Bəzən insanın yaşadığı ömür kitabının bircə səhifəsi onun bütöv bir həyatına işıq tutmağa kifayət edir. Çünki bu işıq o qədər nurlu, o qədər möhtəşəm olur ki, uzun bir ömür yolunu nurlandırmağa gücü yetir. Bu yol şərəf yolu, ləyaqət yolu, vətən, torpaq uğrunda cihad yoludur. Bu yolun yolçularından biri də ehtiyatda olan polis mayoru Quliyev Şaiq Tofiq oğludur. Şaiq müəllim 12 yanvar 1964-cü ildə Tərtərdə dünyaya gəlib. Orta təhsilini doğulduğu rayonda aldıqdan sonra Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olub. 1992-ci ildə ali təhsilini başa vuran Şaiq müəllim təyinatla müxtəlif yerlərdə çalışaraq baş mühəndis vəzifəsinə qədər yüksəlib. 1993-cü ilin yanvar ayından Daxili İşlər Nazirliyində Dövlət Yol Polisi İdarəsinin 16-cı tağımında baş inspektor kimi əmək fəaliyyətini davam etdirib. İşlədiyi illərdə DİN-nin fəxri-fərmanına və təşəkkürnamələrinə layiq görülən zabit Şaiq Quliyev mayor rütbəsinə qədər ucalıb. 2019-cu ilin fevral ayında 35 illik əmək stajı ilə təqaüdə çıxıb. Vətənpərvər bir ailədə boya-başa çatan Şaiq müəllim I Qarabağ müharibəsi veteranıdır. Uzun illər Qarabağ torpaqlarında şərəfli bir döyüş yolu keçib. Qardaşı Elçin Quliyev isə 1992-ci ilin avqust ayında torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. «Ali Baş Komandanımızın böyük sərkərdəlik bacarığı, yenilməz Ordumuzun əzmkar şücaəti, xalqımızın sarsılmaz birliyi sayəsində əldə etdiyimiz böyük Zəfər bütün şəhid ailələrinin dərdinə məlhəm oldu. Torpaqlarımızın düşmən tapdağından azad olunaraq bütövlüyünə qovuşması həm də vətən uğrunda qanıdan, canından keçən şəhid oğullarının ruhlarının rahatlıq tapmasına vəsilə oldu. İnanıram ki, bütün şəhidlər kimi bu gün qardaşımın da ruhu şaddır. Çünki bu torpaq, bu vətən uğrunda tökdükləri qan hədər getməyib. Dövlətimiz də şəhidlərimizin xatirəsini həmişə əziz tutur, onların ailələrinə böyük diqqət və qayğı göstərir. Adlarını əbədiləşdirmək üçün küçə və prospektlərə, məktəblərə və digər obyektlərə şəhidlərin adları verilir. Bu isə şəhid ailələri üçün böyük təsəllidir» – deyir Şaiq müəllim. Dövlətimiz Şaiq müəllimin qardaşı şəhid Elçin Quliyevin də qəhrəmanlığını yüksək qiymətləndirib və Tərtər şəhər 3 saylı uşaq bağçasına onun adı verilib. Şaiq müəllim harada işləyib çalışmasından asılı olmayaraq həmişə xalqına və dövlətinə ləyaqətlə xidmət edib. Bu gün də təqaüddə olmasına baxmayaraq qəlbi xalqı və dövləti ilə bir döyünür. Şaiq müəllim deyir: «Biz I Qarabağ müharibəsində döyüşdük. Lakin nə qədər şücaət göstərsək də, mübarizəmiz yarımçıq qaldı. II Qarabağ müharibəsi bizim yarımçıq qoymağa məcbur olduğumuz işi qələbə ilə tamamladı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır».
Gülağa CƏFƏROV,
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü
