Ta qədimdən qurub-yaratmaq müqəddəs işlərdən hesab olunub. Ev tikmək, binə qurmaq insanlara birbaşa yardımçı olmaq, ehtiyacını ödəməkdir. Tikmək, qurmaq, həm də tarix yaratmaq, illərə möhür vurmaqdır. Bu işin savabı kimi, məsuliyyəti də böyükdür. Qədim bir el misalı var: «Tikmədim özüm qalam, tikdim ki, izim qala!». Tarixdə öz tikintiləri ilə iz qoymağı bacaran insanlardan biri də Məhərrəm Həsənovdur.
Məhərrəm Həsənov 1952-ci ildə Qazaxıstanın Cambul vilayətinin Kurday rayonunda anadan olub. 1958-ci ildə – 6 yaşı olarkən ailəsi ilə birgə dədə-baba yurdu olan Saatlı rayonuna qayıdıb. Orta təhsilini burada başa vurub və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri institutuna qəbul olub. 1976-cı ildə ali təhsilini başa vuraraq əmək fəaliyyətinə başlayıb. 1979-1984-cü illərdə Saatlı rayonunda Tikinti idarəsinin rəisi vəzifəsində çalışıb. Daha sonra «Aran-İnşaat» MMC-nin direktoru işləyib. Cəlilabad və Neftçala rayonlarının qazlaşdırılmasında iştirak edib. Hazırda «İNOVA-İnşaat» MMC-də iş icraçısı işləyir.
Siyəzən rayonunda 480 yerlik məktəbin, Beşdam kənd məktəbinin, Xızı rayonunda orta məktəb və s. binaların tikintisi məhz Məhərrəm Həsənova məxsusdur. Peşəkar inşaatçı ilə söhbətimiz zamanı dedi ki, bu sahədə çalışmaq onun uşaqlıq arzusu olub. Möhtəşəm tikililəri, tarixi abidələri seyr etdikcə, bu sahəyə olan marağı daha da artıb. Bu gün özünün tikdiyi neçə-neçə böyük tikililər var ki, onunla sözün əsl mənasında fəxr etmək olar. «Düşünəndə ki, mənim tikdiyim məktəb binalarında, elm ocaqlarında yüzlərlə, minlərlə uşaq, gənc təhsil alır, elmə yiyələnir ürəyim fərəh hissi ilə çırpınır. Onlar da sabahın qurucularıdır. Hər bir dövlətin gələcəyi savadlı, elmli gənclərdir. Onlara oxuyub öyrənmələri üçün şərait yaratmaq, məktəb tikmək böyük şərəfdir. Axı hər kəs öz dövlətinə bacardığı qədər xidmət etməli, onun çiçəklənməsi, gələcəyə doğru inamla addımlaması üçün öz qüvvəsini əsirgəməməlidir. Bu baxımdan mən də öz bacardığım işimlə dövlətimə xidmət edirəm və bununla qürur duyuram.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə hər kəs kimi məni də ruhlandırır. Daha çox çalışmaq, daha çox qurub-yaratmaq istəyirəm. Xüsusən də Qarabağ torpağımızda. Məlum məsələdir ki, işğaldan azad olunan torpaqlarda düşmənin bütün infrastrukturumuzu dağıtdığını, kənd və şəhərlərimizi, demək olar ki, yerlə-yeksan etdiyi bir vaxtda quruculuq işləri mütləqdir. Tikinti işlərinin geniş vüsət alacağı şəksizdir. Çox istərdim ki, doğma Qarabağımızda inşa ediləcək tikililərdə mənim də əməyim olsun. Tikiləcək hər hansı inzibati və ictimai binalarda, təhsil və səhiyyə ocaqlarında, uşaq bağçalarında və s. tikililərdə imzası olan hər bir inşaatçı üçün bu, böyük şərəf və mənəvi rahatlıqdır» – söyləyir Məhərrəm Həsənov.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 30.01.2021 » Oxundu: 12919
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!