Hər bir insanın ömür yolu onun xoş niyyətinin ziyası ilə nurlanır desək, yəqin ki, səhv etmərik. Salyan rayon Şorsulu Bələdiyyəsinin sədri Elmar Xudiyevin də hələ gəncliyindən niyyəti xalqının, vətəninin, yurddaşlarının xidmətində olmaq, öz əməyi, zəhməti ilə həmvətənlərinə xeyir vermək olub. Bu xoş niyyətinin gerçəkləşməsi üçün zəhməti, əməli, bacarığı ilə öz yolunu seçib. O, 1969-cu ildə Şorsulu kəndində anadan olub. Orta təhsilini doğulub boya-başa çatdığı kəndində aldıqdan sonra Azərbaycan Dövlət Politexnik İnstitutuna qəbul olub. 1998-ci ildə ali təhsilini başa vurub və əmək fəaliyyətinə başlayıb. Elmar müəllim müxtəlif vaxtlarda qaz idarəsində işləyib, su idarəetmə birliyinin sədri vəzifəsində çalışıb. 2014-2019-cu illərdə Şorsulu bələdiyyəsində müavin işləyib. 2025-ci ildə isə bu kəndin bələdiyyə sədri seçilib. Məlumat üçün onu da bildirək ki, ümumilikdə 7 min əhalisi olan Şorsulu və Boranıkənd kəndləri bir bələdiyyədə birləşir. Şorsulu bələdiyyəsi haqqında ətraflı məlumat verən Elmar müəllim qeyd etdi ki, Şorsulu həm kənd, həm də bələdiyyə statusuna malik olan inzibati ərazi vahidi kimi yerli özünüidarəetmə orqanıdır. Şorsulu bələdiyyəsi Salyan rayonunun sosial-iqtisadi inkişafında rol oynayan yerli idarəetmə strukturudur. Salyan RİH-nin başçısının Şorsulu kənd inzibati ərazi dairəsinə daxil olan Şorsulu və Boranıkənd kəndlərinin sakinləri ilə vaxtaşırı görüş keçirməsi, belə görüşlərin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri, RİH başçısı yanında şura üzvlərinin iştirakı əhalinin sabaha olan inamını daha da artırır və rayon rəhbərləri ilə kənd zəhmətkeşləri arasında olan birliyi daha da möhkəmləndirir. İcra başçısının kənd sakinləri qarşısında çıxış edərək son illər respublikamızda və rayonumuzda aparılan çox böyük iqtisadi layihələrdən danışması, əhalini narahat edən problemlərin ölkə başçısı cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə və ardıcıllıqla həll edildiyindən söz açması böyük ruh yüksəkliyinə səbəb olur. Unutmaq olmaz ki, ölkə başçısı İlham Əliyev cənablarının sərəncamı ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində regionların inkişafı sırasında Salyan rayonu, o cümlədən kəndlərimiz də öz görkəmini dəyişir, insanların maddi-rifah halı gündən-günə yaxşılaşır. Şorsulu və Boranıkənd kəndlərinin sakinləri də ölkə vətəndaşlarının maddi, mənəvi rifah halının yaxşılaşması istiqamətində həyata keçirilən layihələri, uğurlu addımları təqdirəlayiq hesab edir. Ölkə Prezidentinin daim diqqət mərkəzində saxladığı sahələrdən biri də kəndlərdə əhalinin rahat şəkildə yaşaması üçün kəndarası yolların əsaslı tikintisidir ki, salyanlılar bu sahənin inkişafı istiqamətində görülən işlərin real şahididirlər. Rayonun digər kəndlərində yol infrastrukturunun yenidən qurularaq, kənd yollarının əsaslı tikintisi aparıldığı kimi Şorsulu və Boranıkənd kəndlərində də 11 kilometrlik yolun əsaslı tikilib əhalinin istifadəsinə verilməsi əməkçilərə böyük töhfədir. Həqiqətən də, yol mədəniyyətdir, yol tərəqqi, yol inkişafdır, yol zəhmətkeşlərə verilən dəyərdir. Elmar müəllim onu da qeyd etdi ki, Şorsulu və Boranıkənd kəndlərində elektrik təchizatı yaxşılaşdırılıb, bütövlükdə kabelləşmə işləri görülüb. Şorsulu kəndində 300 şagirdlik yeni məktəb binası inşa olunub, eyni zamanda, yeni internet xətti də çəkilib. Bütün bunlarla yanaşı, kənddən keçən keçmiş Ələt-Astara avtomobil yolu dünya standartlarına uyğun inşa olunub. Şorsulu bələdiyyəsi tərəfindən Aquşa çayın üzərindəki körpü əsaslı təmir edilib. Kəndarası küçələrə qum-çınqıl tökülüb. Bələdiyyə tərəfindən az təminatlı ailələrə yardım olunması və ərazidə yaşayan 4 yataq xəstəsini daim diqqətdə saxlaması əhaliylə bələdiyyə arasında olan sıx əlaqə və yaxşı münasibətlərin göstəricisidir. Şəhid ailələrlə görüşüb onlara maddi və mənəvi dəstək olmaq da bələdiyyənin gördüyü işlərdəndir. Bələdiyyəyə lazım olan datasiyaların verilməsi isə əhaliyə xidmət işini yaxşılaşdırmaq üçün bir vasitədir.

Gülağa Cəfərov

Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər

Birliyinin uzvu

Daxil olundu: 19.02.2026 » Oxundu: 4038
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!