Lənkəranda inkişaf etmiş sahələrdən biri də balıqçılıqdır. Rayonun Xəzər dənizi sahilində yerləşməsi bu diyarda balıqçılığa olan marağı daha da artırıb. Bu sahəyə xidmət edən müəssisələrdən biri də Lənkəran Kiçik Qızılağac Balıqartırma təsərrüfatıdır. Müəssisə 1956-cı ildən fəaliyyət göstərir. Son dövrlərdə müəssisənin işində müəyyən durğunluqlar olmuşdu. Lakin 2018-ci ildən burada işlər sürətlənməyə və daha çox fəallaşmağa başlayıb. Təsərrüfatın ərazisi 38,01 hektardır. Burada süni yolla kütüm, çəki, ağamur və enlialın balıq növləri yetişdirilir. Müəssisəyə Dadaş Abbasov rəhbərlik edir. Əvvəllər burada baş balıqşünas işləyən Dadaş müəllim 10 ildir ki, Lənkəran Kiçik Qızılağac Balıqartırma Təsərrüfatının müdiridir. Burada 20-yə yaxın fəhlə qüvvəsi çalışır. Nümunəvi işçilərdən Elmar Yusubov, Sadiq Quliyev, Kəmalə Mustafayeva, Məlahət Abıyeva və digərlərinin adını çəkmək yerinə düşərdi. Müəssisədə orta aylıq əmək haqqı 400 manatdan yuxarıdır. Dövlətimiz tərəfindən müəssisə lazım olan balıq yemləri və dərman ləvazimatları ilə tam təmin edilir. Dadaş müəllim məlumat üçün bildirdi ki, 2020-ci ildən burada bəslədiyimiz balıqlar daha çox işğaldan azad olunmuş rayonların daxili su hövzələrinə, həmçinin Xəzər dənizinə buraxılır. Burada balıqlar süni yolla və inqubasiya ilə artırılır. Ümumiyyətlə, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı dövlət sifarişi ilə işləyir və hər il 6 milyon 100 min ədədə yaxın balıq su hövzələrinə buraxılır.
Dadaş Abbasov müəssisənin uğurları və inkişafı ilə yanaşı ona narahatlıq yaradan məsələdən də söz açdı. Bu məsələ 2017-ci ildə baş vermiş hadisə ilə bağlıdır. Belə ki, 2017-ci ildə Beləsuvar Gömrük məntəqəsində vətəndaşdan tutularaq müsadirə olunmuş çoxlu miqdarda zəli Baş idarənin sərəncamı ilə müvəqqəti olaraq su hövzəsinə buraxılıb. Lakin müəyyən müddətdən sonra bu zəliləri saxlamaq mümkün olmayıb. Bu çətinliyi nəzərə alan Baş idarə zəlilərin təbiətə buraxılması haqqında göstəriş verib və zəlilər aktlaşdırılaraq təbiətə buraxılıb.
Təəssüflər olsun ki, Dadaş müəllimin başağrıları da məhz bundan sonra başlayıb. Belə ki, bir il yarımdan sonra vətəndaş bəraət alıb və Dadaş müəllimdən zəlilərini tələb edib. Uzun çək-çevirdən sonra vətəndaş Dadaş müəllimdən 1500 manat məbləğində təzminat alıb.
Məsələyə aydınlıq gətirən Dadaş müəllim deyir: "Süni yolla zəlini 2 il saxlamaq, ümumiyyətlə, mümkün deyil. Bu müddət ərzində süni şəraitdə zəlilərin tələf olmaması, normal yaşaması böyük zəhmət tələb edir. Biz zəliləri məhz böyük zəhmət hesabına 1 il 6 ay sağlam yaşada bildik. Nəticənin yaxşı olmayacağını görüb Baş idarəyə müraciət etdik və dedilər ki, bir halda ki, bundan artıq saxlamaq olmur, buraxın təbiətə. Biz belə də etdik. Məqsədimiz təbiət canlısı olan zəlilərə yeni həyat bəxş etmək, onların həyatını xilas etmək idi və buna da nail olduq. Lakin təəssüflər olsun ki, bu qayğıkeşliyimiz bizə baha başa gəldi. Belə ki, müəyyən vaxtdan sonra vətəndaş bəraət aldı və məhz bizdən zəliləri tələb etdi. Uzun mübahisələrdən sonra min beş yüz manat təzminat ödəməli olduq. Mənim üçün çox maraqlıdır ki, vətəndaş bu təzminatı zəlini müsadirə edən Gömrük işçisindən niyə tələb etmir? Bəs 6 ay zəliyə baxan fəhlənin təzminatını kim ödəməlidir? Məhkəmə və hüquq-mühafizə orqanları bilməlidirlər ki, zəlini süni yolla 1 il 6 ay hardasa saxlamaq çox çətin məsələdir. Belə olan təqdirdə burada zəlini süni yolla ölməsin deyə 2 il saxlamaq olarmı?
Bütün bunları nəzərə alaraq düşünürəm ki, vətəndaşa dəymiş maddi ziyanı yalnız Gömrük işçisi ödəməlidir".
Dadaş müəllimin bu tələbinə münasibətin necə olacağı bəlli olmasa da, onun xilas etdiyi təbiət canlılarının taleyi bəllidir. İnsanlardan fərqli olaraq yəqin ki, onların imkanları olsaydı xilaskar bir rəhbərin xoş niyyətini razılıqla qarşılayardılar.

Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 06.03.2025 » Oxundu: 73
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!