Zaqatala Qum-çınqıl Karxanası 2007-ci ildən fəaliyyət göstərir. Hazırda burada 14 işçi qüvvəsi çalışır. Orta aylıq əmək haqqı isə günəmuzddur. Karxanada qum-çınqıl istehsalından başqa, keyfiyyətli beton məhsulları da hazırlanır. Obyektin ərazisi 2.5 hektardır. Karxana qum-çınqıl istehsalı üçün ən müasir texnika ilə təchiz olunub. Müəssisənin xidmətindən Qax, Balakən, Zaqatala və ətraf rayonlar istifadə edirlər.
Karxananın icraçı direktoru Həmid Qocayevdir. Həmid müəllim 1952-ci ildə Zaqatala rayonunda anadan olub. Orta məktəbi doğulduğu rayonda başa vurduqdan sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub və ali təhsilini Sənaye və mülki tikinti ixtisası üzrə bitirib. 1977-1996-cı illərdə Zaqatala rayonunun tikinti təşkilatlarında mühəndis, iş icraçısı və s. vəzifələrdə çalışıb. Rəhbərlik etdiyi karxana haqqında ətraflı məlumat verən Həmid müəllim bildirdi ki, burada emal olunan məhsullar həm beton zavodlarının tələbatını ödəyir, həm də digər obyektlərə satılır. Qum, çınqıl və beton tikintinin əsasını təşkil edir. Əgər qum, çınqıl və onlardan hazırlanmış beton keyfiyyətlidirsə, deməli tikinti də keyfiyyətlə aparılacaq və uzunömürlü olacaq.
Sahibkarlığın inkişafına ölkəmizdə göstərilən diqqət və qayğıdan söz açan Həmid müəllim qeyd etdi: «Azərbaycanda sahibkarlıq fəaliyyəti inkişaf edərək əhalinin həyat şəraitinin yaxşılaşmasında xüsusi rol oynayır. Qum-çınqıl karxanası da belə istehsal sahələrindən biridir.
Ölkəmizdə ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sahibkarlıq sahəsində də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmışdır. Ümumiyyətlə, Azərbaycanda sahibkarlıq fəaliyyəti inkişaf edərək əhalinin həyat şəraitinin yaxşılaşmasında xüsusi rol oynamışdır.
Bu gün sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş etdirir. Sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi, fermerlərə subsidiyaların ayrılması, bütövlükdə kənd təsərrüfatını, eləcə də sahibkarlığı stimullaşdıran Dövlət Proqramlarının qəbul olunması və onların müvəffəqiyyətlə icra olunması ölkədə sahibkarlığın inkişafına münbit şərait yaratmışdır.
Azərbaycanda sahibkarlığın inkişafı 90-cı illərin ortalarında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlayıb. Ulu Öndərdən sonra bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi ölkə sahibkarlarına da diqqət və qayğısını əsirgəmir. Ümumiyyətlə, Azərbaycan sahibkarlığın inkişafı üçün əlverişli ölkədir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər.
Biz da öz işimiz, əməyimizlə hər zaman dövlətimizə sadiqliyimizi, əhalinin rifahının yüksəkliyi üçün çalışqanlığımızı sübuta yetiririk».

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 26.06.2020 » Oxundu: 1047
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!