Nizami Gəncəvinin yaradıcılığında bilinqvizm

Əzizağa Nəcəfzadə

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun

elmi katibi

Nizami əsərlərindən, xüsusən də “İskəndərnamə” poemasından aydın olur ki, şair əcnəbi və bir sıra ölü dilləri bilmiş, o dillərdə yazılan əsərləri oxumuşdur. “Şərəfnamə”nin “Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi” adlı hissəsində belə yazılır:

زیادت ز تاریخهای نوی

یهودی ونصرانی وپهلوی

گزیدم زهرنامه نغز او

ز هر پوست پرداختم مغز او

زبان در زبان گنج پرداختم

از ان جمله سر جمله ساختم

در ان پرده کز راستی یافتم

سخنرا سر زلف برتافتم

Yeni tarixlərdən ziyadə

Yəhudi, Nəsrani və Pəhləvi tarixini aradım.

Hər bir kitabdan qiymətlisini seçdim,

Hər qabıqdan onun məğzini aldım.

Hər dildə olan xəzinələri topladım,

Onların hamısından bu dastanı yazdım.

Bu dillərdən agah olanların

Dili tənədən azad olacaq (1, 59).

Çox dil bilən, həmin dillərin leksik tərkibi və qrammatik quruluşu ilə yaxşı tanış olan, müxtəlif dillərdə danışmaq qabiliyyəti olan insanlar çoxdilli – poliqlot adlanır. Müxtəlif dilləri bilmək, müxtəlif dillərdə yazılan abidələri oxumaq yüxsək intellekt və mədəniyyətin göstəricisidir. Nizaminin elmi tərcümeyi halına nəzər saldıqda, onun yaşadığı mühiti düşündükdə və əsərlərinin dilinə nəzər yetirdikdə XII əsr Azərbaycan intibahının əsas mərkəzlərindən biri Gəncədə yaşayan və yüksək təhsil görən Nizaminin də bir çox ziyalı müasirləri kimi poliqlot olduğunu rahat düşünmək olar. Lakin şair özünü yaradıcılığnda bir bilinqv, yəni ikidilli kimi biruzə verir.

Belə ki, Nizami ilkin orta əsrlər müsəlman Şərqinə məxsus əsl ziyalı kimi dini və bəşəri elmlərə vaqif olmaq üçün öz ana dilindən savayı, Quranın dili olan ərəbcəni və dövrün mədəni ünsiyyət dili olan farscanı da bilmək məcburiyyətində idi.

Akademik Həmid Araslının təbirincə desək: “Vaxtı ilə ərəbcə yazıb-yaradan Şərq şairləri X əsrdən başlayaraq fars dilindən bədii dil kimi çox istifadə edirdilər. Dini və elmi əsərlər daha çox ərəbcə yazılırdı. Danışıq dili isə ana dili (Azərbaycan dili – Ə. N.) idi” (2, 84).

Müşahidə onu da göstərir ki, şairin əsərləri təmiz fars-dəri dilində səhvsiz yazılıb. Halbuki şairin doğma yurdunun, yəni yaşadığı ərazinin, ən dar mənada düşünsək o zamankı Gəncənin əhalisi türkdillidir. Məhz buna görədir ki, dahi şairin Arranın (qədim Albaniya – müasir Azərbaycan) paytaxtı Gəncədə anadan olduğunu qeyd edən İ. N. Kazarinova onun doğma dilindən danışarkən səhvən: “Öz doğma fars dilindən savayı, Nizami ərəb dilini də kamil bilirdi”, – fikrini yazır.  (3, 10).

“Nizami Gəncəvi” oçerkinin müəllifi Rüstəm Əliyev şairin yaşadığı dövrdə Azərbaycan, Orta Asiya, İran və Kiçik Asiya ərazisində yaşayan türk xalqlarının əsas ünsiyyət vasitəsinin, gündəlik istifadə etdikləri danışıq dilinin məhz türk dili olduğunu qeyd edərək Nizaminin də məişətdə və öz ailəsində bu dildə danışdığını əminliklə qeyd edir: “Şairin xatirələrindən aydın olur ki, Afaq təhsil görməsə də, fars, ərəb dillərini bilməsə də, … Nizamiyə nəql etdiyi əfsanə və nəğmələr sonralar şairin poemalarında öz bədii inikasını bütün əzəməti ilə büruzə verir. Afaq və Nizami bir-birilə ümumtürk dilinin yaxın dialektində danışır və söhbət edirdilər. Nizami türk qəbilələri içərisində sayca ən çox və əzəmətli olan oğuz, Afaq isə qıpçaq tayfasından idi (4, 18).

Deməli, Nizami ən azından iki dildə – türkcə və farsca sərbəst danışırmış. Lakin Nizami bir çox bilinqvlərdən fərqli olaraq, qazandığı dili – fars dilini yox, öz milli dilini daha doğma dil hesab etmişdir. Nizami öz doğma dilinə məhəbbətlə yanaşan şair olmuş, lakin əcnəbi dildə yazmaq məcburiyyətində qalmış, farscanı bu dildə bədii əsər yaza biləcək səviyyədə mükəmməl mənimsəmişdir. Nizaminin doğma ana dilinə gəldikdə isə bu dilin türkcə (Azərbaycan dili) olduğunu alimlər şairin öz əsərlərinə istinadən artıq sübut ediblər.

“Leyli və Məcnun” poemasının əvvəlində Şirvanşah Axsitanın (1164-1196) məktubu və Nizaminin həmin məktuba münasibəti yuxarıdakı qənaətə gəlməyimizə real imkan verir. Poemanın “Kitabın yazılma səbəbi” adlı hissəsində Axsitanın məktubu belə təsvir olunur:

کای محرم حلقه غلامی

جادو سخن جهان نظامی

از چاشنی دم سحر خیز

سحری دگر از سخن بر انگیز

…خواهم که بیاد عشق مجنون

رانی سخنی چو در مکنون

…در زیور پارسی و تازی

این تازه عروسرا طرازی

…ترکی صفتی وفای ما نیست

ترکانه سخن سزای ما نیست

آن کز نسب بلند زاید

اورا سخن بلند باید

Ey qulluq halqasına məhrəm

Dünyanın sehrkar şairi Nizami!

Səhərin şirin yuxusundan qalx!

Sözlə başqa sehr yarat!

… İstəyirəm ki, Məcnun eşqi xatirinə,

Sədəfdən inci kimi bir söz deyəsən.

…  Fars və ərəb dili bəzəyi ilə

Bu təzə gəlini bəzəyəsən!

… Türkcəlik bizə vəfalı olmağın sifəti (əlaməti) deyil,

Türkəvvara deyilmiş söz bizə layiq deyil.

O adam ki, yüksək nəsildən doğulmuşdur,

Ona yüksək söz lazımdır (5, 35).

Şair şahın məktubuna obrazlı şəkildə belə cavab verir:

چون حلقه شاه یافت گوشم

از دل بدماغ رفت هوشم

نه زهره که سر زخط بتابم

نه دیده گه ره بگنج یابم

سر گشته شدم دران خجالت

از سستی عمرو ضعف حالت

Elə ki şahın halqası qulağıma keçirildi

Huşum ürəkdən beynimə vurdu.

Nə həddim var idi ki, əmrdən boyun qaçıram?

Nə gözüm görürdü ki, xəzinəyə yol tapam.

Ömrümün süstlüyü, halımın zəifliyindən

Başımı itirib nə edəcəyimi bilmədim (5, 35-36).

Məlumdur ki, ikidillilik təkcə dilçilik hadisəsi deyil, bu proses həm də müəyyən tarixi şəraitdə meydana çıxan sosioloji məsələdir. Nizami dövründə Gəncədə ikidilliliyin mövcudluğuna səbəb birgəyaşayışdan daha çox, işğallar, müxtəlif etnosların hakimiyyəti ələ alması və bu qəbildən olan bir sıra digər ekzogen faktorlardır.

Böyük ideoloq, Nizaminin ilk tədqiqatçılarından olan Məmməd Əmin Rəsulzadə “Azərbaycan şairi Nizami” adlı monoqrafiyasında “Türk hakimiyyəti altında fars ədəbiyyatı” başlığı ilə bu çoxdilliliyin səbəbini araşdırırkən yazır: “… Miladi X əsrlə XIII əsr arasında islam Şərqi üçün fars dili ümumi bir dövlət və ədəbiyyat dili olmuşdur. İranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu tələbinə xüsusən türk ziyalıları uymuşlar. Bununla da onlardan qalan əsərlər, təbiidir ki, yazdıqları dilə görə İran və fars xəzinəsinin malı olmuşdur. …Bu ədəbiyyat İranın olduğu kimi, Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır” (6, 15).

Türk tədqiqatçısı Neymət Yıldırım “İran mitologiyası” adlı kitabında faktlara əsaslanıb X əsrin sonlarından başlayaraq bütün İranın türklərin hegemonluğu altına girdiyini yazır və türk hökmdarlarının İran ərazisində yaranan farsdilli ədəbiyyatı öz möhtəşəmliklərini təbliğ etmək vasitəsi olaraq gördüklərini belə təsvir edir: “İranın idarə olunması Türklərin əlinə keçdikdən sonra türk hökmdarları və hakimləri öz ehtişam və böyüklüklərini ətrafa duyurmaq üçün ən uğurlu vasitədən istifadə etdilər: şairləri fəth və qəhrəmanlıqlarını vəsf edən qəsidələr və məsnəvilər yazmağa təşviq etməyə başladılar. Bundan çox yaxşı bəhrələnərək mükəmməl nəticələr əldə etdilər. Bu önəmli vasitəni ilk və ən təsirli şəkildə istifadə edən Qəznəli Mahmud oldu”(7, 339). Türk hakimlərinin zövqünü oxşamağa çalışan farsdilli, əksər hallarda elə fars əsilli şairlər yeni tipli bənzətmələrə, yeni bədii yaradıcılıq təcrübələrinə imza atırdılar. Bunun nəticəsində mədəniyyətlərin və dillərin fərqli müstəvidə ünsiyyəti meydana gəlirdi. Bu ənənə sonralar da davam etdirildi. Artıq farsca yazmaq ənənəsi türk hökmdarlarının saraylarında bir növ sənət etalonuna çevrilmişdi. Həm türk, həm də fars əsilli şairlər fars dilində yazırdı.

Əbülfəz Rəcəbov “Dil, şüur, cəmiyyət, tarix” kitabında dillərin kontaktı haqqında danışarkən yazır: “Dillərin kontaktının nəticələri təmasda olan xalqların mədəni və sosial inkişafından, iqtisadi inkişafının səviyyəsindən, sayından, siyasi hakimiyyətin kimin əlində olmasından və s. asılıdır” (8, 133).

Nizami dövrünə və mühitinə nəzər saldıqda Azərbaycan ərazisində hakimiyyətin daha çox türkdilli xalqlara məxsus olduğunu görürük. Belə ki, Nizamiyə qədər Gəncənin də daxil olduğu Şəddadilər dövlətinin başında farsmənşəli (Ziya Bünyadova görə, kürd əsilli – bax: 9, 282) sülalə dururdusa, artıq 1088-ci ildə Səlcuqilərin Şəddadilər dövlətinə son qoyması ilə türkdilli tayfa hakimiyyəti əlinə aldı və bununla da türk tayfalarının Azərbaycana yeni axını başladı. XII əsrin 30-cu illərində Azərbaycanda Atabəylər dövləti meydana gəldi ki, Məhəmməd Cahan Pəhləvan, xüsusilə də Qızıl Arslanın hakimiyyəti illərində incəsənətdə, xüsusilə də ədəbiyyatda bir yüksəliş hiss olundu.  Şairin əsərlərini ithaf etdiyi hökmdarların milli mənsubiyyətindən də görürürük ki, Nizaminin şəxsi rəğbəti də, siyasi nüfuz da türk əsilli sülalələrə məxsus idi. Məmməd Əmin Rəsulzadə bu xüsusda yazır: “Beləliklə, türk hakimiyyəti altında yeni fars dili doğulur, fars mədəniyyəti və ədəbiyyatı canlanır. Türk sarayları da yeni doğulmuş bu “uşağa” dayəlik edirdilər” (6, 19).

Deməli, XII əsrdə indiki şimali Azərbaycanda daha çox məhəlli ikidillilik müşahidə olunurdu. Çünki məhəlli ikidillilik inzibati-dövlət, yaxud coğrafi prinsip üzrə hüdudlanan müəyyən bir ərazidə iki və daha çox dilin mövcudluğu zamanı özünü göstərir. Bu zaman konkret şəxsin bilinqv olması üçün dillərin kəsişməsi vacib deyil. Hər şeydən əvvəl ziyalılar öz milli dilləri ilə yanaşı, hakim təbəqənin və ya elitanın işlətdiyi dili mənimsəməli olur. Bunun təzahürüdür ki, Nizami əsərlərində Azərbaycan zərbül-məsəllərini, dilimizə məxsus ideomatik ifadələri farscaya kalka olunmuş şəkildə görür, rahat dilimizə çevirə bilirik. Şairin farsdilli tədqiqatçıları isə həmin beytləri şərh etməkdə müəyyən çətinlik çəkirlər.

“Farsdilli Türk şairlərinin əsərlərində kalka yolu ilə tərcümə ənənəsi” adlı məqalənin müəllifi Rizai Mirəinin Nizami yaradıcılığında bu təfəkkür hadisəsinin səbəbini belə izah edir və klassik farsdilli türk ədəbiyyatında kalkanın üsullarını aşağıdakı kimi müəyyən etməyə çalışır: “Ola bilsin ki, ana dilini və ana yurdunu sevən Nizami kimi şair bilərəkdən belə məfhumlara (məfhumun adının hərfi tərcümə yolu ilə tərcüməsi – Ə. N.) əsərlərində çox yer vermiş olsun.

Kalka yolu ilə tərcümə zamanı ya ideomun məfhumu (anlamı) türk dillərinin qrammatik quruluşu qorunaraq birbaşa, ya da ancaq məfhum farscaya tərcümə edilir və quruluş farscanın qrammatikası ilə uyğunlaşdırılır” (10, 167).

Dilçilik nəzəriyyəsinə əsasən, ikidillilik iki şəraitdə: kontaktlı, yəni hər iki dili daşıyanların birgə yaşayışı zəminində və kontaktsız, yəni ikinci dili xüsusi öyrənmə yolu ilə mümkün olur (Yeri gəlmişkən, çoxdillilik baxımından nəzəri biliklər üçün Əbülfəz Rəcəbovun “Dil, şüur, cəmiyyət, tarix” kitabına əsaslanmışıq.).

Nizami dövründə şairin və bir çox saraya yaxın insanların ikidilliliyinin əsas səbəbi Azərbaycan ərazisində mövcud feodal dövlətlərinin mənşəcə müxtəlif etnoslara məxsus hakim təbəqə tərəfindən idarə olunması, həmçinin bu dövlət nümayəndələrinin ümumi danışıq və mədəni ünsiyyət dili kimi farscadan istifadəsi idi. Deməli, Nizaminin yaşadığı mühitdə kontaktlı bilinqvizm mövcud olsa da, şairin və digər müasiri olduğu həmvətənlərinin bədii irsi kontaktsız ikidilliliyin onu üstələdiyi fikrini söyləməyə imkan verir.

Nizami dövründə mövcud olan dil mühitinə rəğmən Azərbaycan ərazisində türk dili sadə xalq arasında aktiv işlənir, xalq yaradıcılığı da bütün bu təsirlərə sinə gərərək doğma türk dilində inkişaf edirdi. Əbəs deyil ki, şairin irsinin usanmaz tədqiqatçısı akademik Həmid Araslı onun 800 illik yubileyi ərəfəsində yazdığı “Nizamidə xalq sözləri, xalq ifadə və zərbül-məsəlləri” adlı məqaləsində ədibin əsərlərinin dili haqqında yazır: “Nizami, əsərlərini fars dilində yazmasına baxmayaraq, həmişə bir azərbaycanlı kimi düşünmüş, öz obrazlı ifadələrini həmişə xalqdan, canlı xalq dilindən almışdır. Təsadüfi deyil ki, farslar Nizami və Xaqani şeirlərindən danışarkən “buyi-türk miayəd”, yəni türk qoxusu gəlir deyirlər”  (2, 139).

Tədqiqatçı Nizaminin farsca əsərlərində “xatun”, “ozan”, “xan”, “xaqan”, “səncəq”, “muncuq”, “qlavuz” və s. kimi türk sözlərinin orijinalda olduğu kimi, -taş, -laq, -lıq4 və s. milli mənşəli leksik morfemlərin fars mənşəli sözlərlə “divlax” kimi, türk dilində olmayan “xacətaş” birləşməsişəklindəişlənməsini, bəzi türk sözlərinin fars dilinin izafət tərkibləri içində tərəf olaraq “alaçuqi-türkmani”, “bərgi-tutmac” kimi, gözə gəlmək,göz dəymək ifadələrinin isə “çeşmrəsidəki”, “çeşmzədə” şəklində kalka olunaraq əksini tapdığını göstərir. Müqayisə üçün onu da qeyd edək ki, sonuncu idematik ifadələr  farscada “çeşm zəxm xordən”, yəni göz yarası almaq kimi işlənir.

Alim bundan əlavə, xalq dilindəki zərbül-məsəllərin – bəzi ideomatik ifadələrin hərfi tərcümə olunduğunu da göstərir, məsələn bugünkü nitqimizdə aktiv istifadə etdiyimiz:

“Əyri oturaq, düz danışaq”, – ifadəsinin Şirinin dili ilə söylənilən:

بیاتاکجنشینیمراستگوییم

چهخاریهاکزونامدبروییم

Biya ta kəc neşinim, rast quyəm,

Çe xariha kəzu naməd bəruyəm,- beytində,

“İsinmədim istisinə, kor oldum tüstüsünə”, – xalq məsəlinin isə:

نگشتم ز آتشت گرم ای دل افروز

به دودت کور میگردم شب وروز

Nəgəştəm ze atəşət gərm ey diləfruz,

Bedudət kur migərdəm şəbü ruz, – beytində tərcümə edilərək işləndiyini görürük. Bu nümunələrin sayını artırmaq da olar (Bax: 2, 139-156).

Bəlkə də, elə məhz buna görə Nizaminin “Xəmsə”sinin elmi-tənqidi mətnini İranda çapa hazırlayıb nəşr etdirən Bəhruz Sərvətian “Sirlər xəzinəsi”nə yazdığı ön sözdə deyirdi: “Nizaminin klassik şeir üslubu yeni idi və katiblər, kitabın üzünü köçürənlər üçün anlaşılan deyildi. Onlar çox zaman sözün və ya ifadənin mənasını başa düşməyərək onlara tanış olan sözləri yazırdılar, beləliklə də mənaya xələl gətirir, sapınırdılar”  (Bax: 11, 40).

Maraq üçün onu da qeyd edək ki, Bəhruz Sərvətian özünün “Sirlər xəzinəsi”nə yazdığı dibaçədə Nizamini “odlar yurdu xəzinəsinin qoruqçusu, gecə oğrusundan türk ruhunu alan” epitetləri ilə tərənnüm edir.

Nizami yaradıcılığında türkü və türkçülüyü maddi və mənəvi yüksəlişin simvolu hesab edən Cahan Ağamirov “Nizami Gəncəvi yaradıcılığında işlədilən türk sözləri və Azərbaycan zərb-məsəlləri” adlı monoqrafik tədqiqat işində Nizami “Xəmsə”sindən şairdən təqribən bir əsr əvvəl qələmə alınan Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində də yer alan atalar sözlərinin fars dilinə tərcüməsinə aid nümunələr gətirir və haqda yazır: “Bu cür misalları onun “Xəmsə”si boyu çox göstərmək olar. Ancaq şairin yerli-yerində bunlardan istifadə etməsi Nizamiyə qədər və hətta Nizamidən sonra yazıb-yaradan fars ədəbiyyatında yoxdur” (12, 21).

Əgər Nizamidən sonra yaranan farsdilli ədəbiyyatın Sədi, Hafiz kimi dünya şöhrətli şairlərinin əsərlərində türk sözlərinə rast gəlinirsə də, bu daha çox ənənənin davamı kimi görünür. Dahi şairin yaradıcılığında işlənən 118 türkcə sözün lüğətini tərtib edən Cahan Ağamirov Nizami və fars əsilli xələflərinin yaradıcılığını dil materialı baxımından müqayisə edərkən maraqlı statistik qənaətə gəlir: “… Hafiz, Xəyyam, sədi kimi dünya şöhrətli sənətkarların leksikasında türk sözləri və türkçülük motivləri Nizami yaradıcılığının heç 10 faizini təşkil etmir” (12, 23).

Deyilənləri yekunlaşdıraraq onu söyləyə bilərik ki, poliqlot, mənşəcə türk əsilli olan, əsərlərini farsca yazan Nizaminin  yaradıcılığında unikal bilinqvizm müşahidə olunur və bu hadisə təkcə intibah dahisi Nizami üçün deyil, onun bir çox sələf və xələfləri üçün də xarakterikdir.

Azərbaycanın çox mürəkkəb və keşməkeşli tarixi var. Taleyinə işğallar, əsarətlər düşən Azərbaycan ərazisi münbit, iqtisadi cəhətdən əlverişlidir. Müxtəlif xalqların qonşu olduğu Cənubi Qafqazda bir mədəniyyət beşiyi kimi inkişaf edən vətənimiz sonradan bir çox etnosların cəmləşdiyi, bir-birinə təsir göstərib assimilyasiya və dissimilyasiyaya uğratdığı regiondur. Bu ərazidə bilinqvizm və çoxdilliliyin müxtəlif tipləri tarixən də, indi də müşahidə olunmaqdadır. Bununla belə, milli dilçiliyimizdə dillərin qarşılıqlı təsiti, kontaktı və onların bir növ törəməsi kimi meydana çıxan bilinqvizm hələ də çox az tədqiq olunmuş sahə olaraq qalır.

Dilçilər ikidilliliyin fərdi və kütləvi, təmiz və qarışıq, birtərəfli və ikitərəfli, kontaktlı və kontaktsız kimi tiplərini müəyyən edir. Lakin yazarların ədəbi irsində müşahidə olunan ikidillilikdən isə ya çox az danışır, ya da heç danışmırlar.

X-XIII əsrlər boyu Azərbaycanda təzahür edən yazılı bədii təxəyyül toplusu olan saray ədəbiyyatımız isə həm konkret fərdlərin yaradıcılığında, həm də xarakterik yaradıcılıq tendesiyası kimi bütöv bir regionda özünü göstərən unikal ikidillilik bazasıdır. Bu isə xüsusi tədqiqata cəlb olunası məsələdir. Vətəndən kənarda yaşamış məvali şairlərdən Musa Şəhavat, İsmayıl ibn Yəsar kimilərin sarayda ərəbcə, Xaqaninin öz vətənində, lakin farscanın ünsiyyət dili olduğu sarayda, Nizaminin isə xalq arasında, saraydan kənarda, lakin saray elitasının zövqünü oxşamaq naminəfarsca yaratmaları kimi faktlar ikidilliliyin yazılı ədəbiyyatımızda çoxçalarlılığını göstərir və bilinqvizm daxilində yeni təsnifatlar aparılmasını və bu ictimai hadisənin bir milli faktor kimi tədqiqata cəlb olunmasını vacib edir.

İstifadə olunmuş ədəbiyyat:

  1. Nizami Gəncəvi. İskəndərnamə, (Şərəfnamə), Filoloji tərcümə Qəzənfər Əliyevindir, Bakı, Elm, 1983, 404 səh.
  2. Araslı Həmid. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri (seçilmiş əsərləri), Bakı, Gənclik, 1998, 731 səh.
  3. Низами Гянджеви, Лирика (Серия «Литературное наследие Востока», Москва, Санкт-Петербург, Диля, 2001, 352 с.
  4. Nizami Gəncəvi – qısa məlumat kitabı, tərtib edən Cahangir Qəhrəmanov,”Nizami Gəncəvi” oçerkinin müəllifi Rüstəm Əliyevdir, Bakı, Elm, 1979, 95 səh.
  5. Nizami Gəncəvi. Leyli və Məcnun, Filoloji tərcümə Mübariz Əlizadənindir, Bakı, Elm, 1981, 289 səh.
  6. Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami, Bakı, Azərnəşr, 1991, 232 səh.
  7. Yıldırım Nimet. İran mitolojisi, İkinci basım, İstanbul, Pinhan Yayıncılık, 2015, 688 sah.
  8. Rəcəbov Əbülfəz. Dil, şüur, cəmiyyət, tarix, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 160 səh.
  9. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək), I cild, redaktorlar: Bünyadov Z. M. və Yusifov Y. B. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, 680 səh.
  10. Rizai Mirəinin. Farsdilli Türk şairlərinin əsərlərində kalka yolu ilə tərcümə ənənəsi, Filologiya məsələləri, N06, Bakı, Elm və təhsil, 2012, 629 səh.
  11. Бабаева Гюльчин. Низами Гянджеви в иранском литературоведении, Баку, Элм, 2012, 144 с.
  12. Ağamirov Cahan. Nizami Gəncəvinin yaradıcılığında işlədilən türk sözləri və Azərbaycan zərb-məsəlləri, Gəncə, Audit palatası, 2005, 65 səh.