Yola saldığımız il hər kəsin taleyinə, ömür yoluna acılı-şirinli xatirələrlə yazıldı. Kimi uğurların bolluğundan sevindi, kimi də arzularının növbəti illərdə gerçəkləşəcəyi inamı ilə ümidindən asılıb qaldı.

Ötən il Tovuz Peşə liseyinin direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Tanırverdi Tanırverdiyevin həyatına uğurlu il kimi yazıldı. Tanırverdi müəllim üçün ilin ən böyük uğuru isə «Ən böyük azərbaycanlı» kitabının nəşridir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 247 səhifədən ibarət olan kitabın redaktoru Prezident təqaüdçüsü, yazıçı-publisist Vaqif İsaoğludur. Kitabda müəllifin müxtəlif mətbu orqanlarında dərc olunan, eləcə də son illər qələmə aldığı məqalələri toplanıb. Kitabın annotasiyasında da deyildiyi kimi, məqalələrin ümumi məzmunu Azərbaycançılıq ideyaları, bu ideyaların təbliği məsələlərindən, ümummilli liderimiz Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi fəaliyyətindən, böyük öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin uğurlarından, ölkəmizin qazandığı nailiyyətlərdən və s. bəhs edilir.

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «İnsan üçün öz xalqına xidmət etməkdən, xalqa xeyir verməkdən, onun hörmət və məhəbbətini qazanmaqdan böyük xoşbəxtlik ola bilməz. Biz hamımız bütün bunları liderimiz Heydər Əliyevdən öyrənməli, ona oxşamağa çalışmalıyıq» sözləri ilə başlayır. Kitabın ön sözü AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərova aiddir. Ön sözdə deyilir: «Görkəmli şəxsiyyətlər haqqında kitab yazmaq nə qədər şərəfli olsa da, bir o qədər məsuliyyətli işdir. Müasir dövlətçiliyimizin banisi, istiqlalımızın böyük öndəri Heydər Əliyev haqqında kitab yazmaq isə daha böyük məsuliyyət tələb edir. Odur ki, tanınmış ziyalı, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Tapırverdi Tanırverdiyevin «Ən böyük azərbaycanlı» kitabı haqqında söz deməyə az da olsa, tərəddüd etdim və kitabın əlyazmasını oxumamışdan öncə ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Heydər Əliyevə müraciətlə dediyi sözləri xatırladım: «Siz nəinki Azərbaycanı və Amerikanı, hətta bütün dünyanı idarə edə bilərsiniz». Kitabın əlyazmasını oxuyub başa vurandan sonra fikrimdən daşındım. Çünki ziyalı kimi böyük nüfuz qazanan, ictimaiyyət arasında söz sahibi kimi tanınan Tanırverdi müəllimin hər bir məqaləsinin oxucuların da ürəyindən xəbər verəcəyinə şübhəm qalmadı».

Kitabda toplanan məqalələrin hər birində gerçək faktlara söykənən bir yanaşma öz əksini tapmışdır. Bu məqalələrin hər biri gərgin və şərəfli əməyin nəticəsində yazılan Böyük öndər haqqında, eləcə də Prezident İlham Əliyev, ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva haqqında, həm də dünya şöhrətli aftolmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında ziyalı sözüdür, ziyalı fikridir, ziyalı düşüncələridir, vətəndaş-alim qələminin məhsuludur.
Müllim bu kitabı qələmə almaqda məqsədini belə açıqlayır: « Heydər Əliyev şəxsiyyəti və onun ömrü siyasi-mənəvi tariximizdə elə uca bir zirvədir ki, bu zirvədən söz açmaqla mən də öz vicdani borcumu yerinə yetirmək istədim. Axı, hər birimiz o zirvənin əsən həyatverici saf havası ilə illər boyu yaşamışıq və ulu öndərimiz haqqında fikir və düşüncələrimizi, ürəyimizdən gələn səsləri qələmə alıb gələcək nəsillərə çatdırmalıyıq».

İnanırıq ki, kitab oxucuların böyük marağına səbəb olacaq və burada toplanan məqalələri hər kəs sevə-sevə oxuyacaqdır.

Gülağa Cəfərov, Keçmiş SSRİ və Azərbaycan jurnalistlər birliyinin üzvü

Daxil olundu: 08.01.2020 » Oxundu: 1968
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!