Ulu Öndər Heydər Əliyevin: "Müstəqil Azərbaycanda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir" – sözləri bütün dövrlər üçün aktualdır və dəyərini heç vaxt itirməyəcək həqiqətdir. Bütün dövrün aqil insanları əldə etdikləri müvəffəqiyyətlər üçün məhz müəllimə minnətdar olub, qazandığı uğurları haqlı olaraq müəllim əməyinin məhsulu hesab edib. Ümummilli Liderin: "Mən dünyada müəllim adından yüksək peşə tanımıram" – deməsi də, heç də təsadüfi deyil. Axı bütün peşə sahiblərinin ilk öyrədicisi müəllim olub və hər hansı peşənin sirlərini hər kəsə müəllimlər aşılayır. Bu mənada müəllimlik sənətinin dəyəri ölçüyəgəlməzdir. Bu şərəfli peşə sahiblərindən biri də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağsu rayon komitəsinin sədri Sevinc Behbudovadır.
Sevinc xanım 1986-cı ildə Ağsu rayonunda dünyaya göz açıb. Orta təhsilini doğulduğu rayonda başa vurub və elə həmin il Gəncə Dövlət Universitetinə qəbul olub. 2003-cü ildə Universitetin Psixologiya fakültəsini bitirərək Sarvan rayonunda orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Daha sonra isə əmək fəaliyyətini Ağsu şəhər 3 saylı tam orta məktəbdə müəllim-psixoloq olaraq davam etdirib. 14 il fasiləsiz olaraq burada çalışan Sevinc xanım 2020-ci ilin aprel ayında TİAHİ Ağsu rayon komitəsinə sədr təyin edilib. Artıq üç ildir ki, bu vəzifədə çalışır.
Sevinc xanım məlumat üçün bildirdi ki, komitənin hazırda iki min yüz üzvü vardır. Burada hər bir üzvə xüsusi diqqət və qayğı ilə yanaşılır, onların maddi və mənəvi ehtiyacları müəyyən edilmiş qaydalar əsasında təmin edilir. Belə ki, sağlamlığı ilə bağlı şikayəti olan hər bir komitə üzvü öz ərizəsinə əsasən aidiyyəti üzrə müxtəlif sanatoriyalara, sağlamlıq mərkəzlərinə göndərilir. Bayram və xüsusi günlər münasibəti ilə təşkil edilmiş şənlik və tədbirlərdə isə bir qrup təşsil işçisinə xüsusi mükafat və hədiyyələr təqdim olunur. Təqaüd yaşı çatmış təhsil işçilərinin yolasalma mərasimi də yaddaqalan tədbirlərdən biridir. Ümumiyyətlə, Müəllimlər Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz Bayramı və s. günlər təntənəli şəkildə qeyd edilir. Bu isə hər bir komitə üzvündə, təhsil işçisində böyük ruh yüksəkliyi yaradır.
Sevinc xanım xüsusi olaraq vurğuladı ki, Ağsunun təhsil işçiləri arasında möhtəşəm Qələbənin qazanılmasında rolu olan, Böyük Zəfərə imza atan oğullar da vardır. 10 nəfərdən artıq olan bu igid müəllimlər 44 günlük Vətən müharibəsində şərəfli bir döyüş yolu keçiblər. Hazırda pedaqoji fəaliyyətlərini davam etdirən bu müəllimləri bütün bayramlarda, xüsusilə də Zəfər Günündə təbrik edib, hədiyyə təqdim etmək ənənə halını alıb və mənəvi borca çevrilib.
Bildiyimiz kimi Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə 2023-cü il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Heydər Əliyev İli" elan edilib. Sevinc xanımın məlumat üçün qeyd etdiyi məsələrdən biri də Respublika Həmkarlar Komitəsinin bu münasibətlə xüsusi medal təsis etməsidir. Sevindirici faktdır ki, həmin medalla təltif olunan nümunəvi işçilər sırasında Sevinc Behbudovun da adı vardır.
Sevinc xanım öz söhbətində Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun adını xüsusi ehtiramla çəkdi və bildirdi ki, rayon rəhbəri təhsil işçilərinə həmişə qayğı və diqqətlə yanaşır. Bu diqqət isə hər bir təhsil işçisini daha da ruhlandırır və daha məsuliyyətli olmağa sövq edir.

G.Cəfərov

Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 01.04.2023 » Oxundu: 560
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!