Bir xalq olaraq biz tənqidləri çox sevirik, bəlkə də bu bizə ata-babalarımızdan miras qalıb. Həmişə fikirləşirəm, görəsən M.Ə.Sabiri, Mirzə Cəlili biz əcnəbi dillərə tərcümə etsək onlar bizi başa düşərlərmi? Fikirləşməzlər ki, bunların elə hamısı belədir. Həqiqətən də düşnülməli məqamdır. Əlbəttə, tənqid inkişaf üçün çox önəmlidir, amma axı doğru olanları, yaxşıları da təbliğ etmək lazımdır ki, o da inkişaf etsin. Bu mənada yaxşı olanları, inkişafa dəstək verənləri də zaman-zaman işıqlandırmaq, bu inkişafa səbəb olan insanları ruhlandırmaq, yeni-yeni faydalı işlərə sövq etmək də lazımdır və bəlkə də vacibdir.
Son illər bizdə daha bir pis tendensiya yaranıb. O da ondan ibarətdir ki, hamı hər şeydən danışır, sahəni bildi-bilmədi tənqid edir. Bəzən bu cür lüzumsuz tənqidlərə Dilçilik İnstitutu da tuş gəlir. Doğrudur, son aylar bu tənqidlər xeyli dərəcədə səngiyib. Bu da heç şübhəsiz, İnstitutda son aylar gedən müsbət dəyişikliklərlə bağlıdır. Qeyd olunmalıdır ki, problemlər çox vaxt düzgün idarəçiliyin olmaması ilə bağlı olduğundan İnstituta gələn yeni rəhbərlik bu problemlərin əksəriyyətini həll edə bilib. Görünən odur ki, elmi ictimaiyyətə yaxşı tanış olan professor Nadir Məmmədlinin gəlişindən sonra irəliyə doğru böyük bir addım atılmış, Dilçilik İnstitutunda işlər öz axarı ilə getməyə başlamışdır. Professor Nadir Məmmədli Dilçilik İnstitutunda yeni sima deyil. Azərbaycanın tanınmış dilçisi və naşiri olan filologiya elmləri doktoru, professor həm Azərbaycan dili üzrə dissertasiya şurasının elmi seminarının sədri və Müdafiə şurasının üzvü olduğu dövrdə də öz tələbkarlığı, düzgünlüyü, eyni zamanda isə həqiqi elm adamlarının hamisi kimi tanınırdı. Daim dilçiliyimizə və dilçilərimizə yardımçı olan professor Nadir Məmmədlinin Dilçilik İnstitutuna direktor seçilməsi hamının ürəyincə oldu. Çünki professor Nadir Məmmədlinin özü də demək olar ki, kollektivin hər bir üzvünü tanıyırdı. Son illər ilk dəfə olaraq İnstitutun yaxşı mənada fərqlənməyə başlaması da bilavasitə bununla bağlıdır. Çünki artıq hamı öz işi ilə məşğul olmağa başlamışdır. İllərlə nəşrini gözləyən və elmi əsərlər arxivlərdən qaldırılaraq nəşr olunur. Professor Nadir Məmmədli eyni zamanda işçilərə qayğı göstərməyi ilə də seçilir. Məhz bunun nəticəsidir ki, filologiya elmləri doktoru Mayıl Əsgərovun 60 illik yubileyi qeyd edilmiş və bu məqsədlə Dilçilik İnstitutunun “Dilçilik araşdırmaları” jurnalının xüsusi nömrəsi çox nəfis şəkildə “Mayıl Əsgərov 60” şəklində nəşr olunmuşdur. Qeyd edilməlidir ki, bu İnstitutda son illər nəşr olunan ilk belə kitabdır. Bu yaxınlarda isə 85 yaşı tamam olan professor Qəzənfər Kazımovun yubileyi ilə bağlı Respublika konfransının keçirilməsi qərara alınmışdır. İnstitut hazırda Azərbaycan dilçiliyinin patriarxlarından biri, hamının sevimli müəllimi Qəzənfər Kazımovun yubileyinə hazırlaşır. Şübhəsiz, alim üçün bundan böyük sevinc, bundan böyük hədiyyə ola bilməz. Hamı onun əməyinin qiymətləndirilməsini istəyir. Bu mənada institut rəhbərliyinin, xüsusən də Dilçilik İnstitutun baş direktoru professor Nadir Məmmədlinin əməyi danılmazdır. Son aylar Dilçilik İnstitutunun əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların və elmi müəssisələrin sayı artmış, 27 mart 2022-ci ildə isə Dilçilik İnstitutu və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Mahmud Kaşğarlı Beynəlxalq Elm Mədəniyyət və Təhsil Konfrası” (Divani Lüğətit Türk 950) adlı onlayn konfrans keçirilmişdir. Konfransda Azərbaycan, Türkiyə, İndoneziya, Filippin, Hindistan, Pakistan, Nigeriya, Şimali Kipr, Çin və Avstraliyadan olan alimlər iştirak etmişlər. Professor Nadir Məmmədli Dilçilik İnstitutuna direktor seçildikdən sonra elmi kadrların hazırlığına da diqqət artmışdır. Bu məqsədlə doktorant və dissertantların o cümlədən, işçilərin attestasiyası keçirilmişdir. İnstitutun ölkənin müxtəlif Universitetləri ilə qarşılıqlı əməkdaşlıq barədə imzaladığı müqavilələr əsasında hazırda İnstitutda xeyli sayda tələbə praktika, eyni zamanda bir neçə müəllim ixtisasartırma kursu keçir. 
İnanırıq ki, cəmi bir neçə ay ərzində Dilçilik İnstitutunda dönüş yaratmağa nail olan professor Nadir Məmmədli başladığı işləri davam etdirəcəkdir.

Rasim Heydərov
filologiya üzrə fəlsəfə doktoru, dosent

Daxil olundu: 21.05.2022 » Oxundu: 679
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!