Gürcüstan paytaxtında görkəmli Azərbaycan muğam nümayəndəsi məşhur xanəndə Əbdülbaqi Zülalov –Bülbülcana həsr olunan yeni nəşrin təqdimatı keçirilib.
 
Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, tədbiri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Leyla Əliyeva açaraq Azərbaycan və Gürcüstan mədəniyyətlərinin inkişafından danışıb. Onun sözlərinə görə, vaxtilə Tiflisdə fəaliyyət göstərən Azərbaycan muğamlarının tarixi ənənələrini bərpa etmək lazımdır və Mədəniyyət Mərkəzi bu yöndə layihələr həyata keçirir.
 
Tədbirdə kitabın müəlliflərindən biri, tədqiqatçı-publisist,  filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı böyük Azərbaycan xanəndəsi Əbdülbaqi Zülalov –Bülbülcanın həyat və faəliyyəti, Azərbaycan muğam sənətinin formalaşması və inkişafında  xidmətlərindən danışıb. G. Kazımlı qeyd edib ki, Bülbülcanın səsi qalmayıbsa, Azərbaycan dilində “Bülbülcan” və gürcü dilində “Abdulbağia” kitabı nəşr olunub. Kitab müəllifi qeyd edib ki, Əbdülbaqi Zülalov (Bülbülcan) 1847-ci ildə Azərbaycanın ən gözəl guşələrindən biri olan Şuşa şəhərində anadan olub: “Gənc yaşlarından xanəndəliyə başlayan Bülbülcan əvvəl Azərbaycanda, sonra isə Gürcüstanda, Tiflis şəhərində bir xanəndə kimi şöhrət qazanıb. O, ömrünün 30 ilini (1875-1905) bu şəhərdə yaşayıb və fəaliyyət göstərib.”
 
Sonra Gürcüstan Teatr Cəmiyyətinin sədri, mədəniyyət nazirliyinin müşaviri Qiorgi Qeqeçkori çıxış edərək vaxtilə Tiflisdə məşhur olan Azərbaycan muğamının yenidən Gürcüstana qayıtdığını bildirib.
 
Tədbirdə çıxış edən Gürcüstan Musiqi Xalq Alətləri Muzeyinin rəhbəri Revaz Kotrikadze görkəmli Azərbaycan muğam ifaçılarının xidməti sayəsində muğamın YUNESKO-da qeydiyyatdan keçdiyini və dünyada daha da məşhurlaşdığını bildirib.
 
Kitab tədimatında çıxış edən gürcü və azərbaycanlı ziyalılar Azərbaycan musiqisi nümayəndələrinin ifalarının gürcü musiqisinə də təsirindən danışıblar. Gürcü ziyalıları muğam mədəniyyətinin Tiflisdə də inkişaf etdirilməsini arzuladıqlarını deyiblər. Onlar bu gün tədbirdə səslənən muğam ifalarından ləzzət aldıqlarını vurğulayıblar.
 
Çıxışçılar qeyd ediblər ki, Əbdülbaqinin həyat tarixçəsi və fəaliyyəti dərc olunan kitab Tiflisdə musiqi tarixindən xəbər verir. Tədbirdə muğamın nəinki Azərbaycan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə təsir etdiyi bildirilib.
 
Kitab təqdimatında çıxış edən ziyalılar Tiflisdə Azərbaycan musiqisinin öyrənilmmiş səhifələri barədə tarixi məlumatı öyrəndikləri üçün müəlliflərə təşəkkür ediblər. Billdirilib ki, artıq Azərbaycan muğamı dünyada səslənir və Azərbaycan dövləti muğamın inkişafına dəstək olur, yeni-yeni səslər meydana gəlir və muğam ifaçılıq sənətinin qalibləri mükafatlandırılır.
Tədbirdə XIX əsrin ikinci yarısında fəaliyyət göstərmiş Əbdülbaqi Zülalovun – Bülbülcanın xidmətləri və fəaliyyəti dövründə aldığı mükafatlar barədə də ətraflı məlumat verilib.
 
Tədbirin sonunda gənc və istedadlı muğam ifaçısı Almaxanım Əhmədlinin ifasında səslənən muğamlar, xüsusən “Qarabağ şikəstəsi” alqışlarla qarşılanıb.
 
Qeyd edək ki, kitab mərasimi Azərbaycan Mədəniyyət Nazirliyin dəstəyi və Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və M. F. Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
 
Kitab təqdimatında gürcü və azərbaycanlı ziyalılar, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri, Beynəlxalq Muğam Mərkəzinin direktor müavini Elman Məmmədov və jurnalistlər iştirak edib.
 
KRİTERİ.AZ
Daxil olundu: 15.10.2018 » Oxundu: 1723
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!