Beyləqan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru 1983-cü ildən SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi idman işçisi Misir Xudaverdiyevdir. O, 1962-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. 1984-cü ildə Azərbaycan Bədən Tərbiyəsi Akademiyasını güləş ixtisası üzrə bitirib. Elə həmin il də təyinatla Beyləqan UGİM-ə göndərilərək burada məşqçi-müəllim işləyib. 2004-cü ildə məktəbə direktor təyin edilib.
Məktəbdə hazırda 425 yeniyetmə idmançı sevib-seçdikləri idman növü ilə məşğul olur. Məktəbdə 30 məşqçi-müəllim çalışır. Onlardan 5 nəfəri – Novhəl Hüseynov, Kamil Fərzəliyev, Vəli Sarıyev, Vilayət Quliyev və məktəbin direktoru Misir Xudaverdiyev əməkdar məşqçi-müəllimlərdir. Məktəbin baş metodisti isə Etibar Tağıyevdir. O, Azərbaycanın fəxri bədən tərbiyəsi idman işçisidir.
Buradakı məşqlər yunan-roma güləşi, stolüstü tennis, futbol, şahmat və digər idman növləri üzrə aparılır. Məktəbin şəhərdə 2, Dünyamalılar kəndində isə 1 idman zalı vardır.
Məktəbin idman şərəfini ucaldan yetirmələri arasında Eldəniz Əzizlinin adını çəkmək yerinə düşərdi. Hazırda onun 22 yaşı var. Azərbaycan yığmasında iştirak edir və 6 qat Avropa çempionu, 4 qat dünya çempionu, Spartakiadanın qalibidir. Yeniyetmə yaşında kişilər arasında Avropada 2-ci yerə layiq görülüb.
Toğrul Yunuslu qran-pri qalibidir. O, 2 dəfə yunan-roma güləşində Avropa və dünyada 5-ci yerə layiq görülüb. Naxçıvanda Heydər Əliyevin adına keçirilən qran-pri yarışında 1-ci yerə layiq görülüb. Toğrul Yunuslu hazırda məktəbdə məşqçi-müəllim işləyir.
Nicat Abdullayev Avropa və dünya 2-cisidir. İsrafilli Bəxtiyar da dəfələrlə Avropa və dünya çempionu olub. Hər ikisi hazırda məşqçi-müəllimdirlər.
Gənc nəsil idmançılarımızdan olan Coşqun Xudaverdiyev, Zöhrab Sarıyev və başqaları da məktəbin titullu idmançılarındandır.
Misir müəllim söhbətində vurğuladı ki, Vergilər Nazirliyi tərəfindən məktəbə 15 min avro dəyərində güləş döşəyi verilib. Həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən də güləş döşəyi verilib.
Beyləqan UGİM-nin futbol komandası respublikada 160 komanda arasında 16-lığa layiq görülüb. Məktəb futbol yarışlarında 5 komanda ilə həmişə iştirak edir. Bu da, əlbəttə, yüksək nəticə deməkdir.
Misir müəllim məlumat üçün bildirdi ki, rayonda Olimpiya İdman kompleksinin təməli qoyulub. Bu da rayonda gələcəkdə idmançıların sayının daha da artacağına zəmanət deməkdir.
Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
