100 illik yubileyini geniş qeyd etdiyimiz Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır.
Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdir: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından məharətlə çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.
XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsi oldu. Bu mərhələnin şəriksiz lideri unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl xalqın xilaskarı olub.
Ulu öndərimizin uzun  illər bundan əvvəl uzaqgörənliklə müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursu, milli neft strategiyası bu gün öz möhtəşəm bəhrlərini verir. "Əsrin müqaviləsi” çərçivəsində reallaşan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri Heydər Əliyevin milli neft strategiyasının təntənəsi, Azərbaycanın xoşbəxt gələcəyinin möhkəm bazası və möcüzəli açarıdır. İndiyədək əldə etdiyimiz bütün bu möhtəşəm nailiyyətlərin təməlində ümummilli liderimiz, dünya səviyyəli siyasətçi, dövlət xadimi Heydər Əliyevin Azərbaycanın nəinki bugünkü, hətta bir neçə əsr bundan sonrakı inkişafını da təmin etməyə qadir olan siyasi kursu, milli konsepsiyaları dayanır. Ulu öndərimiz hakimiyyətdə olduğu bütün dövrlərdə - 1970-80-ci illərdə, həm də müstəqillik dövründə Azərbaycanın və xalqımızın hərtərəfli inkişafında çox mühüm rol oynayıb. Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir.
Aqrar silahatların aparılması və Heydər Əliyevin həyata keçirdiyi təşkilati, siyasi və digər tədbirlər tezliklə öz bəhrəsini verməyə başladı və aqrar sahədə dönüş yaranmasına səbəb oldu. 1996-cı ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalında 1991-ci ildən davam edən tənəzzülə son qoyuldu və ildən ilə artım əldə edildi. Onu da qeyd etmək lazımdır ki, həmin vaxtdan ötən 14-15 il ərzində keçmiş ittifaq respublikaları olmuş müstəqil dövlətlərdən fərqli olaraq Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmində heç vaxt azalma olmamışdır. Ölkəmiz artıq 1990-cı ilin səviyyəsini arxada qoymuş, heyvandarlıq və bitkiçilik sahəsində rekord nəticələr əldə etmişdir. Hazırda Azərbaycan əhalinin bir çox ərzaq məhsullarına, o cümlədən ət, kartof, tərəvəz, meyvə və digər məhsullara olan tələbatını yerli istehsal hesabına tam ödəyir. Başqa məhsullar üzrə isə xarici ölkələrdən asılılıq minimuma enib. Bu nailiyyətlər ümummilli lider Heydər Əliyevin uzaqgörən aqrar islahatlar siyasətinin uğurla həyata keçirilməsi və onun Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Ölkəmizdə digər sahələrdə aparılan islahatlarla yanaşı əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən aqrar islahatlar öz bəhrəsini verməkdədir. Hazırkı dövrdə heyvandarlığın daha sürətlə inkişaf etdirilməsində, yeni məhsuldar cinslərin yetişdirilməsində, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında və qısırlığın aradan qaldırılmasında süni mayalanmanın çox böyük əhəmiyyəti vardır.
Süni mayalanma işinin daha da genişləndirilməsi məqsədi ilə  Respublika Süni Mayalama Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında “ 14 fevral 2006-cı il tarixli 46 nömrəli qərarı ilə yaradılmışdır.
Respublika Süni Mayalanma Mərkəzi yüksək məhsuldar törədicilərdən toxum alıb, mal-qara arasında süni mayalama tədbirlərini təşkil etməklə, mal-qaranın cins tərkibinin yaxşılaşdırmasına, heyvanların məhsuldarlığının  və damazlıq heyvanların baş sayının artırılmasına xidmət edir.
Prezident İlham Əliyevin imzaladığı heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və hevandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq sərəncamlar da ölkəmizdə heyvandarlığın inkişafı sahəsində yeni perspektivlər açıb. Bu mühüm əhəmiyyətli dövlət sənədlərində Azərbaycanda  heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dair bir sıra vacib tədbirlərin görülməsi öz əksini tapmışdır. 
Bu gün Ulu öndər  Heydər Əliyevin cismən aramızda  olmaması  xalqımız   üçün nə qədər ağırdırsa,  İlham  Əliyev kimi müdrik və bacarıqlı bir dövlət başçısının   Heydər  Əliyev  siyasi  kursunu layiqincə  davam  etdirməsi ən böyük xoşbəxtlikdir.  Çünki Azərbaycanda hüquqi dövlətin banisi, ömrünün 40 ilə yaxın bir müddətini xalqımızın taleyi ilə sıx bağlayan Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin onun siyasi kursunun əzmkar davamçısı ölkə  Prezidenti cənab İlham Əliyev  tərəfindən müasir dövrün tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz bu gün misli görünməyən sürətli inkişaf dinamikası əldə edərək regionun lider dövlətinə çevrilmişdir.
Əminliklə demək olar ki, Ulu öndərin ideyaları daim yolumuza işıq salacaq. Məhz onun dövlətimizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı  işğal altındakı torpaqlarımızın azad edilməsi arzusu Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə  44 günlük Vətən müharibəsi nəticəsində  reallığa çevrildi. İnşallah, rəhbərimizin digər arzuları da çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır.

Elton ƏBDURƏHMANOV,
Respublika Süni Mayalanma Mərkəzinin rəhbəri

 

Daxil olundu: 25.05.2023 » Oxundu: 230
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!