Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli məlum sərəncamından sonra bir sıra lüğətlər hazırlandı ki, onlardan biri də gərgin axtarışlar nəticəsində ərsəyə gələn və ən işlək olan «Azərbaycan dilinin orfoqrafiya lüğəti»dir. Azərbaycan müstəqillik əldə etdikdən sonra tərtib edilən bu lüğət dilimizin 80 min sözünü özündə ehtiva edir. Dilimizin orfoqrafik qayda-qanunlarına söykənən bu lüğətdə digər lüğətlərdə gözdən yayınan sözlərin dəqiq yazılış formasına və bəzi mübahisəli sözlərin dəqiqləşdirilməsinə nail olunmuşdur. Lakin bəzi mübahisə doğuran sözlər də lüğətdə yer almışdır. 2013-cü ildə isə 110 min 563 sözü əhatə edən yeni bir orfoqrafiya lüğəti nəşr olundu ki, burda da əvvəlki nəşrlərdə olan nöqsanların bəziləri eynilə qaldı. Bu lüğətə hər bir azərbaycanlının tez-tez müraciət etməsini nəzərə alsaq, burada mübahisəyə səbəb olan sözlərin yazılışının dəqiqləşdirilməsinə zəruri ehtiyac vardır. Bu baxımdan biz -varı; -vari şəkilçisinin sözlərə qoşularaq necə yazılması barədə danışmaq istərdik. 1975-ci ildə çapdan çıxmış «Azərbaycan dilinin orfoqrafiya lüğəti»nin 15-ci səhifəsində bu şəkilçi ahəng qanununa tabe olmayan bir cür yazılan şəkilçi kimi -varı formasında verilir. Məsələn; buynuzvarı, qalxanvarı, zolaqvarı, yüngülvarı, üzükvarı, halqavarı. Həmin şəkilçi 2004-cü ildə nəşr olunan «Azərbaycan dilinin orfoqrafiya lüğəti»nin 8-ci səhifəsində bir cür yazılan sözdüzəldici şəkilçi olaraq -vari şəklində verilsə də, nədənsə lüğətin içində -varı kimi verilir. Məsələn; buynuzvarı (s. 106), halqavarı (s. 259), qalxanvarı (s. 366), üzükvarı (s. 666), yüngülvarı (s. 711) və s. Lakin 2006-cı ildə çapdan çıxmış 4 cildlik «Azərbaycan dilinin izahlı lüğəti»ndə bu şəkilçi bir cür yazılan -vari formasında verilir. Məsələn: Buynuzvari – sif. Görünüşcə buynuza oxşayan, buynuz kimi (I, s. 366); Halqavari – sif. Halqa, çənbər, çevrə şəklində; dairəvi, halqaşəkilli (II, s. 326); Qalxanvari – sif. Şəkilcə qalxana oxşayan (III, s. 22); Üzükvari – sif. Üzük şəklində olan; halqavari. Üzükvari detal (IV, s. 453); Yüngülvari – sif. 1. Bir qədər yüngül. Əl çamadanı boyda, yüngülvari bağlama əlimə aldım (M.Cəlal). 2. Çətin olmayan, çox mürəkkəb olmayan, çox zəhmət, bilik, bacarıq tələb etməyən; asantəhər. Yüngülvari bir iş (IV, s. 634) və s. Göründüyü kimi, istər orfoqrafiya, istərsə də izahlı lüğətdə bu şəkilçinin zaman-zaman vahid prinsip əsasında sözlərə qoşularaq işlənməməsi bu barədə yekdil fikrin olmadığını göstərir. Hətta Ə.Dəmirçizadənin «Müasir Azərbaycan dili» kitabının I hissəsinin 1972, 1984-cü il nəşrlərində bu şəkilçi bir cür yazılan şəkilçi olaraq -varı (qalxanvarı, yüngülvarı, üzükvarı – s. 294) formasında verilsə də, nədənsə 2007-ci il nəşrində -vari formasında verilir. Məsələn; qalxanvari, yüngülvari, üzükvari (s. 240). Təbii ki, bu kitabın 1972-ci ildə nəşr olunan variantındakı fikri, yəni onun bu şəkilçini -varı formasında qəbul etməsini əsas götürmək daha məntiqli olardı. Çünki bu kitab Ə.Dəmirçizadənin sağlığında işıq üzü görmüşdür. Amma alimin bu şəkilçini -varı formasında qəbul etməsi fikri ilə razılaşmaq isə bir qədər çətindir. Çünki apardığımız araşdırma göstərdi ki, nəinki Ə.Dəmirçizadə, hətta tanınmış türkoloq E.V.Sevortyan tərəfindən bu şəkilçinin 1 cür yazılan şəkilçi kimi təqdim olunması yanlışdır. Belə ki, E.V.Sevortyan «Аффиксы именного словообразования в Азербайджанском языке» (Москва, 1966) əsərində bu şəkilçinin izahını belə verir: «Fars dilindən alınma -vari («oxşar») sifəti Azərbaycan dilinin söz yaradıcılığında oxşatma-kiçiltmə mənasında öz əksini tapmışdır. Məsələn, vintvari (neologizm), yüngülvari və s. Birinci sifəti (vintvari) nəzərə alsaq, -vari forması hələ də Azərbaycan dilində məhsuldar ola bilər» (s. 183-184).
Azərbaycan dilçiliyində bu şəkilçinin 1 cür, yəni -varı formasında yazılmasının tərəfdarı olanlar fikirlərinə haqq qazandırmaq üçün bu şəkilçinin alınma şəkilçi olduğunu əsas gətirirlər. Əvvəla, onu deyək ki, lap onların təbirincə, bu şəkilçinin 1 cür yazılmasını qəbul etsək belə, əsl forması -vari şəklindədir.
Bu şəkilçinin sözlərə qoşularkən -varı, yoxsa -vari kimi yazılmasını dəqiqləşdirib fikrimizi əsaslandırmaq üçün bu tipli şəkilçilərin sözlərə artırılarkən necə yazılmasına diqqət edək. Belə ki, Ə.Dəmirçizadənin «Müasir Azərbaycan dili» (Bakı, 1972) kitabının I hissəsində -stan şəkilçisinin 1 cür yazılması qeyd olunur. Məsələn: Gürcüstan, Ermənistan və s. Lakin məkan mənalı isimlər əmələ gətirmək üçün bu şəkilçinin bəzi sözlərə -stan formasında artırılması tələffüzdə ağırlıq yaratdığından görkəmli alimi belə bir xüsusi qeyd verməyə sövq etmişdir: «Samitlə bitən sözlərdə -stan şəkilçisindən əvvəl sözün son hecasındakı saitə uyğun olaraq qapalı saitlərdən biri – ı, i, u, ü əlavə olunur: Dağıstan, Özbəkistan, Kürdüstan, Monqolustan və s.» (s. 294).
Bundan başqa, B.Xəlilov «Müasir Azərbaycan dilinin morfologiyası» əsərinin II hissəsində (Bakı, 2007) yazır: «Ərəb və fars isimlərindən son şəkilçilər vasitəsilə düzəltmə sifətlər əmələ gəlir. -ı (-i, -u, -ü) şəkilçisi: badamı (göz), palıdı (rəng), armudu (stəkan), gümüşü (saç) və s.» (s. 97).
Beləliklə, bütün yuxarıda söylədiyimiz fikir və dəlillər bizə sözügedən şəkilçinin son saitinin artırıldığı sözün son hecasındakı saitin ahənginə uyğun olaraq yazılmasının daha məqsədəuyğun olduğunu söyləməyə əsas verir. Yəni sözün son hecasındakı sait incə olduqda ona qoşulan şəkilçinin də son saiti incə (üzükvari, yüngülvari), qalın olduqda isə ona qoşulan şəkilçinin də son saiti qalın (buynuzvarı, halqavarı, qalxanvarı) olsa, daha dəqiq və düzgün olar. Belə olduqda sözün tələffüzündə də ağırlıq yaranmaz.
Qeyd edək ki, bu məqalənin nisbətən müxtəsər variantı hazırda əlimizdə olan «Azərbaycan dilinin orfoqrafiya lüğəti»nin 2013-cü il nəşrindən öncə «Elm» qəzetinin 28 iyun 2013-cü il, № 33-36 (1090-1093) nömrəsinin 19 səhifəsində çap olunmuşdur. O zaman fikrimiz nəzərə alınmasa da, amma Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin 2017-ci ildə nəşr etdirdiyi «Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü»ndə sözügedən şəkilçi məhz bizim təklif etdiyimiz 2 variantda (-varı, -vari) verilmişdir.

 Aqil Cəfərov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Daxil olundu: 01.12.2018 » Oxundu: 3679
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!