Azərbaycan filoloji düşüncəsində elminin və şəxsiyyətinin üfüq genişliyi ilə seçilən ziyalı və alimlər arasında görkəmli Azərbaycan dilçisi, filologiya elmləri doktoru, professor İlyas Həmidovun özünəxas yeri vardır. Uzun müddətdir ki, indiki Bakı Slavyan Universitetinin Müasir rus dili kafedrasına rəhbərlik edən İlyas Həmidovun tədqiqatları həm dilçiliyimzin inkişafında, həm də dilçilik elmimizin dünya dilçiliyinə inteqrasiyasında çox mühüm əhəmiyyət kəsb edir və örnək sayıla bilər.
Professor İlyas Həmidov ölkəmizdə rusistika üzrə görkəmli mütəxəssisdir. Onun tədqiqatlarında müasir rus dilinin bütün sahələri çox dərin, sistemli şəkildə əhatə olunur, araşdırılır. O, rus dilinin sintaksisinin araşdırılmasına həsr etdiyi 200-dən artıq məqalənin, «Простое и сложное предложение в современном русском языке» (1989), «Семантика и структура предложения» (1992), «Философия грамматики афоризмов и паремий» (2001), «Аксиоматика» (1999), «Трудные вопросы грамматики» (kollektiv monoqrafiya), «Русский язык в Азербайджане: история, современность, перспективы (Научно-публицистические очерки)» (şərikli) (2005), “Azərbaycanca-rusca atalar sözləri lüğəti” (2004), “Azərbaycanca-rusca, rusca-Azərbaycanca atalar sözü və zərbi- məsəllər lüğəti” (şərikli) (2009), «Фразеологический словарь азербайджанского языка» (şərikli) (2017), «Философия грамматики паремио-фразеологических единиц» (şərikli) kimi monoqrafiya, kitab və lüğətlərin müəllifidir.
Professor İlyas Həmidovun tədqiqatlarında qoyub-həll etdiyi məsələlər həm ölkə daxilində, həmdə ölkə xaricində mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Alimin tədqiqatlarında irəli sürülmüş müddəa və yanaşmalarda dil hadisələrinin bütövlüyü, qarşılıqlı əlaqəliliyi və bir-birindən asılılığı sistemli şəkildə izlənilir. Rus dilində məntiqi, psixoloji, kommunikativ və digər ən müxtəlif cümlə nəzəryyələrində nitq prosesində sərbəst səkildə yaradılan konstruksiyalara münasibətdə predikasiya, modallıq, zaman, şəxs, yer, təsdiq/inkar, hadisələrin məntiqi-semantik nominasiyası kimi sintaktik kateqoriyalardan istifadə edilmiş, lakin nisbətən gənc filoloji sahələrdən olan paremiologiya və frazeologiya sahəsinə aid edilən daşlaşmış, sabit sintaktik konstruksiyalar barədə susulmuş, bu birləşmələrin heç olmasa sintaksisi ilə əlaqəli məsələlər sərhədlərin identifikasiyası və taksonomiyası baxımından diqqətə alınmamışdır. İlyas müəllim rus dilində cümlənin ümumi tipologiyasında universal-analitik konstruksiyalarda sözügedən sintaktik kateqoriyaların nəinki postulatlaşdırılması, eyni zamanda onların hüdudlarını və neytrallaşma şəraitini göstərən sintaktik nəzəriyyə irəli sürməyə nail olmuşdur.
Professor İlyas Həmidov universallıq (bütün dillərdə dilin predikativ tipli frazeoloji vahidlərinin universal-filoloji relyativliyə malik əlaqə(lilik) kəsb etməsi), analitiklik (müxtəlif konseptual məzmunlu paremio-frazeoloji ifadələrin nitqdə verifikativ qrammatik-məntiqi uyğunluq, analitik-linqvistik deyktiklik kəsb etməsi) və müvafiq konstruksiya (paremio-frazeoloji ifadələrin lakonik sintaktik quruluşlu, sintaqmatik predikativ konstruksiyalı birləşmələr (sadə və ya mürəkkəb cümlə, hətta mikromətn) formatında olan dil (nitq) vahidlərini peşəkar səviyyədə sistemləşdirərək universal-analitik konstruksiyalar (UAK) şəklində nəzəri dilçiliyə təqdim etmişdir. O, UAK-a semantik təbəqələşməsi çoxsaylı olan konstruksiyalar kimi yanaşır, bu təbəqələşmənin semantik, distributiv-derivasion və praqmatik səviyyələrdə özünü göstərdiyini qeyd edir.
İstər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda tədqiqatlarının populyarlığı, onlara geniş və çoxlu sayda istinad edilməsi görkəmli tədqiqatçı alimi rus dilinin sintaksisi sahəsində nüfuzlu söz sahibinə çevirmişdir.
Professor İlyas Həmidov müasir paremiologiyanın əsas məsələlərindən biri kimi paremio-frazeoloji predikativ konstruksiyaların, yəni atalar sözü və zərbi-məsəl adlandırılan ifadələrin sistemli təsnifat prinsiplərini müəyyənləşdirmişdir. Alim atalar sözü və zərbi-məsəlin fərqləndirilməsində fəlsəfi-semiotik meyarlara üstünlük verilməsinin tərəfdarı kimi çıxış edir və göstərir ki, sözügedən paremioloji vahidlərin ontoloji mahiyyəti semantikanı mücərrədləşdirmə dərəcəsində təzahür edir. Ümumiləşmiş semantika ən yuxarı dərəcədə linqvo-fəlsəfi səciyyə qazanır ki, bu zaman linqvistik (qrammatik) semantika fəlsəfi mənadan fərqləndirilə bilmir. Cümlə strukturunun predikativ xarakteri real gerçəkliyin dildə ifadəolunma nisbətinin fəlsəfi dərki ilə əlaqəli olur. Atalar sözü və zərbi-məsəl kimi ifadələrə bu yöndən yanaşma alimə belə qənaətə gəlməyə tam əsas verir ki, atalar sözü qlobal, ümumbəşəri, ümumi-sosial xarakterli olub, identik forma və semantika ilə (propozision konseptlə) bir çox xalqlarda çöxlu miqdarda rast gəlinir, amma zərbi-məsəllər barədə bunu demək olmur. Atalar sözləri ikitərkibliyi, komponentlərin dialektik vəhdəti ilə səciyyələnir. Zərbi-məsəllərdə atalar sözlərinin malik olduğu konseptual (linqvo-məntiqi) bazadan, ümumiləşdirmə, mücərrədləşdirmə gücündən danışmaq mümkün deyil. Zərbi-məsəllər konseptuallaşdırma funksiyasından məhrumdur.
Professor İlyas Həmidov yazır ki, “ürək atəşindən su içən kəlmələr”də “... fövqəlbəşəri hissiyatlarla, məhəbbətin nifrətlə, şərin xeyirlə, ələmin nəşə ilə toqquşmasından, sıyrılmasından doğan bu qığılcım ulduzlarının, söz incilərinin, söz sənəti abidələrinin fenomenologiyası, daxili dialektikası, onların konseptual-fəlsəfi mənasının özəyi” hələ kifayət qədər öyrənilməyib. Məhz bu səbəbdən, İlyas müəllim dilçilik elmimiz üçün önəmli olan bu mövzuların tədqiqini təcrübəli elmi rəhbər və kadr hazırlığı təşkilatçısı kimi diqqət mərkəzində saxlayır. Görkəmli alimin “...müdriklik apofeozu, zaman və məkan hüdudlarına nüfuz etmiş insanın kiçik ürəyinin, amma qüdrətli ruhunun, bəşəri hissiyyatının misilsiz simfoniyası” adlandırdığı atalar sözü, zərbi-məsəl və digər paremio-frazeoloji konstruksiyaların kateqorial-sintaktik xarakteristikasi, etimoloji aspektdə tədqiqi, onların etimoloji lüğətinin tərtibi prinsipləri, paremio-frazeoloji konstruksiyaların Azərbaycan, türk, rus və ingilis dilləri kimi müxtəlif quruluşlu dillərdə identik modelləri, okkazional formaları (kvaziparemiyalar), tərcüməsi və s. məsələlər onun rəhbərliyi altında işləyən doktorant və dissertantların dissertasiya işlərində araşdırılır. Bütün bunlar onu göstərir ki, artıq professor İlyas Həmidovun adı ilə bağlı sintaktik məktəb haqqında danışmaq mümkündür.
Professor İlyas Həmidovun tədqiqatları praktika ilə üzvi şəkildə əlaqəlidir. Elmi ideya və müddəaları müəllifi olduğu dərslik və vəsaitlərdə gerçəkləşdirilir. Ümumtəhsil məktəblərinin müxtəlif sinifləri üçün yazdığı dərsliklər buna nümunə ola bilər.
Professor İlyas Həmidov elmi-pedaqoji fəaliyyəti ilə ölkə hüdudlarına sığmayan, bu hüdudlardan kənarda da Azərbaycan dilçiliyini ləyaqət, şərafətlə təmsil və təbliğ edən qüdrətli alim, parlaq şəxsiyyət və ziyalı kimi hörmət və sayğı sahibidir.
Professor İlyas Həmidov danışıq, davranış etibarilə müsahibini ilk təmasda heyran edən, kökdən gələn ədəb-ərkan, nəzakət sahibi, alicənab, kübar, müdrik İnsan, ziyalı şəxsiyyətdir ki, indi belə əlamət və xüsusiyyətlər, adətən “köhnə kişi” epiteti ilə təyin edilir.
Professor İlyas Həmidov bütün həyatı boyu xalqına, torpağına, vətəninə təmənnasız xidmət etmiş ziyalı, alim və pedaqoqlarımızdandır. Alimin ən böyük vəzifəsini yazıb-yaratmaqda görən professor İlyas Həmidov yorulmadan, usanmadan çalışır, araşdırmalarını davam etdirir. Əminik ki, bundan sonra da oxumaq və öyrənmək arzusunda olan oxucu, tələbə və həmkarlarını “ürək atəşindən su içən kəlmələr”in, ümumiyyətlə, dilçilik elmimizin çeşidli məsələlərinə həsr edəcəyi sanballı əsərləri ilə sevindirəcək. Doğum gününüz mübarək, İlyas müəllim! Sağlıqlı və uzun ömür nəsibiniz olsun!

İlham Tahirov

Daxil olundu: 16.06.2023 » Oxundu: 2580
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!