Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Sabir Əliyev vəfat edib.

“Report” xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

S.Əliyev bir neçə gün öncə COVID-19 diaqnozu ilə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan oub.
1967-1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilmiş və 42 ildir ki, teatrın muğam bölməsinin solistidir.

Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar - “Leyli və Məcnun”da (İbn Səlam, Zeyd, Şeyx), “Koroğlu”da (Vəli, Nadir), “Vaqif”də (Xanəndə, Züvvar), “Şah İsmayıl”da (Çapqınçı), “Əsli və Kərəm”də (Sofi, Osmanlı), “Aşıq Qərib”də (Aşıq Vəli, Şahvələd), “Gəlin qayası”nda (Əmioğlu, Şeyx), “Natəvan”da (Aşıq), “Sevil”də (Azançı) rolları yaradıb.

S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış edib.

S.Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Daxil olundu: 22.12.2020 » Oxundu: 789
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!