«Musiqi mədəniyyətimiz xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Müasir dövrümüzə qədər cilalana-cilalana gəlib çıxan xalq musiqimiz və nisbətən gənc olan professional musiqimiz bu gün bədii-estetik səviyyəmizi formalaşdırır. Musiqimizin saflığını, təmizliyini qorumaq, onun varisliyini təmin etmək hər birimizin vətəndaşlıq borcudur. Lakin bu işdə musiqi məktəblərinin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan musiqinin tədrisi ən vacib məsələlərdən biridir».
Bu sözləri öz söhbətində Lənkəran şəhər C.Cabbarlı adına 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Camal Həsənov söylədi. Camal müəllim uzun illərdir ki, bu musiqi məktəbində çalışır. O, 1960-cı ildə Lənkəran şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Lənkəran Dövlət Humanitar kollecində oxuyub. Daha sonra isə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Universitetinin Pedaqogika və musiqi fakültəsini bitirib.
Camal müəllim 1984-cü ildən Humanitar kolleci bitirəndən sonra təyinatla bu musiqi məktəbinə gəlib. Burada tar müəllimi kimi əmək fəaliyyətinə başlayan Camal müəllim daha sonra şöbə müdiri, dərs hissə müdiri və 2015-ci ildən isə direktor vəzifəsinəcən yüksəlib.
1957-1958 ci illərdən fəaliyyətə başlamış və Cənub zonasında ilk musiqi məktəbi olan bu mədəniyyət ocağında musiqinin demək olar ki, bütün ixtisasları tədris edilir.
Hazırda 439 şagirdin təhsil aldığı məktəbdə 100-ə yaxın müəllim fəaliyyət göstərir. 53 sinif otağı müəllim və şagirdlərin ixtiyarındadır. Son 60 il ərzində məktəbi 4200-dən artıq şagird bitirmişdir. Məzunların 475 nəfəri orta ixtisas məktəbini, 66 nəfəri Musiqi Akademiyasını, 23 nəfər İncəsənət Universitetini bitirmişdir. Bu məzunların əksəriyyəti musiqi məktəblərində müəllim kimi çalışırlar. Məktəbdə Xalq Calğı Alətləri Orkestri, Balabançalanlar ansamblı, Kamançaçalanlar ansamblı, Qarmonçalanlar ansamblı, Xanəndələr ansamblı, Qanunçalanlar ansamblı, Nağara alanlar ansamblı, Cənub qızlar ansamblı, Kvartetlər, Birləşmiş xor, Folklor kollektivi və s. fəaliyyət göstərir. Məktəb bütün lazımı musiqi alətləri ilə tam təmin olunub.
Camal müəllim məktəbin nümunəvi müəllimlərdən olan Samirə Əliyevanın, Əlirza Əsgərovun, İradə Rzayevanın, Gülnar Rəhimovanın, Yeganə Bayramovanın, Təranə xanımın və digərlərinin adını böyük qürur hissi ilə qeyd etdi. Həmçinin qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bakıda keçirilən respublika müsabiqəsində məktəbin fortopiano və muğam sinfinin şagirdləri fəal iştirak ediblər. Laureatlardan Səid Ağayevin, Xatirə, Əkbər və başqalarının adını çəkmək yerinə düşər. Muğam müəllimi İmamverdi Ağayevin şagirdləri xüsusi uğur əldə edir və muğam sahəsində həmişə nümunə göstərirlər.
Məktəbin dərs hissə müdiri Xatirə Əliyeva da məktəb haqqında ətraflı məlumat verərək bildirdi ki, məktəbdə təhsil müddəti həm 5, həm də 7 illikdir. Qəbul yüksək səviyyədə keçirilir və məktəbə 7 yaşdan 13 yaşa qədər olan şagirdlər qəbul olunurlar.
Camal müəllim onu da qeyd etdi ki, məktəbin 60 və 65 illik yubiley tədbirləri təntənə ilə qeyd edilib. Burada həmçinin bütün əlamətdar günlər, milli və dövlət bayramları müəllim və şagirdlərin iştirakı ilə yüksək səviyyədə keçirilir. Məktəbin ən əsas məqsədi isə peşəkar və yüksək ixtisaslı musiqiçilər yetişdirməkdir. Bu yolda məktəbin bütün kollektivinə uğurlar arzulayırıq.

Namiq QASIMOV,
Cənub bölgəsi üzrə müxbir,
Kriteri. AZ.

Daxil olundu: 27.09.2023 » Oxundu: 1066
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!