
Hər bir məkanın ilkin gözəlliyi onun təmizliyi, səliqə-sahmanı, yaşıllığıdır. Bütün bunlar həm də abadlığın birinci şərtidir. Şəki rayonu da təbiətinin füsunkarlığı, havasının saflığı, dağlarının əzəməti, iqliminin müxtəlifliyi, insanlarının mehribanlığı, süfrəsinin zənginliyi ilə yanaşı, həm də təmizliyi, səliqə-sahmanı, gözəlliyi ilə hər zaman diqqət çəkib. Bu göz oxşayan təmizliyi, ürək açan gül-çiçəyi, nəfəs genəldən yaşıllığı yaradanlar isə Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşlarıdır desək, yəqin ki, səhv etmərik.
Birliyin direktoru İntiqam Əşirov on ilə yaxındır ki, bu vəzifədə çalışır. 1982-ci il təvəllüdlü olan İntiqam müəllim ali təhsilli mütəxəssisdir. 2013-cü ildən bu müəssisəyə rəhbərlik edir. Müəssisənin 130 işçi qüvvəsi vardır. Həmçinin "Dost iş" mərkəzi tərəfindən də buraya 140-150 nəfərə yaxın işçi cəlb olunub. Burada əsasən peşəkar və təcrübəli işçilər çalışır. Belə nümunəvi işçilərdən təmizlik şöbəsinin müdiri Fəxri Rəsulovun, yaşıllaşdırma şöbəsinin müdiri Cavanşir Məmmədovun, Ramiz Mustafayevin, Ramil Əşirovun, Cavid İmamverdiyevin, baş mühasib Etibar İsmayılovun və digərlərinin adını çəkmək yerinə düşərdi. Müəssisənin orta aylıq əmək haqqı 350-450 manat civarındadır.
Müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verən İntiqam müəllim dedi ki, idarə təkcə şəhərin təmizlik işlərini deyil, həmçinin yaşıllaşdırılmasını və işıqlandırılmasını da həyata keçirir. Rayonda tez-tez ağacəkmə aksiyaları keçirilir, müəssisə tərəfindən müxtəlif məkanlara dekorativ və yaşıllıq ağacları əkilir.
İntiqam müəllim öz söhbətində Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun adını xüsusi minnətdarlıqla çəkdi və qeyd etdi ki, icra başçısı qarşıya çıxan çətinliklərin müsbət həll olunması üçün köməyini əsirgəmir və müəssisənin işinə həmişə nəzarət edir.
Müəssisənin müasir avadanlıqlarla təchiz olunması işin keyfiyyətinə müsbət təsir edir. Burada istismar müddəti bitmiş texnikalar olsa da, son illərdə idarəyə verilən yeni texnikalar əl əməyinin yüngülləşməsinə səbəb olur. Bu yaxınlarda isə idarəyə 1 ədəd yersüpürən maşın, 1 ədəd isə güz və çınqılsəpən maşın verilib.
İntiqam müəllim deyir: "İnsan hər hansı sahədə çalışırsa-çalışsın, ilk növbədə öz işinə qarşı məsuliyyət hiss etməlidir. Başa düşməlidir ki, onun gördüyü işin əhəmiyyəti görəcəyi işin keyfiyyətindən çox asılıdır. Bizim əməkdaşlarımız bütün bunları yaxşı bilir və hər biri öz işinə böyük məsuliyyətlə yanaşırlar. Şəkinin təbiəti çox gözəldir. Relyefi əlvanlığı ilə göz oxşayır. Lakin təkcə Tanrının verdiyi gözəlliklərlə kifayətlənmək olmaz. Bu gözəlliyin qədrini bilmək, onu daha da cilalamaq, əl əməyimizlə bir az da artırmaq gərəkdir. Unutmaq olmaz ki, yaşıllıq təkcə gözəllik deyil, həm də sağlamlıq, təmiz hava, həyat üçün vacib amillərdən biri olan oksigen mənbəyidir. Bunun üçün də şəhərimizin yaşıllıqlarını artırmaq həm də insanların sağlamlığına xidmət etmək deməkdir. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, hər hansı ağacı, gül kolunu, dekorativ bitkini torpağa basdırmaq, əkmək işin yalnız başlanğıcıdır. Sonrakı mərhələ əkdiyimiz bitkiyə qulluq etmək, onun böyüməsi, torpağa daha yaxşı kök atması üçün lazımı xidməti göstərməkdir. Bütün bu işlərin öhdəsindən müəssisəmizin əməkdaşları bacarıqla gəlir, şəhərin yaşıllığına, təmizliyinə, səliqə-sahmanına, hətta işıqlandırılmasına xüsusi diqqət yetirirlər. Bu işlərin təməlində isə doğma şəhərimizə, Vətənmizə, torpağımıza olan sevgimiz, məhəbbətimiz dayanır".
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü