Mütəxəssislərin rəyinə görə müharibə şəraitində olmuş bir çox ölkələrdə əqli və psixi problemi olan uşaqların sayı daha çoxdur. Belə uşaqların sosial adaptasiyası və ünsiyyət çətinliyini aradan qaldırmaq üçün xüsusi müəssisələr fəaliyyət göstərir. Ölkəmizdə fəaliyyət göstərən Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri də məhz bu missiyaya xidmət edir. Respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən bu məktəblərə Heydər Əliyev Fondu tərəfindən xüsusi diqqət göstərilir.
Heydər Əliyev Fondu yarandığı vaxtdan həyata keçirdiyi layihələr sırasında uşaq evləri və internat məktəblərinin inkişafı proqramına xüsusi əhəmiyyət verir. Proqram çərçivəsində respublika üzrə bir çox uşaq müəssisələri əsaslı şəkildə təmir edilib, yeni avadanlıqlarla təmin olunub, əlavə yardımçı binalar inşa edilib və kommunal şərait yaxşılaşdırılıb. Bu müəssisələrdəki kitabxanalar müvafiq tədris vəsaitləri və ədəbiyyatla təmin olunub. Əksər uşaq evləri və internat məktəblərində kompüter quraşdırılıb, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılıb. Uşaqların hərtərəfli inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədi ilə müəssisələrdə mütəmadi olaraq treninqlər keçirilir. Uşaq evləri və internatda təhsil alan şagirdlərə vətənpərvərlik hissinin aşılanması, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə ardıcıl olaraq müxtəlif tədbirlər, festivallar, müsabiqələr keçirilir. Respublikanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna və ən böyük himayədarına çevrilib. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqətdə saxlayır və bütün fəaliyyəti ilə Azərbaycanın xoşbəxt gələcəyinin yanında olduğunu təsdiqləyir. Bu xeyirxah missiyadan yararlanan müəssisələrdən biri də Lənkəran şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbidir.
Bir neçə gün əvvəl məktəbdə «Bir ovuc təbəssüm, bir dünya işıq» adlı tədbir keçirilib. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bu tədbir Lənkəran Mərkəzi kitabxaqasının təşkilatçılığı ilə reallaşıb. Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra kitabxana əməkdaşları tərəfindən uşaqlara bayram sovqatları paylanıb. Tədbirin bədii hissəsi incəsənət ustaları ilə yanaşı, məktəbin istedadlı uşaqlarının ifaları və rəqsləri ilə davam edib. Günü böyük ruh yüksəkliyi ilə başa vuran uşaqların sevinib əylənməsi onların valideynlərinə və müəllimlərinə də böyük sevinc bəxş edib.
Şərqiyyə Eminova
Lənkəran şəhər sağlamlıq imkanları məhdud
uşaqlar üçün Xüsusi internat məktəbin direktoru