"Son illərdə respublikamızın digər bölgələrində olduğu kimi Qəbələ rayonunda da yollar əsaslı şəkildə təmir olunur. Şəhərdaxili yollarla yanaşı, kənddaxili və kəndlərarası yollarda da təmir-tikinti işləri aparılır.
Unutmaq olmaz ki, hər bir xalıqın mədəniyyəti yoldan başlayır. Yol eyni zamanda iqtisadiyyat və həyat deməkdir. Yolların rahatlığı insanda xoş əhval-ruhiyyə yaran amillərdən biridir. Bu mənada yol mədəniyyətdir, inkişafdır, insanların rahatlığıdır. Odur ki, ölkəmizdə yol infrastrukturu daim diqqətdə saxlanılır. Nəinki şəhər və rayon mərkəzlərində, hətta ən ucqar kəndlərdə də yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır. Bütün bunlar əhalinin gediş-gəlişinin rahatlığına, yük və sərnişin daşımasının asanlaşmasına göstərilən xidmətdir. Bu isə sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə yanaşı, həmçinin kənd təsərrüfatının inkişafında da əsaslı rol oynayır. Bolluq isə insanların firavan yaşamasının ən əsas göstəricisidir desəm, yəqin ki, yanılmaram" – söyləyir Qəbələ rayon 10 saylı Yol İstismarı MMC-nin baş mühəndisi Azər Mehralıyev.
Azər müəllim hələ çox gəncdir. Lakin o, ömrünün ən qaynar çağını əməyə, səmərəli fəaliyyətə sərf etməyin daha doğru olduğunu gözəl anlayır. Çünki yaxşı bilir ki, gənclikdə öyrənilən elm, qazanılan təcrübə daha mükəmməl, daha faydalıdır. Gələcək məhz möhkəm təməl üstündə qurulanda etibarlı olur. Bu mənada Azər müəllimin gələcəyinin daha ümidverici, daha parlaq olacağına güvənimiz böyükdür.
O, 1996-cı ilin 17 noyabrında Qəbələ rayonunun Mirzəbəyli kəndində dünyaya göz açıb. Orta təhsilini doğma kəndində aldıqdan sonra Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə qəbul olub. 2019-cu ildə universiteti nəqliyyat və tikinti mühəndisliyi ixtisası üzrə bitirib. Ali təhsilli mütəxəssis olsa da, elə həmin ildən 10 saylı Yol İstismarı MMC-də fəhləlik etməyə başlayıb. Bir müddətdən sonra isə burada çilingər işləyib. Artıq pillə-pillə ucalmağa başlayan gənc mütəxəssis daha sonra mühəndis vəzifəsini icra etməyə başlayıb. 2022-ci ildən isə müəssisənin baş mühəndisidir.
Azər müəllim məlumat üçün bildirdi ki, 10 saylı Yol İstismarı İdarəsi 324 km. yola xidmət edir. Bu yolların 240 kilometri yerli əhəmiyyətli, 84 kilometri isə respublika əhəmiyyətli yollardır. Müəssisə bütün lazımı texnika və avadanlıqlarla təchiz olunub.
İdarənin rəisi Naməddin Qədirov Qəbələ yollarının yaxşı olması üçün bütün tədbirləri görür. Asfalt zavodunun müdiri Yavər Salahovun idarəyə lazım olan keyfiyyətli asfaltı vaxtında verə bilməsi də işlərin gedişinə öz müsbət təsirini göstərir.
Müəssisədə hazırda 106 işçi qüvvəsi çalışır. Burada çalışan nümuənvi işçilərdən baş mexanik Yaşar Abbasovun, dispetçer Əflatun Şirinovun, kadr mütəxəssisi Xəzangül Məmmədovanın, təhlükəsizlik mütəxəssisi Kəmalə Həbibovanın, sürücü Səfa Mütəllimovun, fəhlələrdən Şahmar, Mürvət və başqalarının adını çəkmək yerinə düşərdi.
Rayonun Savalan bəyli Quşlar, Mirzəbəyli, İmamlı, Kürdqaş və digər kənd yolları çınqıl örtüklü yollardandır. Son günlərdə müəssisənin xidmət etdiyi 72 kilometrlik yerli əhəmiyyətli yol asfaltlaşdırılıb, qalan hissələrin də asfaltlaşdırılması 2026-2029-cu illər üçün nəzərdə tutulub.
Müəssisədə çalışan hər kəsin məqsədi rayonda istifadədə olan bütün yoların rahat və hamar olması, rayon əhalisinin gediş-gəlişinin daha da asanlaşdırılmasıdır. Bunun üçün isə burada hər kəs öz işinin öhdəsindən bacarıqla gəlməyə çalışır və gördüyü işin məsuliyyətini gözəl anlayır.

Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 14.04.2025 » Oxundu: 25
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!