Zaqatala Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Samir Yusifov 1977-ci ildə Zaqatala rayonunun Faldar kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Bakı Dövlət Universitetinin idarəetmə fakültəsinə qəbul olub. Bakalavr təhsilini başa vurduqdan sonra həmin universitetdə magistatura təhsili alıb. 2003-2012-ci illərdə Faldar İcra nümayəndəsi vəzifəsində çalışıb. 2012-2018-ci illərdə Azərdövlətsığorta şirkətində direktor işləyib. 2019-cu ildə Zaqatala Uşaq-Gənclər İdman Şahmat Məktəbinə direktor təyin edilib.
Məktəbdə hazırda 713 şagird və 48 məşqçi-müəllim vardır. Məktəbdə idmanın şahmat, futbol və vasketbol növləri fəaliyyət göstərir.
Samir müəllim: «Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir. Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı bütün idman növlərini də əhatə edir. Bu isə bütün idman növləri üzrə layiqli idmançıların yetişməsinə şərait yaradır. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər bütün Azərbaycan xalqı kimi məktəbimizin idmançılarını da ruhlandırıb, məşğul olduğu idman sahəsində böyük uğurlar əldə etməyə sövq edib. İndi hər bir idmançı işğaldan azad edilmiş torpaqlarımızın hər qarışında dalğalanan üçrəngli Azərbaycan bayrağını seyr etdikcə qürur hissi keçirir və bu müqəddəs bayrağı dünyanın ən böyük idman arenalarında dalğalandırmağın arzusu ilə yaşayır. Məktəbimizdə onların bu arzusunu gerçəkləşdirmələri üçün hər cürə şərait vardır. Məktəbimiz müasir idman qurğuları ilə tam təchiz olunub. Şagirdlərin seçdikləri idman növünün bütün incəliklərinə bələd olmaları üçün onlarla təcrübəli məşqçi-müəllimlər məşğul olurlar. Hazırda bütün dünyanın bəlasına çevrilmiş pandemiya ilə bağlı bəzi çətinliklər olsa da, məşqlər qaydalara uyğun şəkildə mütəmadi olaraq davam edilir.
Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək: «İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır» deməsi idmançılara verilən ən böyük qiymətdir» – deyir.
Məktəbin nümunəvi məşqçi-müəllimlərindən Xuraman Muradovanın, Gülarə, Əziz, Məhəbbət və digər müəllimlərin adını çəkmək yerinə düşərdi. Samir müəllim onu da bildirdi ki, məktəbin 2 şagirdi Bakının «Sabah» klubunda məşqlərini davam etdirir. Məktəbinin şagirdləri keçən il Oğuzda keçirilən zona yarışında 1-ci yerə layiq görülüblər. Hümbət Süleymanov, Zərifə Muradova və Fatimə Muradova isə 2-ci yeri əldə ediblər. Hazırda məlum xəstəliklə əlaqədar yarışlar onlayn keçirilir. Bu isə idmançıların yaranmış bütün vəziyyətdən uğurla çıxması üçün sanki bir sınaqdır.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 20.05.2021 » Oxundu: 700
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!