Nəriman Nərimanov adına Mahamalar kənd orta məktəbinə Kəmalə Məmmədova rəhbərlik edir. Kəmalə xanım 1962-ci ilin mart ayında Balakən rayonunda dünyaya gəlib. Orta təhsilini doğulduğu rayonda aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji institutuna qəbul olub. Ali təhsilini uğurla başa vuran Kəmalə xanım 1983-cü ildə təyinatla Balakən rayonunun Qullar kənd orta məktəbinə göndərilib və burada müəllimlik fəaliyyətinə başlayıb. 2 ildən sonra ailə vəziyyəti ilə əlaqədar Rusiyanın Perm şəhərinə köçüb. Uzaq diyarda pedaqoji fəaliyyətini davam etdirən Kəmalə xanım, Permdə bağça müəllimi, daha sonra isə bağça müdiri vəzifəsində çalışıb. 8 ildən sonra yenidən doğma Vətənə dönən Kəmalə xanım, Qullar 1 saylı kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirib. 2001-2007-ci illərdə Balakən Uşaq Yaradıcılıq Mərkəzinin direktoru işləyib. 2007-ci ildə isə Mahamalar kənd tam orta məktəbinə direktor təyin edilib.
Kəmalə xanım: «Son illər Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün sahələrdə olduğu kimi təhsildə də davamlı islahatlar aparılır, nəticədə onun keyfiyyəti yüksəlir və yeni-yeni uğurlar əldə edilir. Məktəbimizdə təhsil yüksələn xətt üzrə inkişaf edir. Bütün pedaqoji kollektiv tədrislə yanaşı, gənc nəslin təlim-tərbiyəsi və kamil şəxsiyyət kimi formalaşması sahəsində də uğurlu nəticələr əldə etmək üçün böyük məsuliyyətlə çalışırıq.
Son illərdə rayonun bütün məktəblərində olduğu kimi, bizim məktəbdə də maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir, avadanlıq və tədris vəsaitləri ilə təchizatına da diqqət yetirilir» – deyir.
Kəmalə xanım məlumat üçün bildirdi ki, məktəb beynəlmiləl məktəbdir və 2009-cu ildə tikilib istifadəyə verilib. Rayon Təhsil söbəsinin müdiri Elçin Musayev Mahamalar kənd orta məktəbinə xüsusi diqqətlə yanaşır. Burada 350 şagirdin təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Pedaqoji heyət əsasən təcrübəli və öz sahəsinin dərin bilicisi olan müəllimlərdən təşkil olunub. Məktəbin nümunəvi müəllimlərindən Caharat Bayramovanın, Lalə Canıyevanın, Əsyət Yusifovanın və digərlərinin adını çəkmək yerinə düşərdi. Məhz belə məsuliyyətli müəllimlərin sayəsində hər il xeyli sayda məzun müxtəlif ali təhsil ocaqlarına qəbul olur. Bu məzunların əksəriyyəti əsasən 550-600 bal toplayırlar.
Məktəbdə şagirdlərin vətənpərvər ruhda yetişmələrinə xüsusi diqqət yetirilir. Burada şəhidlər və veteranlar üçün xüsusi güşə hazırlanıb. Xüsusi və bayram günlərində şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir, haqqında xatirələr söylənir. Möhtəşəm Qələbə ilə başa çatın 44 günlük Vətən müharibəsində ölkəmizin bütün bölgələrində olduğu ki, Mahamalar kəndindən də şəhid və qazilərimiz var. Kənd məktəbinin yetirməsi olun bu 2 qazi və şəhid Qurban Hacıyev üçün məktəddə xüsusi guşə hazırlanıb. Vaxtaşırı şəhid ailələri və qazilərlə görüş keçirilməsi nəzərdə tutulub. Hələliksə bu görüşlər məlum pandemiya ilə əlaqədar olaraq onlayn keçirilir.
Kəmalə xanım onu da dedi ki, 65 yaşı tamam olan işçilər təqaüdə təmtəraqlı şəkildə yola salınır. Bu isə hər bir təhsil işçisinə olan hörmət və ehtiramın təzahürüdür.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 20.05.2021 » Oxundu: 886
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!