Bina tikintisi ilə məşğul olan, zaman-zaman adı qalmaqallarda hallanan (Xəlil Göyüşovun «Körpü-Bina-Tikinti» MMC-si 8 milyonluq tenderin necə qalibi oldu? - MÜƏMMALI GƏLİŞMƏ - Turantv.Az) «Körpü-Bina-Tikinti»nin rəhbəri Xəlil Göyüşovun tikdiyi binalarda bir ömürlük şahlıq taxtını qurması haqqında əvvəlki yazımızda (İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil departamentinin direktoru Kənan Rzayev hansı maraqdan Xəlil Göyüşova məxsus «Körpü-Bina Tikinti» MTK-nın qanunsuz əməllərini dəstəkləyir? (kriteri.az)) məlumat vermişdik. Belə ki, Xəlil Göyüşov tikdiyi binanı dövlətə təhvil verəndən sonra sakinləri rahat buraxmalı olduğu halda, bütün mümkün zəruri imkanlarından istifadə edərək sakinlərə göz verib işıq verməməklə rahatlıqlarını pozur desək, heç də yanılmarıq. Çünki sözügedən iş adamı dövlət orqanlarındakı dost-tanış münasibətlərindən istifadə edərək onun sakinlərə qarşı etdiyi soyğunçuluğuna qarşı çıxan vətəndaşlar üzərində mümkün qədər qoruyub saxlamağa cəhd edir. Bu şəxs əvvəlki yazımızda qeyd etdiyimiz kimi, ilk olaraq binanın girişində şlaqbaum qoymaqla ağa olduğunu sakinlərə zorla sırımaq istəyir. İnsan psixologiyası müxtəlif olduğundan sakinlərin bir qismini bu yolla ələ alsa da, sonrakı dönəmlərdə öz hüquqlarını bilən, onlara baş əyməyən sakinlərə son çıxış yolu olaraq guya sakinlərin qayğısına qalırmış kimi «təhlükəsizliyin təmin» olunması adı ilə binada sakinlərin ümumi istifadəsi üçün qoyulan liftin içinə ilk olaraq kamera və liftdən istifadə etmək üçün xüsusi kodla təmin olunmuş qurğunu yerləşdirməklə halalca pullarını verib ev almış sakinlərin cibinə girib soyğunçu əməlini sona kimi davam etdirmək istəməklə, həmçinin vətəndaşların hüquq və azadlıqlarını pozur. Hər şeydən öncə onu qeyd edim ki, insanların icazəsi olmadan yaşadıqları binada özbaşınalıq etmək qanun pozuntusudur. Daha sonra hər blokun çöl və iç tərəfində ayrı-ayrılıqda kamera ola-ola, bloka daxil olan insanların görüntüləri həm çöldən, həm də içəridən quraşdırılmış kameralara qeyd olunduğu halda, liftin içində kameranın qoyulmasının nə əhəmiyyəti var və sakinlərə bəlli olmayan hansı məqsədlərə xidmət edir? Nə qədər doğrudur ki, insan halalca pulu ilə aldığı evinə daxil olmaq üçün Xəlil Göyüşovun adını düz yaza bilməyən savadsız qoluzorlularından icazə alsın. Düşünürük ki, Xəlil Göyüşovun tikdiyi binalarda günahsız sakinlərin iradəsinə bu cür iyrənc yollarla təsir göstərməsini bir adı var. O da harınlıq və tərbiyəsizlikdir. Ümidvaram ki, yazını oxuyan dövlət qurumlarımızda çalışan vicdanlı məmurlarımız məsələni aidiyyatı üzrə müvafiq dövlət qurumlarına çatdırmaqla Xəlil Göyüşovun göstərişi ilə qoluzorlularının Xırdalan şəhəri Qalubiyyə küçəsindəki ünvanda özbaşınalığına son qoyulmasında günahsız Azərbaycan vətəndaşına hüquqi müstəvidə köməkliklərini göstərəcəklər. Çünki təxminən 2 il bundan öncə Xəlil Göyüşovun qanunsuz əməlləri barədə aidiyyatı dövlət qurumları qarşısında faktlar və sübutlarla məsələ qaldırıb müəyyən qədər özbaşınalığı səngisə də görünən odur ki, bu şəxs tutduğu qanunsuz əməllərini, insanlara qarşı olan soyğunçuluğundan əl çəkmək fikrində deyil, əksinə sona kimi davam etdirmək niyyətindədir. Çünki onun qanunsuz əməlləri barədə qanunla müəyyən olunmuş qaydada lazımı sərt cəza tədbirləri görülmür. Ona görə də bu məsələdə biz Xırdalanda yaşayan sakinlər olaraq Xəlil Göyüşovun üzərimizdə qurmaq istədiyi qanunsuz ağalığına son qoyulması üçün ən başlıca köməyi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarından istəyirik. İnanırıq ki, hər zaman olduğu kimi ölkəmizin başçısı bizi Xəlil Göyüşovun və qoluzorlu əməkdaşlarının qanunsuz əməlləri ilə mübarizədə tək qoymaz.

kriteri.az

Daxil olundu: 03.07.2024 » Oxundu: 568
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!