Bu gün ölkəmiz güclü inkişaf yolu ilə addımlamaqdadır. Bu inkişaf təməlinin qoyulduğu tarix isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız bütün dövrlərdə bu dahi şəxsiyyətin zəkasına, bilik və təcrübəsinə inanıb, ona etimad göstərib. Məhz bu səbəbdən müstəqil dövlətimizin ən çətin günlərində xalqımız təkidlə Ümummilli Lideri ölkənin idarəçiliyini öz üzərinə götürməyə çağırdı və tezliklə öz seçimində yanılmadığının şahidi oldu. Üzərinə düşən vəzifənin öhdəsindən peşəkarlıqla gələn Ulu Öndər Azərbaycanı uğurlu gələcəyə doğru aparan inkişaf yolu müəyyənləşdirdi. Bu gün də həmin yol ilə addımlamağın müsbət nəticələrini görən ölkəmiz daha parlaq gələcəyə doğru üz tutmağın qürurunu yaşamaqdadır. Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız bütün bölgələrdə irəliləyişlərə nail olub. Ölkəmizin sürətli inkişafı onun beynəlxalq miqyasda nüfuzunu da xeyli artırıb. Bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Ümummilli Lider tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasi kurs ölkəmizi regionda güclü, qüdrətli bir dövlətə çevirib. Dövlət başçısının da dediyi kimi bu gün Azərbaycan çox sürətlə və uğurla inkişaf edən bir ölkədir: «Bütün iqtisadi-sosial məsələlər həll olunur, dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycanın gücü artır və bu, bizə inam verir ki, sözün əsl mənasında, müstəqil siyasət aparaq. O siyasət ki, Azərbaycan xalqının iradəsinə söykənir. Bu siyasəti Heydər Əliyev bizə göstəribdir və bu gün Azərbaycan Onun yolu ilə uğurla inkişaf edir». Sevindirici haldır ki, ölkəmizdə bütün sahələr üzrə olan inkişaf tibb sahəsini də əhatə edir. Lakin həkimlik elə bir peşədir ki, onun inkişafını təkcə dövlət siyasəti ilə məhdudlaşdırmaq olmaz. Çünki tibbin inkişafı həm də dünyəvi prosesdir. Bütün elmi nailiyyətlərdən, yeni biliklərdən, əldə olunmuş son kəşflərdən xəbərdar olmaq üçün hər bir həkim daima öz üzərində işləməli, tibb sahəsi ilə bağlı dünyada baş verən bütün yeniliklərdən xəbərdar olmağa çalışmalıdır. Bu baxımdan xəstəxanamızda çalışan tibb işçiləri, həkimlər daima öz üzərində işləyir, heç bir elmi nailiyyətdən kənarda qalmaq istəmirlər. İnkişafın təməli də məhz bu cür qoyulur. Çünki təcrübə ilə nəzəriyyə birləşəndə daha böyük uğur əldə etmək mümkündür. Hazırda ölkəmizdə tibb sahəsi dünyanın ən inkişaf etmiş ölkələrindən heç də geri qalmır. Ən müasir tibbi avadanlıqlarla təminat, lazımı şərait, elmi təcrübələrin artırılması üçün müxtəlif ölkələrdə kurs təhsili almaq, elmi mübadilələrdə iştirak etmək və s. həkimlərimizin dünya səviyyəsində inkişafına müsbət təkan və dövlətimiz tərəfindən göstərilən ən böyük qayğıdır. Zaqatala Mərkəzi Rayon Xəstəxanasının tibb işçiləri də hər zaman bu diqqət və qayğıdan yararlanır və öz peşəkarlıqları ilə insanların sağlamlığı keşiyində daha ayıq-sayıq dayanmağa çalışırlar.

Əfsələddin Buğayev
Zaqatala Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs Direktoru

Daxil olundu: 22.11.2025 » Oxundu: 2029
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!