Lənkəran rayon Vilvan kəndində yerləşən FREŞHGAR DEN şirkəti rayonun ən böyük şirkətlərindən biridir. Şirkət əsasən çiyələk yetişdirilməsi ilə məşğuldur. Şirkətin rəhbəri İsgəndər Şərifov və şəriki Şaiq Həsənov uzun illərdir ki, təsərrüfat işləri ilə məşğuldurlar. Burada isə 2017-ci ildən fəaliyyətə başlayıblar. 2007-2017-ci illərdə Cəlilabad rayonunda torpaq icarəyə götürərək çiyələk əkini ilə məşğul olmuşdular. İllərin təcrübəsi onlara əkin sahələrini, fermer təsərrüfatlarını genişləndirməyə imkan yaratmışdı. 3-5 hektarlıq sahə ilə əkinə başladıqları təsərrüfatlarını hazırda 50 hektara çatdırmışdılar. Şirkətdə əsasən Albion və Sanandraes çiyələk sortları yetişdirilir. Şirkətin əsas işçi qüvvəsi 48 nəfər olsa da, günəmuzd işləyənlər 400-500 nəfərə yaxındır. Şirkətdə orta aylıq əməkhaqqı 450 manat civarındadır. Buradakı nümunəvi işçilərdən Şaiq Həsənovun, Sadiqin, Mailin, Baloğlanın, Natiqin və başqalarının adını çəkmək xüsusilə yerinə düşərdi. Burada ildə 3 dəfə çiyələk yetişdirilir. Şirkət rəhbərləri bildirdilər ki, burada ötən il 400-500 tona yaxın çiyələk satılıb. Bu il isə iş bir az zəifləyib. Çünki əsas məhsullar müqavilə əsasında Rusiyanın müxtəlif bölgələrinə ixrac edilirdi. Lakin hazırda Rusiyada müharibənin davam etməsi ilə əlaqədar olaraq məhsul satışı qeyri-mümkün olmuşdur. Həmçinin bu il rayonda may və iyun aylarının yağışlı keçməsi qabıqsız meyvə olan çiyələklərin daha tez cürüməsinə səbəb olub. Sağlam məhsulların yalnız 200-250 tonunu şirkətin soyuducu anbarlarında saxlamaq mümkündür. Bu anbarlarda sitrus meyvələrindən də 200-250 tonu saxlanılır. Şirkətdə limon, mavigilə və digər sitrus meyvələri əkilir. Burada lazımı texnikaların olması məhsuldarlığın artması üçün ən gərəkli vasitədir. Şirkətdə 3 ədəd lovol texnikası, "Belarus" traktoru, 1 ədəd ekskovator və s. texnikalar vardır. Rəhbərlik bildirdi ki, növbəti mövsümdə 5 hektar kivi əkməyi nəzərdə tutublar. İsgəndər müəllim məlumat üçün onu da dedi ki, işləri genişləndirmək üçün bankdan 450 min manat kredit götürüblər və artıq 2 ildir ki, borclarını yavaş-yavaş ödəyirlər. İsgəndər müəllim təcrübəli bir şirkət rəhbəri olduğu kimi, həm də qayğıkeş ailə başçısı, məsuliyyətli bir atadır. Ocağında 3 oğul övladı yetişir və hər bir övladını xalq üçün, cəmiyyət üçün gərəkli vətəndaşlar kimi böyütməyə çalışır. Böyük oğlu Bakı İqtisad Universitetinin tələbəsidir. İsgəndər müəllim deyir: "Lənkəranda çiyələk əsasən Vilvan, Cil, Boladi və Şağlasir kəndlərində əkilir. Bol məhsul üçün yerli iqlimlərə tez uyğunlaşan sortlara üstünlük verilir. Eyni zamanda sahələrə vaxtında və aqrotexniki qaydalara uyğun qulluq edilir. Suvarma üçün də müasir sistem qurulub. Ümumiyyətlə, çiyələk dəqiqlik və zəhmət tələb edən bitkidir. Məhsuldarlığın səmərəli olması üçün bitkiyə qulluq göstərilməsi ilə yanaşı, zərərvericilərə, həşəratlara qarşı lazımı dərmanların verilməsi də vacib şərtlərdəndir. Həmçinin məhsulun iri və sağlam, rənginin gözoxşayan olması üçün gərəkli gübrələrdən də istifadə edirik. Çiyələyin əkinindən başlamış, becərilməsi və yığımında xeyli işçi çalışır. Onlar demək olar ki, il boyu burada işləyirlər. Çoxunun neçə illik təcrübəsi var. Çiyələyi zədələmədən dərməyin də xüsusi qaydaları var. Çiyələyin yararsız hala düşməməsi üçün mütləqdir ki, onu saplağından tutub dərəsən. Əks təqdirdə nəticə ürəkaçan olmaz. Burada çalışan istər daimi, istərsə də günəmuzd işçilərin öz işlərinə məsuliyyətlə və vicdanla yanaşması məhsuldarılığın keyfiyyətinə müsbət təsirini göstərir".
Gülağa CƏFƏROV,
Keçmiş SSRİ və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
