İnsanın ömür yolu onun yaşadığı illərin sayı ilə hesablanmasın gərək. Çünki ömrün dəyəri onun uzunluğu, qısalığı ilə deyil, mənası ilə ölçülür. Ömrünü yaşadığı illərin sayı ilə deyil, mənası ilə dəyərləndirən, yaşı o qədər çox olmasa da, şəhərfli ömür yolu keçən insanlardan biri də Lənkəran rayon Mamusta kənd Bələdiyyəsinin sədri Kazım Fətullayevdir.
Kazım müəllim 1974-cü il fevral ayının 11-də Mamusta kəndində dünyaya gəlib. Orta məktəbi doğulduğu kənddə başa vurduqdan sonra ali təhsil alıb. 1992-ci ilin may ayında ordu sıralarına çağırılıb. 1993-cü ilə kimi Laçın bölgəsində əsgəri xidmətdə olub. 1993-cü ilin mart ayında hərbi xidmətini yerinə yetirərkən yaralanaraq sağlamlığını itirib və elə həmin vaxtdan Qarabağ müharibəsi əlilidir.
Kazım müəllim 2003-2009-cu illərdə fərdi işlə məşğul olub. 2009-2014-cü illərdə kənd bələdiyyəsinin üzvü işləyib. 2019-cu ildə isə bələdiyyə sədri seçilib.
Kazım Fətullayev məlumat üçün bildirdi ki, Mamusta və Daştalığcar kənd bələdiyyəsinin ümumilikdə 968 hektar torpağı vardır. Bundan 650 hektar payı bəlli torpağı, digərləri vətəndaşların xüsusi mülkiyyət torpağıdır. 120 hektarlıq torpaq sahəsi isə yolların, kanalların və s.-nin payına düşür.
7 min 30 nəfər əhalisi olan bu kənddə iki məktəb fəaliyyət göstərir. Bu məktəblərdə yüksək ixtisaslı peşəkar müəllimlər çalışır. Burada elmin tədrisi ilə yanaşı, şagirdlərin hərbi vətərpərvərlik ruhunda təlim-tərbiyəsinə də xüsusi diqqət yetirilir. Bəlkə elə bunun nəticəsidir ki, 2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, bu kəndin gəncləri də yaxından iştirak ediblər və böyük qəhrəmanlıqlar göstəriblər. Bələdiyyə ərazisində, ümumiyyətlə, 50-dən çox Vətən müharibəsi iştirakçısı vardır. Onlardan 1 nəfəri – Afərin Müqəddəs oğlu Qulamzadə ağır döyüşlərin birində qəhrəmancasına şəhid olaraq əbədiyyətə qovuşub. Döyüşçülərdən 5 nəfəri qazi, digərləri isə müharibə iştirakçısıdır.
Bələdiyyə tərəfindən şəhid ailəsinə, qazi və müharibə iştirakçılarına yaxından köməkliklər olunur, vaxtaşırı maddi və mənəvi dəstək göstərilir. Onların yaşadığı küçələrə qum və çınqıl tökülüb ki, övladları məktəbə rahat gedib gələ bilsinlər. Həmin müharibə iştirakçılarını rayon İcra Hakimiyyətində qeydiyyata alaraq ev növbəsinə götürüblər. Bu isə yaxın gələcəkdə onların evlə təmin olunacağı deməkdir.
«Məlumdur ki, yerli əhəmiyyətli problemlərin həll olunması səlahiyyətinə malik yerli özünüidarəetmə orqanı olan bələdiyyələr yerli sosial müdafiə və yerli iqtisadi, sosial inkişaf proqramları həyata keçirir. Bələdiyyələr yerlərdə xalqın tələbatına uyğun şəkildə bütün mövcud problemlərlə məşğul olur. Ən ümdə məqsədimiz isə əhalinin yaşayış səviyyəsinin, şəraitinin daha yaxşı, daha rahat olmasıdır. Yolların rahatlığı, sosial obyektlərin komfortluluğu, ehtiyacı olan insanlara maddi dəstəyin göstərilməsi və s. bələdiyyə tərəfindən birbaşa insanlara xidmət deməkdir. Bunun üçün əlimizdən gələni edir, var qüvvəmizlə çalışırıq» – söyləyir Kazım müəllim.
Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
