Daxil olundu: 18.10.2026 » Oxundu: 17
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!