Dil haqqındakı nəzəri elm – ümumi dilçilik birdən-birə yaranmamış, onun yaranması üçün kifayət qədər metodoloji əsaslar olmuşdur. Ümumən dil haqqındakı təsəvvürlərin formalaşmasında xüsusi dilçiliyin verdiyi materiallar nəinki ilkin mərhələdə mühüm əhəmiyyət daşımış, hətta ümumi dilçilik, başqa sözlə, dilçiliyin sonuncu səviyyəsi meydana gələndən sonra da xüsusi dilçiliyin ayrı-ayrı dilləri dərindən təhlil edərkən açdığı imkanlar gərək heç bir şübhə doğurmasın. Lakin ümumi dilçiliyin elə kardinal problematikası da vardır ki, onun həlli xüsusi dilçiliyin imkanları xaricindədir.
Mütəxəssislərin fikrincə, dilçilik elmi üç səviyyəyə ayrılır ki, onlardan birincisi xüsusi dilçilik, ikincisi müqayisəli dilçilik, üçüncüsü isə ümumi dilçilikdir. Əlbəttə, ümumi dilçiliyin öyrənilməsi xüsusi dilçilikdən başlanır (bizim üçün Azərbaycan dilçiliyi), sonra müqayisəli dilçilik (bizim üçün türkoloji dilçilik) gəlir. Zahirən elə görünür ki, müqayisəli dilçilikdən birbaşa ümumi dilçiliyə keçirilir. Əslində isə, müqayisəli dilçilikdən sonra biz xüsusi dilçiliyə qayıdırıq ki, bu qayıdış artıq yeni formatda təzahür edir. Çünki ümumi dilçiliyə gedən yolda etalon (çıxış nöqtəsi) məhz xüsusi dilçilikdir. Ümumi dilçiliyin, əgər belə demək mümkündürsə, predmeti müxtəlif dillər əsasında təsəvvür elədiyimiz bir dil obrazıdır. Ona görə ki, dünyanın hər hansı dilində potensial olaraq bütün dillər ehtiva olunur. Xüsusi dilçilik – müqayisəli dilçilik – ümumi dilçilik sistemində sonuncunun yeri o baxımdan əhəmiyyətlidir ki, o dilçiliyin tarixi, metodları və nəzəriyyəsini özündə ehtiva eləməklə universal prinsiplər aşılayır. Və ümumən dil haqqındakı elmi təmsil edən müxtəlif nəzəriyyələr, məktəblər və təlimlər “dil nədir” sualına cavab vermək məqsədi daşıyır. “Ümumi dilçilik” kursu dilçiliyin əsasları barədə mükəmməl təsəvvür yaratmağa xidmət edir.
Əlbəttə, xüsusilə müstəqillik illərində ölkəmizdə ümumi dilçiliyin inkişafı istiqamətində bir sıra zəruri addımlar atılmış, belə ki, a) dilçilik klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi işi irəliləmiş; b) yeni “Dilçiliyə giriş” və “Ümumi dilçilik” dərslikləri nəşr olunmuş; c) dil nəzəriyyəsinə aid bəzi araşdırmalar aparılmışdır. Ən mühüm məsələlərdən biri də bundan ibarətdir ki, həm Şərq, həm də Qərb dillərinin öyrənilməsində gənc nəslin fəallığı müşahidə edilməkdədir. Bütün bunlar ümumi dilçilik problemlərinin daha müfəssəl, daha dərindən tədrisi imkanlarını genişləndirir.
Bəzən belə təsəvvür yaranır ki, ümumi dilçiliyin, yaxud müxtəlif dil nəzəriyyələrinin effektli tədrisi üçün çoxlu dillər bilmək lazımdır. Heç şübhəsiz, mümkün qədər çox dil bilməyə həyatın, ictimai fəaliyyətin hər sahəsində ehtiyac vardır ki, bunu qloballaşma dövrünün bugünkü çağırışları da israrla tələb edir. Əlbəttə, ümumən dilçilik üzrə ixtisaslaşan tələbənin bir neçə xarici dilə bu və ya digər səviyyədə yiyələnməsi əhəmiyyətsiz deyil. Lakin dil haqqındakı elmin klassiklərinin (V.fon Humboldtun, F.de Sössürün) də göstərdikləri kimi, dilçi bir dili o qədər mükəmməl bilməlidir ki, onun əsasında ümumən dilin mahiyyəti, daxili quruluşu (sistem-strukturu), sözün geniş mənasında sosial təbiəti barədə mühakimə yürütməyə qadir olsun. Çünki dillər bir-birindən istər mənşəyinə, istər tipologiyasına, istərsə də ekstralinqvistik xarakterinə görə nə qədər fərqlənsələr də, hər bir dil ayrı-ayrılıqda bizim ümumən dil haqqındakı təsəvvürümüzü müəyyən etməkdədir. Ona görə də təsadüfi deyil ki, Azərbaycan dilçiliyi öz tədqiqat obyektinin (türk mənşəli Azərbaycan dilinin) ən səciyyəvi cəhətlərini ortaya çıxarıb aydınlaşdıranda belə, dil haqqındakı elmin milli sərhəd tanımayan ümumi nəzəri-metodoloji müddəalarına nə qədər yaxından əsaslanırsa, onun qənaətləri o qədər elmi səciyyə daşıyır.
Kitab hazırlanarkən, demək olar ki, bütün oçerklər müştərək işlənmişdir. Bununla belə, vəsaitdə Panini, Por-Royal və N.Xomski ilə bağlı hissələr Q.Cəfərovun, M.A.K.Hallideyin funksional dilçiliklə bağlı konsepsiyaları isə S.Həsənzadənin elmi tədqiqatlarından götürülmüşdür.
Tələbələrin ixtiyarına verilən bu kitab ümumi dilçilik üzrə mövcud dərslikləri əvəz etmək iddiasında deyil. Əksinə, o, tədris proqramının tələblərinə uyğun olaraq hazırlanmış və müasir dilçilik elminin əsas mövzularını əhatə edən doqquz oçerkdən ibarət bir topludur ki, həmin oçerklər dilçiliyin tarixi, metodları və nəzəriyyəsi, eyni zamanda antroposentrik paradiqmanın tələbi ilə müasir dövrün çağırışlarına cavab verən müasir dilçilik istiqamətlərilə bağlı müxtəlif aspektləri ətraflı şəkildə təqdim edir və tələbələrə ümumi dilçilik sahəsində daha dərin bir anlayış qazanmağa imkan verir. Kitabın ən başlıca məqsədi isə daha çox tələbələrə nəzəri bilikləri mənimsəmək və müstəqil araşdırmalar aparmaq üçün faydalı bir tədris materialı təqdim etməkdir.

kriteri.az

Daxil olundu: 19.03.2025 » Oxundu: 151
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!