Böyük Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə son qoymaqla yanaşı, onun özünə olan inamını, qürurunu da geri qaytardı. Bu şərəfi bizə müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığı, qəhrəman ordumuzun şücaəti və xalqımızın dəmir yumruq kimi möhkəm olan birliyi yaşatdı. Bu yolda təəssüflər olsun ki, itkilərimiz də az olmadı. Neçə-neçə igid oğullarımızı şəhid verdik. Amma heç bir qələbə itkisiz olmur deyirlər. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün canlarını fəda edən o oğullar öz ömürlərini müqəddəs bir amal uğrunda qurban verdilər. Xalqımızın mənəvi birliyini, gücünü, yenilməzliyini dünyaya nümayiş etdirərək, şərəf və ləyaqətimizi özümüzə qaytardılar. Bizlərə qalib xalq deyiminin fəxrini yaşatdılar. Bu sevinci təkcə insanlarımız deyil, divarları doğma səsə, nəfəsə həsrət qalan binalar, uçulub-dağılmış idarə və təşkilatlar, səhiyyə və təhsil ocaqları, mədəniyyət idarələri də yaşamışdı. İllərlə öz sahiblərinin isti nəfəsinə, hənirinə həsrət qalan bu binaları namərd düşmən vəhşiliyi ilə yanaşı, həm də həsrətin acı mehi yıxıb dağıtmışdı. Qələbə sevincini insanlarla bərabər, uçulub-dağılmış binaların daşı, kərpici də yaşadı desək, yəqin ki, mübaliğə olmaz.
Düşmən vəhşiliyinin, qonşu namərdliyinin qurbanı olan təhsil müəssisələrindən biri də hazırda Mincəçevir şəhərində məskunlaşmış 26 saylı Ağdam tam orta məktəbidir. Öz doğma məkanına dönəcəyi günü səbirsizliklə gözləyən məktəb Zəfər günündən sonra daha da canlanıb, fəallaşıb, ürəkli, cəsarətli olub.
Ağdam 26 saylı köçkün tam orta məktəbin hazırda 85 şagird və 27 müəllim kontingenti var. Məktəbə Ceyhunə Şəfiyeva rəhbərlik edir. O, 1981-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Orta məktəbi başa vurduqdan sonra hüquq ixtisası üzrə ali təhsil alan Ceyhunə xanım, 2014-2018-ci illərdə ikinci ali təhsil olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində oxuyub. Əmək fəaliyyətinə Ağdam Texniki Yaradıcılıq Mərkəzində başlayan Ceyhunə xanım 2011-ci ildə hazırda rəhbərlik etdiyi məktəbdə direktor əvəzi vəzifəsində çalışıb. 2014-2018-ci illərdə isə məktəbin psixoloqu olaraq fəaliyyət göstərib. 2019-cu ildə işə qəbul üzrə imtahan verərək məktəbə yenidən direktor əvəzi təyin edilib. 2021-ci ildən isə sözü gedən məktəbin direktordur.
Burada əsasən təcrübəli və yüksək ixtisaslı müəllimlər çalışır. Məktəbin nümunəvi müəllimlərindən olan dil-ədəbiyyat müəllimi Zərifə Rüstəmovanın, Təranə Şirinovanın, hərbi rəhbər 44 günlük Vətən müharibəsi veteranı Davud Mirzəyevin, təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə Məmmədovanın, Nəzakət Adıgözəlovanın, Zülfiyyə Quliyevanın və digərlərinin adını çəkmək yerinə düşərdi. Məhz belə məsuliyyətli və bacarıqlı pedaqoji kollektivin zəhməti sayəsində məktəbin şagirdləri uğurlu nəticələr əldə edir, hər il yüksək bal toplayaraq müxtəlif ali təhsil ocaqlarına qəbul olurlar. Məktəb bu gün də öz məzunlarının uğurları ilə fəxr edir, harada çalışıb-işləmələrindən asılı olmayaraq təhsil aldıqları məktəbi unutmayan, onun adını hər zaman uca tutan keçmiş şagirdlərinə ata ocağı qədər doğmalıq göstərir.
Məktəbdə elmi biliklərlə yanaşı, idmana, musiqiyə, incəsənətin müxtəlif sahələrinə maraq göstərən şagirdlərə də xüsusi diqqət yetirilir, onların yarış və müsabiqələrdə uğurlu nəticə əldə etmələri üçün bütün lazımı tədbirlər görülür. Bu diqqət və qayğının nəticəsi olaraq fənn olimpiadasının iştirakçısı Muradov Kamran II yerə layiq görülüb. Məktəbin şagirdləri "Heydər Əliyev şagirdlərin gözü ilə" tədbirlərində isə həmişə fəal olublar və uğurlu nəticələr əldə ediblər.
Ceyhunə xanım: "Bizim şagirdlərimizə aşıladığımız ən əsas məsələ vətənpərvərlikdir. Çünki qəlbində Vətən sevgisi olmayan kəs heç bir sahədə uğur qazana bilməz. Qazansa da, ölkəyə, xalqa, Vətənə xeyri dəyməz" – söyləyir.

G.Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 14.12.2022 » Oxundu: 366
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!