Qəbul imtahanında 31904 abituriyentin iştirakı nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 26-da 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılacaq. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb olunacaq.

Məlumat üçün bildirək ki, imtahanda 31904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14993 abituriyent II qrup üzrə, 16911 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 29370 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 13641, III qrup üzrə 15729 nəfər), 2534 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1352, III qrup üzrə 1182 nəfər) məzunudur. Abituriyentlərin 13849 nəfəri oğlanlar (II qrup üzrə 9419 nəfər, III qrup üzrə 4430 nəfər), 18055 nəfəri isə qızlardır (II qrup üzrə 5574 nəfər, III qrup üzrə 12481 nəfər). 24666 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5865 nəfər əvvəlki illərin məzunlarıdır. 98 nəfər ali təhsil müəssisələrinin, 1275 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir.

Bakı şəhərində 14262, Naxçıvanda 1615, Gəncədə 3211, Sumqayıtda 1587, Mingəçevirdə 1309, Şəkidə 1788, Bərdədə 1827, Göyçayda 1310, Şirvanda 1853, Lənkəranda 1947, Xaçmazda isə 1195 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçmişdir.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 18-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi”, 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidir.

Kriteri.az